Siyasət

Bakıda "Məhsul" fotoatelyesi: şəkil çəkdirənlərin mitinqi

19 Yanvar 2019 18:10
Baxış: 5 618

Bakı, Yasamal rayonu, "Məhsul" stadionu. Bu gün AXCP və Milli Şura həmin məkanda mitinq keçirdilər.

Ənənəvi, az qala sümükləşmiş ssenari əsasında baş tuutan mitinq əvvəlkilərindən heç nə ilət fərqlənmirdi. Daha çox toplantı təsiri bağışlayan bu aksiyada yenə də eyni simalar tribunada idilər. Cüzi fərq mikrosopik REAL hərəkatının lideri İlqar Məmmədovun tribunada yer alması idi.

Saat 15-dən 17-dək davam edən mitinqdə "Milli Şura"ya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının təqribən 2800 nəfər üzvü və təəssübkeşi iştirak edib.

10-a yaxın adam çıxış etməsinə baxmayaraq, heç bir real təklif səslənmədi, konstruktiv ideya irəli sürülmədi.

Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.

Əli Kərimli digər partiayların rəhbərlərinin aksiyaya qatılmamasından istifadə edərək özünü müxalifətin lideri kimi qələmə verdi, mitinqi təkbaşına təşkil etdiyini iddia etdi və kütləyə inanılmaz vədlər verdi.

Vətəndaşların ifadə və sərbəst toplaşma azadlıqları kimi toxunulmaz, bariz hüquqlarından yararlanaraq bir araya gəlmələri özünü normal sayan cəmiyyət üçün rutin hadisədir. Demokratik cəmiyyətlərdəsə mitinq və nümayişlər sosiumun yaşam ünsürləri arasında yer alır.

Azərbaycanda müxalifət düşərgəsi mütəmadi mitinqlər keçirir, hakimiyyətə gələcəklərini açıqlayır və dübarə hakimiyyət qarşısında tələb qoyurlar.

Felin zərf formasının müxtəlif əyarlardakı izharlarına varan Əli Kərimli ilə Cəmil Həsənli hər mitinqdə hakimiyyəti hədələyir, ən müxtəlif əməllərə son qoyulmasını tələb edirlər.

Halbuki hədələnən və təhdid edilən hakimiyyət də cavab haqqından istifadə edərək mitinq kəlməsinin bunca ucuzlaşdırılmaması üçün mitinqlərə son qoyulmasını təvəqqe edə bilərdi.

Etmir, çünki AXCP ilə özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran təşkilatların nəyə qadir olduqlarını, daha doğrusu, nələrə heç qadir olmadıqlarını yaxşı bilir.

Əli Kərimli artıq iki həftədir ki, xalqı bu mitinqə səsləyir. Müxalifət düşərgəsində yüzlərlə insan da Facebook-da çağırışlar edir, xarici ölkələrdəki "bloqer"lər də YouTube-da az qala Varfolomey gecəsinin yerli variantını təşkil edərək şüarlar səpələyirlər.

Azərbaycanlı olduqlarını deyən bu Azərbaycansızlar buyururdular ki, bəs Azərbaycan əhli yanvarın 19-da "Məhsul"a nə qədər çox mənsubunu yollarsa, demokratiya bir o qədər güclənər, hakimiyyət də elə o qədər zəifləyər.

Yəni deyilənlərə inansaq, "Məhsul"a 100 min nəfərin yığışması yetərdi ki, Azərbaycanda hakimiyyət dəyişsin.

Bu, sadəlövhlüyün maksimum həddi sayılardı - hiyləgərlik və fariseylik olmasaydı.

Fransada aylardır ki, "sarı jiletlilər"in aksiyaları səngimir. Son iki həftədə Paris küçələrinə 350 mindən artıq insan çıxıb hakimiyyətin dərhal, təcili gedişini, prezident və hökumətin istefasını tələb edirlər.

Parisin mərkəzi küçələrində etirazçılarla polis toqquşur, yüzlərlə insan saxlanılır. Fransadakı etiraz aksiyalarında həlak olanların sayı artıb 3 nəfərə çatıb. Tutulanların sayı isə 3 mini keçib.

Fransada hakimiyyət dəyişib, yoxsa hökumət istefa verib? Yox.

Tam əksinə, DİN başçısı Kristof Kastaner bildirib ki, "etiraz aksiyalarını iğtişaş kimi anlayanlara qarşı asayiş strukturları daha sərt, daha qətiyyətli olacaqlar".

Yəni müsyö Kastaner etiraz yürüşlərinə qatılanlara və qatılmaq niyyətində olanlara barmaq hesabı ilə başa salır ki, yaxşı heç nə gözləməsinlər: rezin dəyənəklər, gözyaşardıcı qaz, su şırnaqları, polis təpikləri və yumruqlar olacaq.

Azərbaycan müxalifətçilərinin işıq görünən tərəf saydıqları Qərb isə susur. Ən yaxşı halda Fransadakı etiraz aksiyalarını amansızlıqla yatıran, minlərlə insanı döyüb saxlayan fransız polislərinin davranışını müzakirə belə etmək istəmirlər.

Qərb ölkələrinin ən aşağı səviyyələrinə sığınmış, gündüzlər tikintidə və ya restoranda çalışan, axşamlar Azərbaycandakı tikintilərdən çayxana söhbətləri edib "bloqer"lik yapanların səs gələn tərəf saydıqları "demokratik dünya" Parisdəki olaylara səsini çıxardımı?

Susdu, etirazlar olmadı.

Azərbaycana ünvanlanan fasiləsiz nəsihətlər, ağılöyrətmələr, barmaq silkəmələr, çatılmış qaşların qovzanmağı təki proseslər yaşanmadı. Paris küçələrində etirazçıları polisin xurd-xəşil etməsini Qərb adi hal saydı, yürüşlərin və mitinqlərin qanunsuz, sanksiyalaşdırıdlmamış aksiyalar olduğunu dedi. Hüquqları pozulan, döyülən, şikəst edilən vətəndaşlara divan tutan fransız polislərin davranışı isə "qətiyyətli və iradəli" hesab olundu.

Avropa Parlamenti, AŞPA, "Sərhədsiz reportyorlar", "Beynəlxalq amnistiya", NED və digər liberal əbalı adamların toplaşdıqları "demokratiya" yığnaqları özlərini lal, kar və kor orqanizmlərə çevirdilər.

Necə ki, Almaniyada, İspaniyada, Portuqaliyada, ABŞ-da etiraz aksiyalarına çıxanlara qarşı həddən artıq qəddar rəftar göstərən polislər barədə bir kəlmə (!) də deyilməmişdi.

Çağdaş Avropa demokratiyasının primitiv, bəsit və sadə ehtimal olunan məntiqinə görə, avropalı polislər nümayişçiləri təpikləyər, mitinqə gedənləri rezin dəyənəklərlə döyüb şikəst edər - fəqət Azərbaycanda polis "Haydı, mitinqə!" yazandan sonra aşkar təhqirə və təhdidə keçənlərə xəbərdarlıq edə bilməz.

Sən demə, Avropa ölkələrində küçələrə çıxıb etiraz edənlər "Qərb demokratiyasını sarsıtmaq istəyən kənar güclərin sifarişini yerinə yetirənlər", Bakıda "Məhsul" stadionuna yığışanlar isə tarix yazan igidlər, Azərbaycanın gələcəyini quran cəsurlar, demokratiya aşiqləri və insan haqları fədailəri imiş.

Bu gün "Məhsul"dakı mitinqlə eyni vaxtda Parisdə də yürüş başlanmışdı. Lakin Azərbaycan DİN-dən fərqli olaraq, Fransa polisi və Jandarm Qüvvələri parislilərin yaşadıqları evlərin qarşısından keçənləri "ölkədəki stabilliyi pozmağa çalışaraq demokratiyanı hədəfə alanların qanunsuz aksiyası" adlandırdı.

Fransanın ən nüfuzlu qəzetləri, saytları, telekanalları, radiostansiyaları sanki səs-səs veribmiş təki, aksiyaya qatılanların kölgələrini qılınclayırlar.

Halbuki Parisdəki aksiya fransızların sistemli müxalifətinin etirazı, Bakıdakı "Məhsul"a toplaşanlar isə Azərbaycandakı sistemsiz müxalifətin hakimiyyətə təzyiq arzusu ilə yanaşı, Qərbdəki "ianə kisə"lərinə "ölməmişik, hələ varıq" mesajı idi.

Ki, AXCP və "Milli Şura"ya verilən sədəqələr kəsilməsin, Əli Kərimli və Cəmil Həsənli "effektiv müxalifət liderləri" sayılsın.

...Əli Kərimli və Cəmil Həsənli hər mitinqdən sonra deyirlər ki, bəs "əvvəlki aksiya ilə müqayisədə daha çox adam qatılmışdı".

"Məhsul" stadionunun heç 1/4 hissəsinin dolmadığını nəzərə alsaq, ya bu stadion çox sirli şəkildə genişlənir və bunu kimsə görmür, ya da mitinqə qatılanlar orada fotolarını çəkib selfini ərsəyə gətirəndən sonra çıxıb gedirlər.

Axı mitinq o qədər də önəmli deyil - əsas məsələ mübariz və qətiyyətli poza alıb sifətə ciddi görkəm yamayıb foto çəkdirməkdir.

Qərb ölkələrində sığınacaq almaq istəyəndən mitinqlərdəki iştirak sayı tələb olunmur, təqiblərə məruz qalmağın sübutu istənilir.

"Məhsul" isə məntiqi təqib edib çata bilməyən "lider"lərin çağırışından sonra ora gedənlər arasında selfi "aşina"ları üçün məqbul yerdir.

Bəlkə elə bu səbəbdən də müxalifət üçün məhsuldar olmayan "Məhsul" xaricdə sığınacaq almaq planı ilə oraya yollanan fərdlər üçün "Məqbul" olub.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.