Siyasət

Yalançıların yeni həşiri: yenə də öndə Əli Kərimli

20 Avqust 2019 13:49
Baxış: 1 654

Sosial şəbəkələrdə yenə "xalq hərəkatı", "mitinq", "etirazlar", "istefa" kəlmələri sıralanıb. ənənəvi və radikal müxalifət yenə vədlər verir, çağırışlarda bulunur, nələrisə necəsə edəcəyindən bəhs edir.

AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, "Milli Şura"nın lideri Cəmil Həsənli, habelə digər nimdaş partiyaların "rəhbər"ləri, küləş təşkilatların "sədr"ləri və ələlxüsus da xaricdə çeşidli ölçülü, müxtəlif çaplı yuvalarla ciblərə sığınmışların "inqilab mahnı"ları adlı səs-küy yenə ucalıb.

Amma bu "mahnı"nı dinlədikcə köpüklü pafosdan sonra ilənmiş balıq qoxusu hiss olunur.

Bəlkə də ölü siçovul iyi.

"Relax" İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydüyünə görə, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı haqda məhkəmə qərar çıxarıb.

Və təbii, kim şübhə edər ki - AXCP sədri, daha doğrusu, sədrlikdən çoxdan bloqerliyə tranformasiya etmiş Əli Kərimli dərhal bu olaydan yararlanmağı fürsət bilib.

Lerik rayonundakı hadisəni mütləq şəkildə öz aləmində hakimiyyətə, əslində isə dövlətə qarşı çevirməyə çalışan Ə.Kərimli həmişəki ampluasındadır.

Adam həvəslə, xüsusi şövqlə yalan danışır və yazır.

Əvvəlcə olayın özü barədə - olduğu kimi.

Vergilər Nazirliyi Lerik rayonunda fəaliyyət göstərən "Relaks" istirahət və turizm mərkəzində vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti aparmaq üçün avqustun 16-da tədbir keçirmək istəyib.

DİN və Baş prokurorluğun bununda bağlı yaydığı birgə açıqlamada deyilir:

"Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olmuşdur. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilmişdir. Bundan başqa, "Relaks" istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişlər.

İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmamışdır.

Bu səbəbdən real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir.

Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşmiş, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilmişdir. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməmişdir. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməmiş, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirmiş, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetirmişlər.

Həmin faktla bağlı cinayət işi başlanmış, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunmuşlar.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülmüş, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunmuş, vergi əməkdaşlarının "Relaks" istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilmişdir.

Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, hadisələrin baş vermə məkanı fiksasiya olunmuş, maddi sübutlar götürülmüş, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilmişdir.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu,  Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir".

Bu qədər konkret. Yəni vergi ödəməkdən yayınan, üstəlik Vergilər Nazirliyinin əməkdaşlarını daşa basan adamların barəsində zəruri ölçü götürüləcək.

Əli Kərimli isə az qala hayqırır, "korrupsiya", "özbaşınalıq" yazır, "hakimiyyət hara baxır?" soruşur.

Hakimiyyət həmişə baxdığı yerə, yəni hadisələrə və həqiqətə baxır, cənab bloqer.

Sizin baxdığınız yerləri xatırladaqmı?

Əli Kərimli 1992-1993-cü illərdə Prezident Aparatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri və Azərbaycan Respublikasının dövlət katibi vəzifələrində fəaliyyət görüntüsü yaradanda xanımı Samara Seyidova Azərbaycan Respublikası Prezidenti yanında əfv məsələləri üzrə şöbənin rəhbəri idi.

Ərlə arvad bir evdən iki xidməti maşında çıxır, iki maşında gəlirdilər.

Normal idi? Ola bilər, Əli Kərimli buyurar ki, ərlə arvadın dövlət işlərində çalışmalarında nə qəbahatə var ki.

Mümkündür, bəlkə də yoxdur, amma konkret halda var.

Özü də qəbahət çox böyükdür - Əli Kərimlinin 26 ildən bəri bitib-tükənməyən mənasız və boş iddiaları kimi.

Çünki...

Hər gün, əksər hallarda gündə bir neçə dəfə Facebook-da statuslar paylaşan, YouTube-dakı bir neçə "müstəqil bloqer"in kanallarında Skype vasitəsilə lövbər salan Ə.Kərimli unudur ki, hər şey onun Facebook səhifəsində tələm-tələsik yazdığı statuslar kimi absurd deyil.

Əli Kərimli çox zəif və perspektivsiz siyasətçi olduğu kimi, marazmları sıralayan yararsız bloqerdir.

AXCP-Müsavat duetinin hakimiyyətdə olduğu dönəmlərdəki başıpozuqluğu, hakimiyyətsizliyi, dərəbəyliyi, xofu və anarxiyanı guya unutduğunu göstərməyə, əslində isə unutdurmağa çalışan Ə.Kərimli "özbaşınalıqlar"dan şikayətlənir.

Halbuki məhz Ə.Kərimli korrupsiya, özbaşınalıq və rühvətxorluq girdabına yuvarlanmış diletant, bacarıqsız hakimiyyətin təmsilçisi idi.

Bloqer Kərimlinin yaddaşı zəifləyibsə, xatırlada bilərəm.

Məsələn, 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə o zamankı dövlət başçısı Əbülfəz Elçibəy üzünü məmurlara tutaraq demişdi: "Rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan, heç olmasa 100 minlərlə al... Yarım milyonunu alırsan, sonra da deyirsən ki, təqsiri yoxdur, buraxırsan, çıxır gedir".

O zaman Ali Məhkəmənin sədri olmuş Tahir Kərimlinin həmin müşavirədə dediklərini də Əli Kərimliyə xatırladım: "Vəziyyət bütün sahələrdə ağırdır. Ağırlıq ona görədir ki, quldurluq, soyğunçuluq, rüşvətxorluq cinayətləri 10 illə müqayisədə 1992-ci ildə 4 dəfə artıb... Bəli, rüşvətxorluq respublikanı başına alıb gedir... mən axı hakimə necə deyə bilərəm ki, milyoneri işə bərpa edirsən, qayıdıb mənə deyər ki, Pənah Hüseynov milyarderləri bərpa edir. Nazirlər Soveti bu gün milyarderlərdən ibarətdir. O adamlar ki cinayətkardır...., onlar bu gün Nazirlər Sovetinə, Dövlət Aparatına yığışıblar...".

Əli Kərimli isə həmin müşavirədə xeyli udqunandan, qəzəblə ətrafına baxandan, sonra da pərişanlaşandan sonra söyləmişdi: "Respublikada bütövlükdə nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezident fərman və sərəncamlarının icrası qənaətbəxş səviyyədə deyil. Bəzən elə ab-hava yaradırıq ki, qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik demokratiya ilə eyniləşdirilir. Çox təəssüf ki, hətta fərmanlar icra olunduğu təqdirdə belə istənilən nəticəni vermir. Qarşıya qoyulan nəticəyə nail olunmur".

Daha sonra o, Əbülfəz Elçibəyə az qala subliminal mesic ünvanlayaraq mənsub olduğu hakimiyyətin əslində yararsız və bivec olduğunu etiraf edərək buyurmuşdu: "Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanılması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib... İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb və hətta ayrı-ayrı cinayət faktları göstərir ki, hüquq mühafizə orqanlarının da müəyyən vəzifəli şəxsləri daxil olmaqla, artıq dövlət orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr formalaşmaqdadır".

Əli Kərimli haqqdan, ədalətdən, "cinayətin cəzasız qalmasından" danışır.

Daha bir xatırlatma: məhz Ə.Kərimlinin dövlət katibi olduğu dönəmdə daxili işlər naziri İsgəndər Həmidov "İstiqlal" qəzetinin baş redaktoru Zərdüşt Əlizadəni kabinetində döyüb, külqabını başına çırpmış, daha sonra qəzetin bir nüsxəsini ona yedirtmişdi. Əbülfəz Elçibəy nə qədər təkid etsə də, İsgəndər Həmidov jurnalistdən üzr istəmədi. Nazirə gücü çatmayan Əbülfəz Elçibəy əlacsız qalıb Zərdüşt Əlizadədən özü üzr istədi. Hətta İsgəndər Həmidov qəzetin nömrəsini ona yedirtmişdi.

İsgəndər Həmidovun sonra "Ayna"-"Zerkalo" qəzetinə hücum çəkərək jurnalist Cahangir Hüseynovu döyməsinin ki, canlı şahidiyəm, unutmamışam, Əli Kərimli.

Məhz sizin hakimiyyətiniz dövründə polkovnik Surət Hüseynov at oynadırdı, kimsəni saymırdı, hətta Bakıdakı hakimiyyət "gic sürüsü" adlandırır, "onları adam yerinə qoymuram" deyirdi.

Yevlaxda Yunun ilkin emalı fabrikinin rəhbəri olmuş Surət Hüseynov o qədər pul toplamışdı ki, başına böyük bir silahlı dəstə yığmışdı. Heç kəslə hesablaşmırdı, AXC-Müsavat hakimiyyəti ona düşmən münasibət bəsləsə də, qorxudan nəinki cəzalandıra bilməmişdi, əksinə ona Milli Qəhrəman adı da vermişdi.

Sonra nə oldu, xatırladım, Əli Kərimli?

Baş prokuror İxtiyar Şirinov öz prezidentinin həbsinə sanksiya imzaladı.

Bu rüsvayçılıqdan bir gün əvvəl isə sizin hakimiyyətin polkovinikini S.Hüseynov otağında diz çökdürmüşdü.

Müdafiə naziri Rəhim Qazıyevin bivecliyi, onun nazir olduğu dönəmdə "informasiya-analitik xidmət"ə başçılıq etmiş Leyla Yunusun  tərbiyəsizlik həddinə çatan davranışı və erməni ruhu, general Baba Nəzərlinin çıxardığı pəstahlar...

Belə biabırçılıqlar siyahısını bəs deyincə uzatmaq olar, amma nə hacət?! Məncə, yetər.

Yaşadığı yaramazlıqlar dönəmini indi az qala "qəhrəmanlıq salnaməsi" kimi təqdim edən Əli Kərimli düşünsə, olanları xatırlasa, pis olmaz.

"Relax"a gəldikdə isə, belə yaramazlıqlarla məşğul olan istirahət mərkəzləri və şirkətlər Azərbaycanda var. Onlara da növbə çatır, Əli Kərimli, əsla narahat olmayın.

Vergilər Nazirliyinin bu məsələdə prinsipal mövqeyini dəstəkləyir və bəyənirəm. Təqdir olunası işlərdir.

Eyni zamanda, bu və digər iş adamının, yaxud "məmur himayəsindəyəm" deyərək özünü toxunulmaz hesab edən əliəyrinin fırıldağını və qanunlara meydan oxumasını bütün ölkəyə şamil etmək absurddur, qərəzdir, məntiqsizlikdir.

Elə həmin "Relax"dakı olaydan da görünür ki, qanunsuzluq olanda dövlət qurumlarının mənsubları əli əyrilərin üstünə gedir, qanunun təmin olunması üçün qətiyyət və iradələrini ortaya qoyurlar.

Bir faktı yüz müstəviyə inikas etdirib siyasiləşdirmək, məntiq eybəcərliyini ədalət axtarışı kimi qələmə verməksə ən azı vicdandan və ədalətdən kənar olaydır.

Bəlkə yox, bloqer Əli Kərimli?

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.