Siyasət

Mitinq aşiqi təlaşa düşüb: heç nə alınmır

26 Avqust 2019 09:30
Baxış: 2 819

Siyasətçi yalan danışa bilərmi? Ümumiyyətlə, siyasətçilər yalan danışırlarmı? Sual sadəlövhdür, çünki yalan danışmayan siyasətçi yoxdur. Yalanlar fərqli olur. Təşkilat, xalq, millət, dövlət uğruna yalan deyilirsə, bu, əslində yalan da sayılmır. Yalan fəaliyyət prinsipinə və həyat tərzinə çevrilirsə, davranış modelinə dönürsə, bu artıq ya komediya, ya da tragediya olur.

Tragikomediya da olur, hərdən. AXCP sədri Əli Kərimlinin davranışı, fəaliyyəti, açıqlamaları və müsahibələri təki.

Movetonluqla mənəviyyatçılıqdan çoxdan üzülüşərək aşkar makiavellizmə üz tutmuş Əli Kərimli indi özünün Facebook-da yaratdığı səhnəcikdə ya hiyləgər tülkü, ya da məğrur aslan obrazındadır.

Makiavelli yazıb ki, siyasətdə hiyləgər və hər addımını hesablayan tülkülər həmişə qürurlu və qüdrətli aslanlara qalib gəlirlər.

Di gəl, Makiavellinin "Hökmdar" əsərində buyurduğundan fərqli olaraq, Əli Kərimlinin ifasında tülkü siyasətçi nağıllarda və təbiətdə olduğu kimi, əsl hiyləni, yalanı və intriqaları əks etdirir.

Əli Kərimli "siyasətçi və yalan" prinsipini dilemmaya döndərib. Məsələn, əgər Avropa siyasətində "siyasətçi yalan danışmalı, sonra bu yalanının niyə baş tutmadığını elə izah etməlidir ki, hamı onun həqiqəti dediyinə əsla şübhə etməsin" prinsipi varsa, illərdən bəri bloqerlik edərək 26 illik müxalifət stajını qəmli sonluğa düçar edən Əli Kərimli əsla stoik deyil.

Onun stoisizmi ironiya doğurur, çünki siyasətçi karyerası büsbütün yalanlardan ibarətdir.

Əvvəlcə mənsub olduğu təşkilatın rəhbərinə, sonra tərəfdarlarına yalan danışıb, indi də həmin yalanı əsl gerçək və danılmaz reallıq kimi gənclərin şüurlarına yeritməyə çalışır.

Onun bloqer qismində son açıqlaması da maraqlıdır.

Əli Kərimli Facebook səhifəsində yazıb ki, sən demə, "rejim" (bloqer inadla hakimiyyəti "rejim" adlandırır və bununla da guya iqtidarı legitimlikdən məhrum edir) çox narahatdır.

O, yazıb: "Xalqın narazılığının günbəgün artdığını, ölkənin barıt çəlləyinə çevrildiyini onlar da görür. AXCP fəallarının yeni həbs dalğası, Tofiq Yaqubluya prokurorluğun rəsmi xəbərdarlığı, prokurorluq və DİN-in birlikdə sosial şəbəkə fəallarını hədələməsi təsadüfi deyil".

Daha sonra o, bildirib: "Fikirləşdilər ki, televiziya, radio, qəzet "köhnəlib", ona görə oradan müxalifətə qarşı yayılan yalanlar işləmir, təsir etmir. Həmin böhtan və şərləri müxalifətə qarşı sosial şəbəkələrdə yaysalar, xalqı aldadıb müxalifəti gözdən sala biləcəklər. Feysbuk səhifələrindən bizə qarşı sponsorlu yalan, şər, böhtan yaymağa başladılar. Xeyri olmadı, əks effekt verdi. Cəbhəçilərdən qabaq partiya üzvü olmayan həmvətənlərimiz cavablarını verdi. Paralel olaraq DİN-i ölkəboyu səfərbər etdilər ki, ofisi olmayan cəbhəçilərin kafe və çayxanlarda belə toplanmasına imkan verilməsin, yenə də nəticəsiz oldu. Cəbhəçilər yenə də çarə tapıb təşkilatlanmaqda, sıralarına yeni üzvlər qəbul etməkdə davam etdilər".

Əli Kərimlinin fantaziyalar aləmində cövlan edən məntiqinə görə, "xalqın narazılığı gedərək artır, müxalifətin mövqeyi cəmiyyətdə daha da güclənir".

Sonda o, "xalq mitinq gözləyir və gələcək mitinqlərin daha kütləvi olacağı şübhə doğurmur".

Şahmat termini ilə desək, AXCP sədri+həm də bloqer seytnot durumdadır.

Rəsmi işsiz statusunu siyasi perspektivsizlik və fəaliyyətsizlik vəziyyətinə əlavə etmiş Ə.Kərimlinin son açıqlaması yenə də nəqərat təsiri bağışlayır.

Belə ki, üç ildən bəri istisnasız olaraq hər gün "xalq mitinq istəyir, rejim narahatdır, AXCP-yə gənclərin axını var" kimi yalanları təkrarlayan müəllif həmişəki ampluasına sadiq qalaraq, yeni heç nə deməyib.

Əksinə, özünüifşanı daha da sürətləndirib.

AXCP sədrinin, həm də bloqerin nəzərinə çatdırmaq istərdim ki, əgər hakimiyyətə gəlişdə iddialı siyasətçi "xalq mitinq istəyir" deyirsə və yazırsa, bu, onun siyasi kəmsavadlığından və təşkilat rəhbəri kimi situasiyanı anlamamağından xəbər verir.

Heç zaman, heç bir yerdə xalq mitinq istəmir. Etiraz aksiyalarının zirvə forması olan mitinq vətəndaşların tələblərinin səsləndirilməsi üçün effektiv vasitələrdən biri, cəmiyyətdəki narazılığın aşkar göstəricisidir.

Xalq hər yerdə və həmişə yaxşı yaşam, stabil həyat, inkişaf, tərəqqi, təhlükəsizlik və haqlarının təminatını istəyir.

Mitinq istəyənlər, daha doğrusu, yaşamlarını siyasi qavroşluqda görənlərsə məntiq kandarında döyükənlərdir. Məhz belələri normal ölkəni vətəndaş müharibəsi girdabında boğulan, qarşıdurmaların və toqquşmaların yaşandığı məkana çevrilməsini arzulayırlar.

Belələri qanunsuzluğa, dərəbəyliyə, xaosa təşnə olan fərdlərdir.

"Rejim narahatdır" ifadəsinə gəldikdə isə, bu da absurddur. Bəli, Azərbaycanda hakimiyyət narahatdır. Dövlətin iqtisadi, sosial, maliyyə və hərbi imkanlarının artırılması, vətəndaşlarının rifah halının yüksəldilməsi, dünyanın siyasi düzənində daha güclü və səbatlı yerə malik olmaq, Dağlıq Qarabağı və erməni işğalında olan digər ərazilərimizi düşməndən azad etmək - bir sözlə, cəmiyyəti düşündürən, qayğılandıran və sosial çağırışlardan ibarət olan bütün problemləri həll etməyin yollarını arayır.

ABŞ-dan tutmuş, Koreyayadək bütün dövlətlərdə olduğu kimi.

Və bu narahatlıq ölkəni inkişaf etdirən əsas amildir.

Yoxsa ki, partiya sədri funksionallığından Facebook bloqerliyinə tənəzzül etmiş adamın virtual mübarizəsi hakimiyyəti niyə narahat etsin ki...

Əli Kərimli "rejim"lə "hakimiyyət" kəlmələri arasındakı konseptual fərqi görmürsə, Lev Trotskinin anarxosindikalizminə bənzəyən çağırışlar edirsə və bu zaman - əminəm - Trotskinin əsərlərini əsla oxumayıbsa, belə adam heç Papua-Yeni Qvineyanın orta səviyyəli məmuru üçün də narahatlıq yarada bilməz.

Əli Kərimlinin qüsurlu məntiqinə, primitiv həddindəki ritorikasına görə, AXCP-nin 4 üzvü saxlanılıbsa və onlara inzibati xətalarına görə 10-60 sutka arasında həbs verilibsə, deməli, "rejim qorxub", "rejim narahatdır".

AXCP kimi bir zamanlar gerçəkdən də, effektiv və böyük siyasi qüvvə, müxalifət düşərgəsinin əsl lideri olmuş, indisə batmış "Titanik" gəmisini xatırladan təşkilatın sədri belə absurd iddia ilə çıxış edirsə, səd heyf olsun Əli Kərimliyə inananlara.

Sübhdən gecənin bir aləminədək sosial şəbəkədə yaşayan, reallıqdan danışdığını iddia edərək virtuallaşan Əli Kərimli yalanlarına özü inandığından illüziyaya qapılıb. O, hesab edir ki, Facebook-dakı paylaşımlarını "like" edənlər yüzlərlədirsə, deməli, bütün xalq onu dəstəkləyir.

Xub, biz indi xatırlamayaq ki, elə həmin Əli Kərimlinin Facebook-da xeyli saxta profili var və həmin profillərin bir çoxu guya "qadın"lardır.

Biz onu da demirik ki, Əli Kərimlinin Facebook-dakı statuslarını bəyənib şərh yazanların tam əksəriyyəti saxta profillərdən yararlanan trollardır.

Olsun, bu da onların əyləncəsidir.

Lakin belə bəsit əyləncəni siyasi mübarizə, trolların sayını "xalq dəstəyi", "like"lərin statistikasını da "hakimiyyəti təşvişə salan məqam" kimi qələmə verib özlərini gülünc vəziyyətə qoymasınlar.

Azərbaycanda internetin geniş vüsət aldığı dönəmdən əvvəl Əli Kərimli "cib" qəzetlərində belə siyasi oyunlar aparırdı, o cümlədən sabiq nazir Fərhad Əliyevdən və hakimiyyətdə sövdələşdiyi məmurlardan aldığı pullardan yararlanırdı.

İndi də eyni ssenaridir.

Fərq də yoxdur: əvvəllər qəzetlərə müsahibələr verməklə siyasi mübarizə apardığına əmin olan Əli Kərimli indi sosial şəbəkələrdə, xüsusilə də Facebook və YouTube-da siyasi gəvəzəlik etməyi" rejimi qorxudan amil" kimi qələmə verir.

Reallıqla virtuallıq arasında fərq həddini dağıdan Ə.Kərimlinin durumu gerçəkdən də, acizdir.

"AXCP-yə axın var, bu da hakimiyyəti qorxudur" yazan və deyən Əli Kərimli nə qədər də zavallı təsir bağışlayır.

Bəli, son vaxtlar AXCP üzvü olmaq istəyənlər artıb. Səbəb çox bəsitdir, üzdədir: bu adamların istisnasız olaraq hamısı "Məhsul" stadionundakı mitinqlərin daimi sakinləri, orada selfi çəkdirənlərdir ki, AXCP-nin üzvlük vəsiqəsi onlara yalnız xaricə mühacirət edərək saxtakarlıqla siyasi sığınacaq almaq üçün gərəkdir.

Üzvlük məsələsi demişkən: Əli Kərimli hələ bir hesabat versin ki, yeni üzvlərin neçəsinə vəsiqə pulla satılıb, neçəsinə vədlər müqabilində verilib, neçəsi də ümumiyyətlə, Əli Kərimliyə nifrət edən adamlar olub ki, vəsiqə onlara sadəcə, merkantil maraqlar üçün gərəkdi.

26 ildən bəri dəyişməyən, şüarları yenilənməyən, məntiqi qəlibdə, reallığı dərketmə imkanları çərçivədə qalan Əli Kərimlini anlamaq olar.

Adam ətrafınndakı şəxslərin də onu tərk edəcəyindən qorxur.

Çünki acı təcrübəsi var: ən yaxın tərəfdarları indi ona siyasi rəqib olublar, nifrət edirlər.

Sadalamağa ehtiyac varmı, Əli Kərimli?

Belədirsə, təlaşa düşən, qorxan, sabahından bədgüman, siyasi perspektivlərindən ümidsiz olan kimdir?!

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.