Siyasət

Prezident İlham Əliyev: Biz yeni bir reallıq yaratmışıq, indi hər kəs bu reallıqla hesablaşmalıdır

26 Oktyabr 2020 14:53
Baxış: 898

Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə Konvensiyalarına ziddir. Bir söz deyən var onlara ki, sən niyə qanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən. Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən gətir. Bu torpaqları erməniləşdir. Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində bildirib.

Minsk qrupunun fəaliyyətini tənqid edən dövlətimizin başçısı deyib: "Elə bil ki, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıb, siz də reallıqlarla hesablaşmalısınız. Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Azərbaycana hər tərəfdən nə qədər böyük təzyiq göstərirlər. Əl-ayağa düşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il belə süründürə-süründürə bu məsələni elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı deyilmi?".

Prezident qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz yeni reallıq yaratmışıq, hesablaşın. Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu. Deməli bunların bütün fəaliyyəti indi Ermənistanı - təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutanı xilas etməkdir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.