Siyasət

Paşinyan ölümlə təhdid edilir - Qorxudan həyat yoldaşını qabağa verdi

22 Oktyabr 2020 12:46
Baxış: 26 937

Sentyabrın 27-dən ermənilərin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən başlayan əks hücum nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsindən sonra qorxuya düşən Nikol Paşinyanın zəng edib, yalvarmadığı dövlət başçısı, beynəlxalq təşkilat qalmadı. İşğal altında olan bir sıra şəhər və kəndlərimizin qısa zamanda bir xeyli hissəsinin işğaldan azad edilməsi isə erməni baş naziri daha da dalana dirədi. Rəsmi İrəvanın uzun xahiş-minnətindən sonra Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da münaqişə tərəfləri arasında humanitar atəşkəs elan edilməsinə baxmayaraq, bu razılıq 12 saat çəkdi. Paşinyan I Qarabağ savaşında olduğu kimi mülki əhalini qorxutmaq məqsədi ilə yaşayış məntəqələrimizi hədəf seçərək günahsız mülki insanları, uşaq-böyük demədən, qətlə yetirmək əmri verdi. Atdıqları hər ballistik raketlər isə Azərbaycan xalqının düşmənə olan nifrətini daha da artırdı, qisas hissini bir az da alovlandırdı. Prezident İlham Əliyevin xalqa müraciətində bildirdiyi kimi, hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır: "Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq". 

Ermənistanın müdafiə naziri David Tonoyanın mətbuat katibi Arsrun Hovvanisyanın iki gün qabaq Qarabağdakı döyüşlər barədə son mətbuat konfransında dediyi "Biz böyük itkiyə məruz qalacağımız əraziləri saxlamırıq" sözlərindən sonra xoruzun quyruğu göründü. "Qarabağ Ermənistandır", - deyən Paşinyana bundan yaxşı cavab ola bilməzdi. Əgər o torpaqlar sizindirsə, niyə geri çəkilirsiniz? Çünki heç bir canlı ona məxsus olanı düşməninə qoyub getməz, bu, onun qanı, canı bahasına belə olsa da. Özgə atına minən tez düşər. Qarabağ sizin olsaydı, sizi Qarabağ atının üstündən hec kim düşürə bilməzdi, heç bunda maraqlı da olmazdı.

Əcəba, nə baş verir? 

Ermənistanda fikir ayrılığı yaşandığı artıq göz önündədir. Ordu ilə Paşinyan arasında bir uçurum yaranmaqdadır. Ordu yavaş-yavaş Paşinyanın boşboğazlığının, ambisiyalarının qurbanına çevrilməsinin fərqinə varmağa başlayıb. Bu, Arsrun Hovvanisyanın növbəti açıqlamasında da sezildi: "Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət yox, həm də texniki üstünlüyü var. On iki dəfə çoxdur bizdən, bunun nə olduğunu başa düşürsünüz heç? Bu, demək olar ki, müharibə tarixində heç vaxt olmayıb və ya çox nadir hallarda olub belə". Ermənistanda daxili vəziyyət - separatçılarla Ermənistan müdafiə nazirliyinin fərqli açıqlamaları, Paşinyanın "Qarabağ klanı" və daşnaklarla gizli görüşləri və s. onu deməyə əsas verir ki, Paşinyan nəzarəti itirir, ölkə xaosa doğru gedir.

Ölkəsinə qənim kəsilmiş erməni baş nazir Qarabağı itirməmək üçün hər fürsətdən yararlanmağa, hər şeyi qurban verməyə hazırdır. TASS-a açıqlamasında danışıqlara hazır olduğunu bildirən Paşinyan bundan bir gün sonra, yəni dünən tamam əks mövqeyi ilə siyasi rəqiblərini belə təəccübləndirdi. Onun ötəngünkü çıxışında "Qarabağsız Ermənistan yoxdur. Bu səbəbdən də Qarabağ xalqının hüquqlarının müdafiəsi Ermənistan xalqının hüquqlarının müdafiəsi deməkdir. Hər kəs əlinə silah alıb Qarabağ üçün mübarizə aparmalıdır! Cəmi 2 seçimimiz var, qələbə və yaxud məğlubiyyət. Başqa seçim yoxdur" deməyinə səbəb nə oldu?

Moskvaya arxa çevirərək Soros planını həyata keçirməklə mandatını almış Paşinyan erməni lobbisinin qəzəbinə tuş gəlib. İllərdir ölkəyə göndərdikləri milyonların bu gün Qarabağı işğalda saxlmaq üçün heç bir əhəmiyyətinin olmadığını görən erməni lobbisi aldadıldıqlarını düşünürlər. Erməni lobbisinin bunu Paşinyana bağışlamayacağı gün kimi aydındır. Onlar Qarabağı itircəkləri təqdirdə Paşinyanı və ailəsini ölümlə hədələyiblər. Ölümlə təhdid edilən Paşinyana Qarabağı işğalda saxlamaq üçün son şans verilib. Hətta təhdid o qədər təhlükəli hal alıb ki, Ermənistanın birinci xanımı Anna Akopyan Paşinyanın son çıxışı ilə paralel təcili şəkildə dünyanın bir cox ölkə rəhbərlərinə qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması üçün muraciətlər ünvanlayıb.

Ölkəsini və özünü məhvə aparan Paşinyanın son müraciəti Ermənistanın bir daha işğalçı dövlət mahiyyətini ortaya qoydu. Lakin yenə anlamadı ki, Azərbaycan xalqı doğma torpaqlarını işğaldan azad etmək üçün Vətən Müharibəsində son nəfərinə kimi döyüşəcək. Xocalıdakı müsibətləri unutmayan hər bir azərbaycanlı yaxşı anlayır ki, bu, qisas hissi ilə alışıb-yanan bir xalqın son şansıdır. Heç vaxt bu qədər xoşbəxt olmayan Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün haqq savaşını sona qədər davam etdirəcək.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.