Siyasət

Partiya sədri həmkarlarını niyə ittiham edir?

1 Aprel 2011 12:14
Baxış: 186
"Yeni format qarşılıqlı öhdəliklər əsasındakı birlik yox, əməkdaşlıq olacaq. Müxalifət düşərgəsinin aparıcı qüvvələri olan 8 partiyanın bir araya gəlməsi ilə bağlı təkliflərdən sonra aparılan danışıqların qiymətləndirilməsinə başlamışıq".

Azərbaycan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, indi onların qarşısında duran başlıca məsələ təşkilatlanma ilə bağlıdır. Məhz bu səbəbdən də partiya hazırda bu istiqamətdə fəaliyyətlə məşğuldur.

İctimai Palata və müxalifətin digər strukturları ilə əməkdaşlığa gəldikdə isə, Vətəndaş və İnkişaf Partiyası bunun formatı ilə formasını arayır.

"Təşkilatlanmağımız başa çatandan sonra İctimai Palatada təmsil olunmuş partiyalarla hər hansı formada əməkdaşlığımız mümkündür. Son hadisələr bir daha göstərdi ki, İctimai Palata ilə bağlı dediklərimiz və tutduğumuz mövqe özünü tam doğruldur. Bu struktur müəyyən şəxslər və partiyaların müxalifət düşərgəsində hegemonluğunun təminatına yönəlmiş cəhdlərin reallaşdırılması məqsədi güdür. Biz isə müxalifət qüvvələrinin bərabər şərtlərlə bir araya gələrək, əməkdaşlıq və tərəfdaşlıq etməsinin tərəfdarı olmuşuq. Belə mövqedə duran bütün partiyalarla əməkdaşlığa hazırıq və həmin təşkilatların müəyyənləşdirilməsi istiqamətində işlərə başlamışıq", - Əli Əliyev dedi.

Onun dediyinə görə, əməkdaşlıq qərarı verilərsə, işbirliyi mütləq şəkildə bərabər hüquqlar müstəvisində olacaq.

"Bəzi qüvvələr müxalifət düşərgəsində, artıq dediyim kimi, hegemonluğa can atırlar. Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının tutduğu mövqelər davranış qaydalarına ziddir. Belə vəziyyət varsa, təbii ki, həmin partiyalarla əməkdaşlıq etmək çox çətin olacaq. Görünür, kimlərsə elə hesab edir ki, ölkə müxalifətin ideya müəllifliyi onlara məxsusdur, bütün proseslərdəki siyasi xətti də məhz onlar müəyyənləşdirməlidir.

Onlar nəinki əməkdaşlıq - heç dinləmək istəyində deyillər. Həmin partiyalarla əməkdaşlığın alınması üçün ya onların davranışı dəyişməlidir, ya da ortaq maraqlar açıqlanmalıdır.  Onu da deyim ki, belə davranış qaydaları cəmiyyətin aldadılmasına xidmət edir. Ona görə də müxalifətdaxili inteqrasiyanın baş tutması üçün mövcud problemlərin həllinin labüd olduğunu, aradan qaldırılmasına ehtiyac duyulduğunu hesab edirik", - Ə. Əliyev dedi.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.