Siyasət

Ramiz Rzayev: “Elə etməliyik ki, Avropa Məhkəməsinə göndərilən işlərin sayı azalsın”

28 Yanvar 2011 18:38
Baxış: 177
APA-nın məlumatına görə, Azərbaycannın Avropa Şurasına üzvlüyünün 10 ilinin tamam olduğunu xatırladan Ramiz Rzayev bildirib ki, Azərbaycan eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasındadır: "Təbii ki, məhkəmənin təcrübəsi bizim üçün çox önəmlidir. Çünki biz Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuşuq. Biz bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu mükəmməl öyrənirik. Azərbaycan prezidentin bununla bağlı sərəncamı da var. Presidentlərin öyrənilməsi və tətbiq edilməsi məhkəmələrimizə tövsiyə edilib".

Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi ilə bağlı tövsiyə verdiklərini qeyd edən Ramiz Rzayev bu sahədə bir sıra tədbirlərin keçirildiyini də deyib: "Ən əsası odur ki, altı ildən çoxdur hər həftənin ikinci günü Ali Məhkəmədə bununla bağlı seminarlar keçirilir. Bu sahədə biz Avropa Məhkəməsinin hakimləri ilə də sıx əlaqələr saxlayırıq, onları Bakıya dəvət edirik ki, gəlib konfranslar keçirsinlər və bizim üçün maraqlı məsələlər barədə fikir mübadiləsi aparsınlar. Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri öncəsi də belə bir konfrans keçirildi. Bu il də belə əlaqələr yaratmağı nəzərdə tuturuq. Bu bizim üçün çox önəmlidir".

Avropa Məhkəməsində 2011-ci ilin açılışı ilə bağlı bu gün keçirilən tədbir barədə danışan Ramiz Rzayev deyib ki, toplantıda şuraya üzv ölkələrin nümayəndələri iştirak edirlər və bu iclasın mövzusu da Avropa İnsan Hüquqları Konvensiyasının şərhinin hüdudları ilə bağlıdır: "Yəni "bu hüdudlar hara qədər ola bilər" sualı ətrafında müzakirələr aparılır".

Ali Məhkəmə sədri deyib ki, Avropa İnsan Hüquqları Konvensiyası Azərbaycanda Konstitusiya istisna olmaqla, bütün qanunlarımızdan üstündür: "Ona görə də biz bütün bu qanunları öyrənməli və tətbiq etməliyik. Çünki bu hər bir halda bizim vətəndaşların, insanların hüquqlarının qorunmasına xidmət edir. Avropa Məhkəməsində yüz minlərlə işlər var və bunların öhdəsindən gəlmək çox çətindir. Ona görə də ölkələrin milli məhkəmələri öz vətəndaşlarının hüquqlarını elə mükəmməl qorumalıdırlar ki, bura gələn işlərin sayı azalsın. Təbii ki, bütün məhkəmələrin, istər Avropa Məhkəməsi, istər daxili məhkəmələrin məqsədi vətəndaşların pozulmuş hüquqlarını bərpa etməkdir. Biz nə qədər bunu mükəmməl etsək, vətəndaşlarımız üçün bir o qədər yaxşıdır. Bunun üçün də bizim Avropa Məhkəməsi ilə çox yaxşı təmaslarımız var".

Avropa Məhkəməsində aparılan islahatlarla bağlı Avropa Şurasının aprel ayında Türkiyənin İzmir şəhərində təşkil edəcəyi konfransda Azərbaycandan kimin iştirak edəcəyi haqda suala cavab verən Ali Məhkəmə sədri, bu toplantıya üzv ölkələrin ədliyyə nazirlərinin dəvət olunduğunu deyib. O qeyd edib ki, tədbirdə Azərbaycandan ədliyyə naziri Fikirət Məmmədov iştirak edəcək.  

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.