Siyasət

Malayziyanın dövlət xəbər agentliyi Azərbaycan Prezidentinin xalqa müraciətinə dair məqalə dərc edib

22 Oktyabr 2020 11:23
Baxış: 1 269

Malayziyanın dövlət xəbər agentliyi BERNAMA Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 oktyabr 2020-ci il tarixli xalqa müraciətinə dair geniş məqalə dərc edib. "Biz 30 il BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini gözləmişik" başlıqlı məqalədə Azərbaycan Prezidentinə istinadən bildirilib ki, Azərbaycan diplomatik səviyyədə, o cümlədən BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarla səmərəli iş apararaq, münaqişənin həlli ilə bağlı sənədlərin qəbul edilməsinə, beləliklə bu istiqamətdə hüquqi bazanın genişləndirilməsinə nail olmuşdur.

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən Milli.Az-a verilən məlumata görə, təqribən 30 ildir davam edən danışıqlara baxmayaraq, hər hansı nəticə əldə olunmamış, üstəlik, bu müddət ərzində işğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar Azərbaycan və beynəlxalq vasitəçilərin Ermənistan rəhbərliyi tərəfindən aldadıldığına dair əyani sübut olmuşdur. Bu səpkidə Azərbaycan Prezidentinin aşağıdakı fikirləri iqtibas edilmişdir: "Belə istehkam quran ölkə, bu qədər oraya vəsait xərcləyən ölkə oradan çıxarmı? Çıxmaq istəsəydilər, bunu etməzdilər".

Bununla yanaşı, məqalədə Laçın və Kəlbəcərdə Ermənistanın apardığı qeyri-qanuni məskunlaşmaya diqqət çəkilərək, qondarma rejimin dünya ölkələri tərəfindən tanınması üçün işğalçı ölkənin cəhdlər etdiyi, lakin bunun baş verməyəcəyi vurğulanıb. Bildirilib ki, "bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz" və Azərbaycan belə ölkələrlə bütün əlaqələri kəsəcək.

Dövlət başçısının müraciətindən götürülmüş aşağıdakı iqtibas da vacib məqam kimi malayziyalı oxucuların diqqətinə təqdim edilib: "Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq".

Həmçinin məqalənin sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi barədə məlumat verilərək, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanındığı qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.