Siyasət

Müxalifətimizin Şeyx Nəsrullahı dəyişmir

21 Avqust 2019 16:17
Baxış: 2 353

Azərbaycanın müxalifət düşərgəsində qocalaraq nimdaşlaşan "lider"lərinin daim, fasiləsiz və usanmadan "ideal cəmiyyət" kimi qələmə verdiyi, çalışdıqları Qərb ölkələrində küçə etirazlarına, yürüşlərinə və mitinqlərə münasibət heç də deyilən kimi deyil.

Bunu dəfələrlə yazmışam, demişəm və bir daha təkrar edirəm: Qərb demokratiyası yalnız Qərb üçündür, bizlər üçünsə Qərbin öz ssenariləri, planları və məqsədləri var.

Həmin planların məğzi çox bəsitdir: mümkün qədər idarəolunan, marionet hakimiyyət olmalı, bu hakimiyyət Qərbdən tam asılı vəziyyətə salınmalı, "insan haqları-demokratiya-azad seçkilər-vətəndaş cəmiyyəti" kvarteti prinsiplərindən yalnız kütləni yuxuya verib ram etmək üçün istifadə olunmalıdır.

Dünyanın ən populyar sosial xəbər platforması olan Reddit-də maraqlı eksperiment keçirilib. Belə ki, Rusiya və ABŞ-da etiraz aksiyası zamanı polis səfinin qarşısında oturmuş iki qızın fotoları paylaşılıb.

Rusiyada xüsusi təyinatlı polislərin önündə Konstitusiya oxuyan Olqa Misik təqdir olunub, demokrat sayılıb. Bu fotonu 67629 nəfər bəyənib və Olqanı Pekindəki Tyananmen meydanında tankların önünə çıxmış "qəhrəman"a bənzədiblər.

Vaşinqtonda amerikalı xüsusi təyinatlı polislərin önündə oturmuş Cennifer Linnin fotosunu isə vur-tut 595 nəfər bəyənib. Cenniferi tənqid ediblər, polisləri isə "onlar, sadəcə işlərini görürlər, asayişi qoruyurlar" yazaraq təqdir ediblər.

Qərbdə auditoriyanın, insanların öz ölkələrindəki etiraz aksiyalarına soyuqqanlı, laqeyd yanaşaraq əksər hallarda (!) küçələrə çıxanları pisləmələrini və eyni zamanda Qərbin fikrincə, "daha az demokratik ölkələrdə"ki iğtişaşları, kütləvi itaətsizliyi, etiraz aksiyalarını hər cür dəstəklənərək ruhlanmasını görmək üçün medianı oxumaq, dinləmək və görmək yetər.

Azərbaycanda hər hansı müxalifət partiyası kiçik, hətta mikroskopik aksiya keçirənə kimi bu olaydan Qərb mediası əməlli drama düzəldir, yerli siyasi naümidləri tamaşaçıların və oxucuların nəzərində "rejim qurbanları"na çevirirlər.

Qərb mediası nə etdiyini əla bilir. Məqsəd "pis" ölkələrə qarşı klassik təzyiq və pressinqi dəstəkləmək üçün kütləni hazırlamaq, münasibətlərin pisləşəcyi təqdirdə isə "demokratik kütlə"dən "daha qətiyyətli addımlar" gözləntisini təmin etməkdir.

Xaricdəki "müstəqil bloqer"lərin YouTube kanallarına ayrılan maliyyənin həndəsi silsilə ilə artımı, onların ifrat dərəcədə aktivləşmələri və Azərbaycanı düşündüklərini israrla təkrarlayaraq əslində Azərbaycanı hədəfə almaları da bununla bağlıdır.

Həmin sosial şəbəkə "kovboy"larına burada dəstək verənlər arasında de-yure AXCP sədri, əslində isə çox diletant siyasi bloqer olan Əli Kərimli xüsusi yer tutur.

Yumşaq desəm, "ekstravaqant" davranışı və çox müəmmalı fəaliyyəti ilə daim müzakirə mövzusu olan, hətta ən yaxın tərəfdaşlarının belə ağır ittihamlara tuş etdiyi "müstəqil bloqer" Tural Sadıqlının YouTube-dakı "Azad Söz" kanalına Skype vasitəsilə müsahibə verən Əli Kərimli yenə illüziyalarını gerçək, ağı qara, qaranı da ümumiyyətlə, xilas yolu kimi təqdim edib.

Onun dediklərini geniş şərh etmək fikrindən uzağam, çünki absurdları sadalamaq və cavablamaq bica işdir.

"Utanmadan bizi terroru dəstəkləməkdə suçlayırlar. Bizi öz məhdud qabiliyyətləri ilə ifşa etməyə çalışanlar Gəncədəki mitinqi göstərirlər. Baxın, orada Rəşad Böyükkişiyev polis polkovnikini öldürür. Başqa heç kim zorakılıq etmir. Hökumətə münasibətimiz sərtdir. Lakin çıxış yolu polislə mübarizədə, vətəndaşların bir-birini öldürməsində görmürük. Videoda da görünür ki, əlində xəncər olan adamdan savayı kimsə iğtişaş törətmir, polisə qarşı zorakılıq göstərmir. Yoxdu axı bütün bunlar!"

Və sair və ilaxır.

Var, cənab Kərimli, var.

Radikal müxalifətin liderlərinin və onları dəstəkləşərək sosial şəbəkələrdə vurhavurla virtual ağlaşma, lənətləmə və savaşma çağırışlarını paylaşanların nəzərinə sadəcə, bir məqamı çatdırmaq istərdim.

Yunis Səfərov qəhrəman deyil. O, İslam və yainki Gəncə camaatını düşünən adam heç deyil, çünki dedikləri və yazdıqları ilə yaratmağa çalışdığı "obraz" arasında uçurum var.

Üstəlik, Y.Səfərovun tərcümeyi-halından xəbərdar olmayanlar onu az qala "Əhli-Beyt aşiqi, xalq mücahidi" qismində qələmə verirlər.

Yanlış.

Yunisin anası İsmayılova Leylaxanım Hüseyn qızı Rusiya vətəndaşıdır, Rusiya Federasiyasının təhlükəsizlik strukturunda tərcüməçi işləyir. Bacısı Lalə xanım da Rusiya vətəndaşıdır, amma yunan Nikolasa ərə gedəndən sonra Yunanıstanda yaşayır.

Yunisin atasının anası, yəni nənəsi erməni Svetlana Akopovna Karapetyansa Daşkəsən sakinidir.

Yəni sözümün mabədi bu ki, Y.Səfərov tam aqnostik, hətta deistdir və onun İranda xüsusi hazırlıq keçməsi, Dəməşqdə terror və partizan fəaliyyəti ilə bağlı təlim görməsi heç bir halda bu adamı "qəhrəman" etmir.

Tam tərsinə, o, terror hazırlığı keçmiş adamdır.

Gəncədə də icra hakimiyyətinin başçısına atəş açmazdan əvvəl o, iki video çəkib. Videolarından birində E.Vəliyevi ağır yaraladığını deyir, digərində isə E.Vəliyevin qətlə yetirildiyi və onunla bahəm, bir neçə məmurun da öldürüldüyünü deyir.

Yəni adam hadisələrin mümkün variantlarını "hesablayıb", əvvəlcədən videomüraciətlər hazırlayıb.

Bunu unutmayaq.

... Əli Kərimlinin dediyinə görə, yox. Sosial şəbəkələrdəki qaragüruh, YouTube kanallarındakı danışan başlar və hədyan söyləyən dillər səviyyəsizliyindəki "gerçək" odur ki, sən demə, sadəcə Böyükkişiyev nə isə edib, yerdə qalanlar sadəcə, seyrçi olublar. Qəddar polis də gəlib onları tutub.

"Gəncə işi" ilə bağlı yayılan videolar, narazılıqlar ustalıqla komponə edilmiş yalan və böhtandır.

Yalan olmayan oradakı anaların, bacıların durumu, hissləridir.

Xanımları anlamaq gərək: ciyərparaları barmaqlıqlar arxasındadır. Onlar övladlarının, qardaşlarının, ərlərinin bir an öncə azad olunmasını tələb edir, həmin şəxslərinə əsla və əsla cinayətkar olmadıqlarını israrla vurğulayırlar.

Anlayıram.

Fəqət, dəyərli xanımlar da dövləti, qanunu anlamalıdırlar.

Onların övladları əməllərinə görə qanun qarşısında, ədalət önündə cavab verirlər.

Həmin əməllərlə isə heç bir halda razılaşdırılmamış mitinqdə iştirak və buna görə də inzibati həbs ola bilməz.

Mən də istəyirəm gənclərə ağır cəza verilməsin, onların cəzası yüngül olsun.

Lakin cəzanı mən və ya siz yox, qanun bəlirləyir.

Qanun birmənalıdı, ədalət məhkəməsinin üzü isə sərtdir.

Əli Kərimli daha sonra hakimiyyət dəyişiklikliyinin "labüdlüyü və qaçılmaz"lığından danışıb. Bax, bu əsl tragikomediyadı, daha doğrusu, bir adamın faciəsidi.

Siyasi perspektivlərin ondan qaçdığının fərqinə hələ də varmayan, vara bilməyən AXCP sədri+bloger Ə.Kərimli labüdlük və dəyişkənlik məsələsində ünvanı səhv salıb.

Xitab onun özünə olunmalıdı. 26 illik məğlubiyyətlər seriyası, "təzyiq, təqib və repressiyalar nəticəsində ağır fəaliyyət" kimi tərəfdarlarına sırınan fəaliyyətsizlik ümidsizliyi əslində onun özünün postunda dəyişdirlməsini labüd edir.

Siyasi bəxtsizlik sindromuna mübtəla olmuş şəxs tarix qarşısında məsuliyyətdən, tərəfdarları və hələ də ona inananların önündə hesabatdan yayınmaq üçün əlindən gələni edir. Amma o gələn çox aciz təsir bağışlayır.

"Payız gəlir və hökumət narahatdır, bu da xalqa xoş xəbərdir" söyləyən Əli Kərimli deyəsən, xəyallarına o qədər aludə olub ki, hökumətin, yəni hakimiyyətin "həyacan təbili çalmasından" bəhs edir.

Aşkar absurd təsiri bağışlayan bu açıqlamanı geniş şərh etməyərək vurğulamağa dəyər ki, irrasional vədlərini KÜTlə saydığı vətəndaşlarımıza ünvanlayan bloqer yenə də yanılır.

Payızda ekstraordinar, gözlənilməz və ya təxminlənməyən bir prosesin yaşanması gözlənilmir.

Əli Kərimli daha sonra vurğulayır: "Heç kimdən dəstək almamaşıq, almırıq və heç buna ehtiyacımız da yoxdur. Biz, sadəcə, əməkdaşlıqda maraqlıyıq".

Bu isə artıq yalan yox, ağ yalandır. Nədən ki, məhz AXCP sədri Əli Kərimli rəhbərlik etdiyi partiyadan yararlanaraq son onillər ərzində on milyonlarla dolları qrantlar, yardımlar, ən müxtəlif "layihə"lərə "maliyyə dəstəyi" qismində ələ keçirib.

Mütəllibov iqtidarı ilə kuluar danışıqlar aparan, Elçibəyin otağına gizli dinləmə cihazı quraşdıran, "Xankəndi" və "Qurd qapısı" restoranlarında YAP-ın icraçı katibinin müavini Siyavuş Novruzovun da qatıldığı görüşlərdə gizli danışıqlar aparıb hakimiyyətlə sövdələşən, əmisi oğlu İnqilab Kərimov vasitəsilə "Proqnoz"dan göstərişlər alan və bunun sayəsində İ.Kərimovu Milli Məclisə salan, balıq vətəgəsini "üzüyola" olduğu üçün hədiyyə alan, İranın kəşfiyyatında "Əli" adlı agent kimi qeydə düşən adam ədalətdən, vicdandan danışanda gülməli mənzərə alınır. İki jurnalistə tapşırıq verib "Elçibəy sifilisdir" yazısı yazdıranın da kimliyi bəlli...

Ə.Kərimli indi müxalifətdaxili mübahisələrdən, münaqişələrdən bəhs edir. O kəs ki, siyasi karyerası siyasət adlı intriqalardan ibarət olub, müxalifətin saysız-hesabsız birliklərini, ittifaqlarını və s.-ni quranların sürəkli "tənqidçisi" olub, həmin strukturları darmadağın edən şəxslərdən biri kimi tanınıb.

İntriqalardan uzaq qaçdığın, müxalifətdə məntiqli, səmimi və soyuqqanlı davranmağın tərəfdarı olduğunu vurğulayan AXCP sədri cəmi iki dəqiqə sonra seçkiləri boykot etdiyini vurğulayır və hətta REAL-ın lideri İlqar Məmmədovu suçlayır, "bu adam məni erməni işğalçılarına əlaltı olmaqda suçlayır" söyləyir.

Daha sonra Ə.Kərimli Azərbaycanda mitinqlərin önü açılmasa, yəni AXCP və "Milli Şura"ya harada, nə zaman istədi aksiyalar keçirmək imkanı verilməsə, ölkəmizə qarşı Qərbin  ciddi sanksiyalar tətbiq edəcəyini vurğuladı.

Yəni öz aləmində rəsmi Bakıya xəbərdarlıq etdi.

Bütün bunlardan sonra Ə.Kərimli özünü ciddi siyasətçi, qarşıalınmaz siyasi təsir imkanlarına malik adam hesab edir?

Ona hələ də inananların halına, sadəcə acımaq olar.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.