Siyasət

Pərvin Kərimzadə: "Qobu Park-3" ardıcıl və məqsədyönlü siyasətin davamıdır

29 May 2020 22:20
Baxış: 1 079

1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, xalqımıza qarşı yeni soyqırımları törədildi, etnik təmizləmə siyasəti aparıldı, qadına, qocaya, uşağa, körpəyə aman verilmədi, minlərlə azərbaycanlı qətlə yetirildi. Bədnam qonşumuzun bu təcavüz siyasəti yüz minlərlə insanın doğma torpağından didərgin düşərək öz Vətənində məcburi köçkünə çevrilməsi ilə nəticələndi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, ata-baba yurdlarından didərgin düşən soydaşlarımız respublikamıza pənah gətirərək, ölkəmizin müxtəlif ərazilərində heç bir məişət şəraiti olmayan binalarda, çadırlarda məskunlaşmaq məcburiyyətində qaldılar. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra min bir əziyyət çəkərək yaşayan bu insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmağa başlandı. Ümummilli liderin başladığı xeyirxah missiya Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildi. Ölkəmizin müxtəlif ərazilərində yeni qəsəbələr salınmaqla məcburi köçkünlər həmin evlərə köçürüldülər.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını, dövlətin diqqət və qayğısını hər bir ölkə vətəndaşı kimi qaçqın və məcburi köçkünlər də öz həyatlarında hiss etdilər. Doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı bir-birinin ardınca əhəmiyyətli tədbirlər keçirildi, dövlət proqramları təsdiqləndi, fərmanlar imzalandı. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirildi, yeni yaşayış kompleksləri salındı. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi ilə diqqət yetirdi. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına həssas münasibət göstərərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müasir tipli yaşayış kompleksləri inşa edildi. Artıq nə fin tipli evlər var, nə çadırlar, nə də qaçqın düşərgəsi. Taleyin amansız sınaqlarına sinə gərən soydaşlarımız hər bir şəraiti olan, müasir standartlara cavab verən evlərdə yaşayır, fəaliyyət göstərirlər.

Belə yaşayış komplekslərindən biri - "Qobu Park-3" yaşayış kompleksi 28 may Respublika Günündə yurd nisgili ilə yaşayan məcburi köçkünlərin ixtiyarına verildi. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da açılışında iştirak etdiyi yaşayış kompleksinin istifadəyə verilməsi yurd-yuvalarından, ata-babalarından miras qalan torpaqlardan didərgin salınan soydaşlarımızın Azərbaycan dövləti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarının daha bir nümunəsi oldu.

Bu gün qaçqın və məcburi köçkünlərin ən böyük arzu və istəyi üçrəngli bayrağımızın didərgin düşdükləri ata-baba torpaqlarında, Şuşada, Xankəndində dalğalandığıni görməkdir. Böyük ümidlə yaşayan soydaşlarımız, bütün Azərbaycan xalqı əmindir ki, işğal olunmuş torpaqlarımız yaxın zamanlarda erməni zülmündən azad ediləcək, yenidən öz əvvəlki qüdrətini və əzəmətini bərqərar edəcək, minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaq. Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda nura qərq olmuş, füsünkar yaşayış kompleksləri inşa ediləcək.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.