Siyasət

XİN isveçrəli kosmonavtın adını "qara siyahı"dan çıxarıb

9 Yanvar 2020 12:11
1 Şərh     Baxış: 858

İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"ndan çıxarılmasını xahiş edib.

XİN-dən Milli.Az-a verilən məlumata görə, məktubunda Klod Nikolye Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.

İsveçrə Konfederasiyasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

XİN-in mətbuat idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib ki, işğalçı Ermənistan tərəfindən xarici ölkə vətəndaşlarının ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarına qeyri-qanuni səfərlərinin təşviq edilməsi istiqamətində mütəmadi işlər aparılır. Təcrübə göstərir ki, bir sıra hallarda əcnəbi vətəndaşlar bu səfərlərin doğuracağı nəticələr barədə məlumatlı olmurlar, hətta getdikləri ərazilərin Azərbaycanın beynəlxalq tanınmış ərazi bütövlüyünün bir hissəsi olduğundan belə xəbərdar olmurlar:

"Misal üçün, qeyd etdiyiniz İsveçrə vətəndaşı, isveçrəli ilk kosmonavt Klod Nikolye adlı şəxsin işğal edilmiş ərazilərimizə qanunsuz səfəri bunun bariz nümunəsidir. Qeyd etmək istərdim ki, İsveçrə Kosmos Mərkəzinin direktoru tərəfindən sözügedən qanunsuz səfər ilə bağlı XİN-ə müvafiq məktub daxil olub və həmin məktubda K.Nikolyenin işğal altında olan ərazilərimizə etdiyi qanunsuz səfər ilə bağlı üzrxahlıq bildirilir, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət ifadə edilir. Həmçinin məktubda K.Nikolyenin Yerevanda olduğu müddətdə təşkilatçılar tərəfindən bu səfərin törədə biləcəyi nəticələr barədə heç bir məlumat verilmədən Azərbaycanın işğal altında olan ərazilərinə aparıldığı qeyd olunub. Bu, indiyədək XİN-ə daxil olan bir çox müraciətdən yalnız biridir. Tərəfimizdən, xarici dövlət vətəndaşlarının Ermənistan tərəfindən aldadılaraq ölkəmizin işğal edilmiş ərazilərinə aparılmasının qarşısının alınması, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq müstəvidə yayılması istiqamətində xarici ölkə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş səfirliklərimiz vasitəsilə müvafiq işlər davam etdirilir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.