Siyasət

Emin Milli "oyanış"ı: gec də olsa, anladı

9 May 2019 13:19
Baxış: 2 622

40 yaş insan həyatında kamilləşmə və müdrikləşmə zamanı sayılır. Çox xalqlarda və mədəniyyətlərdə bu yaşın sakral çəkisi var, hətta rəqəmə mənsub olmadığı yükü də verirlər.

Siyasətdə yaş anlamı sosiumun digər fəaliyyət sahələrindən fərqli anlam kəsb etdiyindən kimin 20, kimin 80 yaşlı olması onun mövqelərinə, xüsusilə də dediyi və yazdığı sözlərə təyinedici xüsusi vermir.

Əslində, verə də bilməz: dünyagörüşü yaşdan asılıdırsa, məntiq, ağıl, mühakimə qabiliyyəti yaş senzinə bağlı deyil.

Emin Milli isə, deyəsən, aprior sayılan, aksiom qismində qəbul olunan məqamları yeniləmək qərarına gəlib.

Hazırda Emin Millinin "intibah"ını seyr etməkdəyik.

Süni təsir bağışlasa da, şüur inkişafı və qavram renessansı görüntüsünə can atılır.

Emin Abdullayevin, yəni Emin Millinin 2018-ci ildə "Meydan TV"dən kənarlaşdırılması və onun bu yaxınlarda "istefa verirəm" bəyanatı ilə situasiyanı öz xeyrinə həll etməyə çalışması manipulyasiyanın ən sadə, primitiv forması idisə, indi o, "təkmilləşmək" niyyətindədir.

E.Milli son günlərdə mövqelərinin dəyişməsinə dəlalət edə biləcək ünsür qismində qəbullanmasını arzu etdiyi iki açıqlama ilə çıxış edib.

Facebook-da yaydığı həmin açıqlamaların biri Bakıda, Süleyman Rüstəm küçəsindəki molokan ibadətxanasının binasında fəaliyyət göstərən "Salaam Cinema" ilə bağlıdır.

"Mənə, Rəşad Şirinə deyirdilər ki, bizdə siyasətçi bazarda sadə insanlarla gedib danışa bilməz. Ilgar Mammadov getdi və "Salaam Cinema Baku" kinoteatrın yerləşdiyi tarixi abidə uğrunda mübarizə aparan gözəl gənclərə dəstəyini göstərdi. İstək varsa və cəsarət varsa onda hər şey mümkündür!

Mübarizə aparan gənclərin, Mehriban Əliyevanın və müxalifət liderlərindən biri, İlqar Məmmədovun da bu məsələdə istəkləri və marağları üst-üstə düşür. Nə gözəl!

Bu ölkə bizim ölkədir və biz birlikdə bu vəziyyətdən çıxmalıyıq. Düşmənçilik yox, kompromis, sevgi, dialoq yolunu getməliyik. Bütün tərəflər eqolarını kənara qoyub bu xalqın və millətin gələcəyi üçün ümümi bir məxrəcə gəlməlidir", - Emin Milli yazmışdı.

Onun Facebook paylaşımına ilk reaksiya verənlərdən biri "müstəqil" jurnalist Xədicə İsmayılova olub. "Azadlıq" radiosunun qalmaqallı sabiq mənsubu yazıb (orfoqrafiya və punktuasiya olduğu kimidir, - E.A): "Oraya getmək müxalif siyasətçi üçün yox, oradakı adamlar üçün risk yaradır. İlqar Məmmədovdan getmir söhbət, əlbəttə ki. O heç kim üçün risk yaradacaq əhəmiyyətdə deyil artıq.

ADNA mitinqində hadisə belə olub. Aksiya yaxınlığında kafedə görüşdə olan İlqar Məmmədov çıxır, görür aksiya var, keçir mərkəzə və deyir, dağılışın. İsmayıllı hadisələrində bəli o özünü riskə atdı. Amma İlqar Məmmədovun oraya getməsi oradakılar üçün risk yaratmadı. Salaamda da İlqar üçün heç bir risk yoxdur. Əli Kərimli gəlsə, onun üçün də yoxdur. Amma Kərimli gəlsə, salaamçılar üçün risk yaranır. İndi o başqaları üçün risk yaratmaq ehtimalını öz PR-ından üstün tutmaqda düz edir, ya səhv edir, bu, haradan baxdığına bağlıdır".

Göründüyü kimi, AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdəki trol yığnağının "möhtəşəm sədr"ə verdikləri dəstəyin marazmatik həddə çatdığını hiss edən X.İsmayıl situasiyaya bir qədər intellektual çalarlar qataraq cəsarətli olduğunu vurğulamaqdan sanki maniakal həzz alan Əli Kərimliyə bəraət qazandırır.

Ə.Kərimlinin tutarqasız "alibi"sinə görə, sən demə, AXCP sədri zərurət yaranan təqdirdə az qala "Marvel" komikslərinin qəhrəmanları kimi, özünü hadisə yerinə çatdırır.

Di gəl, hakimiyyət Əli Kərimlinin belə şəfqətli, cəsur, mərhəmətli, qorxmaz, igid və müdrik qəlbinin həzin çırpıntılarını duymur, onun dediklərini eşitmir və ümumiyyətlə, Qalaktika miqyasında lider məziyyətlərinə malik bu adamı saymır.

Tam əksinə, Əli Kərimlinin halından xəbər almağa, yoluxmağa getdiyi şəxslərə əzablar və işgəncələr verilir, onun yollandığı yerlər ya qapadılır, ya sökülüb viran qoyulur.

Belə bir mənhus, hətta məşum mənzərə var ortada, Əli Kərimli də başqalarına problem yaratmamaq üçün haralarasa nə zamansa getmək fikrindən vaz keçirmiş.

Çox istəsə də.

Evində var-gəl edən, əlindəki telefonu səbirsiziklə oynadan, aradabir pəncərəyə yaxınlaşıb oradan çölə qəm səpilmiş iradəli baxışlar atan Əli Kərimlini göz önünə gətirdinizmi?

Çətin də olsa, çalışın.

"Respublikaçı Alternativ" Partiyasının sədri İlqar Məmmədov siyasi fiqur kimi zəif, ölkə müxalifətində perspektivləri mücərrəd şəxsdir, amma nə isə etməyə çalışır.

"Nə isə etmək" istənilən halda heç nə etməməkdən və ya nə isə etmək adı ilə siyasi əllaməçilikdən, dağıdıcılıqdan və qaraguruhçuluqdan üstündür.

AXCP sədri bunu bilir, amma bilməzdən gəlir.

Sosial şəbəkələrdə onu bəh-bəhlə tərifləyənlər təki.

Emin Milli də, deyəsən, vəziyyətdən hali olub və ölkə müxalifətinin durumunu, habelə olmayan perspektivlərini qısaca şərh etmək qərarına gəlib.

O yazıb: "Müxalifətin Azərbaycanda siyasi prosesləri dəyişməyə gücü yoxdur. 3 ay mitinq icazəsini gözləmək, olmayan seçkilərdə qələbə qazanmaq illuziyası ilə yaşamaq elə bu vəziyyətin bariz göstəricisidir.

Bunları mən sevinərək demirəm, sadəcə istəyirəm ki, reallıqı olduğu kimi deyək, acı həqiqəti görək və özümüzə və xalqımıza nağıl danışmayaq. Yalnız bu halda biz bu vəziyyətdən real çıxış yolunu tapa bilərik.

Bu hakimiyyətin legitimliyini də bu xalq etiraz etməməyi ilə, Meydan TV kimi layihələri dəstəkləməməklə qəbul edib.

Heç bir sosial qrup və ya müxalifət partiyası da bu durumu dəyişə bilmir.

Son zamanlarda ölkədə əhalinin gəlirləri nisbətən azalıb və sosial narazılıq bir az artıb. Amma bu hökümət üçün təhlükə yaradacaq bir nöqtəyə hələ çatmamışıq. Bu, yalnız hökümətə ciddi bir siqnaldır. Məncə, hökümət də bu siqnalı indi qəbul edir.

Hökümət indiki mərhələdə real olaraq yalnız iqtisadiyyatda və idarəçilikdə dərin və cəsarətli islahatlar apara bilər. Bütün ölkənin və ilk növbədə, bu hakimiyyətin buna ehtiyacı var.

Azərbaycan indiki mərhələdə Sinqapur, Cənubi Koreya, "developmental state" yolunu getməlidir. Hökümət bunu çəkinmədən açıq elan etməlidir. Hər kəsin iqtisadi azadlıqlarını təmin edəcəyini, amma siyasi azadlıqlarını hələ bu mərhələdə təmin edə bilməyəcəyi haqqında açıq danışmalıdır. Heç kimnən də qorxmaq lazım deyil. Belə səmimi söhbəti xalq mütləq dəstəkləyəcək.

Lee Kuan Yew kimi açıq bu barədə danışmaq lazımdır. Xalqın gözləntiləri düzgün idarə edilsə biz dövlət və cəmiyyət olaraq çox irəliyə gedə bilərik".

"Meydan TV"nin sabiq nominal rəhbəri radikal müxalifətin ünvanına yolladığı bəyanatvari ismarıcın ifrat sərt alınmasından ehtiyatlanaraq sonda bildirib: "Eyni zamanda insanlar da, müxtəlif sosial qruplar da, öz haqqlarını tələb etməkdə davam etməlidilər, issue-based məsələləri qaldırmalıdılar, etiraz etməlidilər, hökümətin nöqsanlarını açıq müzakirə etmək imkanına malik olmalıdılar".

Emin Milli, əslində, bir subyektdir və müxalifətdəki vəziyyəti obyekt qismində qəbul ediriksə, baş verənləri səciyyələndirməyə yardım edir.

O, sövqi-təbii olaraq "etiraf+çağırış" tipli açıqlamaları ilə aydın məqamları bir daha dəqiqləşdirir.

Durum sadədən də sadədir.

Ölkədə 26 ildən bəri mitinqlər, piketlər, yürüşlər və etiraz aksiyaları vasitəsilə hakimiyyətə gəlməyə ümid edən radikal müxalifətlə Azərbaycanda kənarda olan "müstəqil bloqer"lər, "siyasətçi"lər və "jurnalist"lər fəaliyyətlərini təmərküzləşdirmək, səylərini birləşdirmək qərarına gəlsələr də, heç nə alınmır.

Alınması da mümkün deyil, çünki "bəylər, səylərimizi bir araya gətirək" bəyanatlarından sonra ortaya çıxan əməllər və cəhdlər yox, səylər olur.

O səylər ki, smartfon kamerası önünə keçərək söyüş, təhqir ifraz edir, öz əxlaqsızlıqlarını, mənəviyyatsızlıqlarını və debilizmlərini ortaya qoyurlar.

Siyasi mübarizəni isteriyanın bir növü qismində qəbul edənlər, sosial şəbəkələrdəki trol yığnağının virtual çığırtılarını "xalqın dəstəyi" sayanlar Emin Millinin yazdıqlarını diqqətlə oxumalıdır.

Təbii ki, "Meydan TV"nin sabiq, daha doğrusu vəzifəsindən zorla kənarlaşdırılmasını "könüllü istefa" kimi izah edən rəhbərinin öz maraqları var və o, mənafelərini reallaşdırmaq üçün yeni yol seçib.

Amma nə də olsa, dünənədək "Biz gəlirik!", "Qərb bizimlədir!" deyənin indi total məğlubiyyəti etiraf edərək yanlışlığını gec də olsa, anlaması pis deyil.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.