Siyasət

Leyla Abdullayeva: Ermənistanın ilhaqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması bir zərurətdir

2 İyun 2020 17:31
Baxış: 1 328

"Ermənistanın ilhaqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması bir zərurətdir".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Xarici işlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Trend-in suallarını cavablandırarkən deyib.

- Son zamanlar beynəlxalq ictimaiyyət, xüsusilə də beynəlxalq münasibətlərin mühüm aktorları tərəfindən dünya düzəni, bu xüsusda, beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı, suverenlik və ərazi bütövlüyü prinsiplərinə dəstəyi ən yüksək platformalarda vurğulanır. Misal üçün, Avropa İttifaqının vitse-prezidentinin bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının iclasında çıxışını göstərmək olar. Buna münasibətinizi, konkret olaraq Azərbaycanın halında bunun nə cür şərh edildiyini öyrənmək istərdik.

- Müasir dünyada baş verən hadisələr, o cümlədən qlobal pandemiya təhdidi, dövlətlərin beynəlxalq qaydalara əsaslanan, beynəlxalq hüququn norma və prinsiplərinin hörmət olunduğu, çoxtərəflilik amilinin ön sıraya çəkildiyi və əlbəttə ki, beynəlxalq əməkdaşlıq ruhunun inkişaf etdiyi bir dünyaya ehtiyac duyulduğunu açıq şəkildə nümayiş etdirir. Xüsusilə də, COVİD-19 böhranı dövlətlərin sərhədlərinin əhəmiyyətini, beynəlxalq tanınmış sərhədləri çərçivəsində hər dövlətin öz əhalisinin təhlükəsizliyini təmin etməsinin zəruriliyini açıq şəkildə göstərdi. Təsadüfi deyil ki, elə sizin də qeyd etdiyiniz misalda Aİ-nin yüksək səviyyəli rəsmisi BMT TŞ kimi ali platformada beynəlxalq qaydalara əsaslanan dünya düzənindən danışır və Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsasında suverenlik və ərazi bütövlüyü prinsiplərinin dayandığını qeyd edir. Həmdə bu prinsiplərin əks olunduğu ATƏM-in 1975-ci il Helsinki Yekun Aktına istinad edir. Bundan qısa müddət öncə Aİ Şurasının ŞT üzrə yekun qərarında da eynilə bu prinsiplərə Helsinki Yekun Aktı və Paris Xartiyasında əks olunduğu kimi istinad edilmiş və onlar Aİ-nin birgə öhdəlikləri sırasında sadalanmışdır. Konkret olaraq, bizim halımızda bu, Azərbaycanın hər zaman bəyan etdiyi və dəyişməz mövqeyinin əksidir. Dövlət başçımızın, o cümlədən yüksək səviyyəli beynəlxalq platformalardakı çıxışlarında hər zaman səsləndirdiyi mövqeyində birmənalı şəkildə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyin əhəmiyyəti vurğulanır. Bu mövqeyi ölkəmiz eynilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesində də sərgiləyir. Cari vəziyyət bizim üçün nəyi dəyişir sualı ilə maraqlanırsanız, əslində bizim üçün heç nə dəyişmir, mövqeyimiz prinsipial və dəyişilməzdir. Lakin beynəlxalq ictimaiyyətin formalaşmış bu qəti mövqeyi, beynəlxalq hüquqi öhdəlikləri pozan bəzi dövlətlər üçün əlbəttə, bir siqnal olmalıdır.

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyimiz mövqeyi qeyd etdiniz. İşğal olunmuş ərazilərimizdə Ermənistanın təxribatçı əməlləri, o cümlədən qondarma "seçkilər" münaqişənin həlli prosesinə xələl gətirir, sözsüz. Bununla bağlı və ümumiyyətlə münaqişənin həlli üzrə mövcud vəziyyətə dair XİN-in mövqeyi nədən ibarətdir?

- Təcavüzkar Ermənistanın təxribatçı əməlləri ilə bağlı XİN-in mövqeyi hər zaman açıqlanır, bu, istər qeyri-qanuni "seçkilər" olsun, istərsə də "andiçmə" adı altında oyuncaq mərasimin təşkili ilə bağlı olsun, eləcə də digər qanunsuz fəaliyyətlərə də aiddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 may tarixində məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışında söylədiyi nitqində aydın şəkildə bəyan etdi ki, dünyanın bütün aparıcı ölkələri də daxil olmaqla, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri" də bunu bir daha nümayiş etdirdi. Dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatlar açıq şəkildə bəyan etdilər ki, nə bu "seçkiləri", nə də onların nəticələrini tanımırlar, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Prezidentimiz bu çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsindən bəhs edərək danışıqlar masasında mərhələli həll üzrə müzakirələrin aparıldığını və mərhələli həlldən başqa heç bir həllin mümkün olmadığını vurğuladı. Dövlət başçısı münaqişənin həlli məqsədinin beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində suverenliyimizin tam və birdəfəlik təmin edilməsi olduğunu qeyd etdi. Hər zaman bildirmişik ki, münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi, məhz işğalın nəticələrinin aradan qaldırılması, işğal olunmuş ərazilərimizin işğaldan azad olunması və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının, hüquqlarının bərpa olunmasının təmin edilməsidir. Cənab Prezidentin bəyan etdiyi kimi, heç kim bu məqsədə nail olacağımızdan şübhə etməməlidir.

Münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə gəldikdə isə, ölkəmiz münaqişənin tezliklə həllində ən maraqlı tərəfdir və münaqişənin danışıqlar yolu ilə mərhələli şəkildə həlli istiqamətində əsaslı və substantiv müzakirələrin aparılması mövqeyindən çıxış edir. Mövcud qlobal pandemiya vəziyyəti münaqişənin həllinə maneə olmamalı, əksinə bölgədə sülh və təhlükəsizliyin tezliklə təmin olunması istiqamətindəki səyləri daha da sürətləndirməlidir. Çünki nə qədər tez münaqişə həll olunarsa və dövlətlər beynəlxalq hüququn da diktə etdiyi kimi bir-birlərinin beynəlxalq tanınmış sərhədlərinə hörmət edərlərsə, bir o qədər də qısa zamanda müstəqil və firəvan bölgəmizin gələcək tərəqqisindən danışa bilərik. Beləliklə də, Ermənistanın ilhaqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması bir zərurətdir. Azərbaycan tərəfindin dəfələrlə ən yüksək səviyyədə bəyan etdiyi kimi, bu münaqişə ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Çünki, Dağlıq Qarabağ Azərbaycandır!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.