Siyasət

Rusiya üçün bahalı yük

29 Oktyabr 2014 16:26
0 Şərh     Baxış: 1 416

Avrasiya İqtisadi Birliyi Rusiya büdcəsinə illik 5,2 milyard dollara başa gələcək

Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə inteqrasiyası Rusiyaya il ərzində 5,2 milyard dollara başa gələcək. Yeni yaradılan qurum hələ "bissimillah" deməmiş artıq Rusiyanın özündə narazılıqlara yol açıb. Bu ölkənin bir sıra mətbu orqanları artıq indidən öz proqnoz və hesabatların dərc edir, qurumun Rusiyaya zərər gətirəcəyini bildirirlər. Beləliklə, 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı razılaşma qüvvəyə minir. Ermənistan parlamenti də ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulması barədə sazişi ilin sonuna kimi təsdiqləyəcək. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə Komissiyasının sədri Artak Zakaryan bildirib. O bildirib ki, Konstitusiya Məhkəməsinin yekun qərarından sonra prezident Serj Sarkisyan sənədi ratifikasiya üçün ölkə parlamentinə göndərəcək.

Qırğızıstan prezidenti Almazbek Atambayev isə dünən bəyan edib ki, ölkəsi "mümkün qiymət artımına baxmayaraq" Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına daxil olmalıdır. Onun sözlərinə görə, Gömrük İttifaqına birləşmək istehlak qiymətlərinin artmasına gətirə bilər, lakin qrupdan kənarda qalmaq "qiymətlərin daha sürətlə artmasına və inflyasiyaya" səbəb olar. Adları çəkilən ölkələrin quruma üzvlüyü prosesinin necə olacağına və Rusiyanın bunun üçün nələrdən keçdiyinə qısaca nəzər salaq.

Belarus "əmirliyi"


Belarusun quruma üzvlüyü məsələsi dəfələrlə gərginlik yaradıb. Hətta Minsk qurumdan çıxacağını belə bəyan edib. Prezident Aleksandr Lukaşenko tərəfdaş dövlətlər içərisində ən yolagəlməzi olub, desək, yanılmarıq. O, dəfələrlə təkid edib ki, Avrasiya İqtisadi Birliyi üzv dövlətlər üçün gömrük məhdudiyyətlərini aradan qaldırmalıdır. Rusiya isə buna qarşı çıxırdı və bu səbəbdən də dəfələrlə üzvlüklə bağlı sənədin qəbulu gecikirdi. Nəticədə isə Lukaşenkonun istədiyi oldu. Rusiya neftin ixracı ilə bağlı rüsumları ləğv etdi. İndi tərəflər arasında əldə olunan razılaşmaya görə, Belarus Rusiya neftini rüsumsuz ixrac edir. Lakin neft məhsullarının ixracından əldə olunan vəsaitə görə Rusiya büdcəsinə vəsait köçürür. Lukaşenkonun sözlərinə görə, əgər rüsumlar Belarus büdcəsində qalarsa, o, ölkəsində Əmirlik qura bilərdi. Həmin vəsait isə hesablamalara görə, ildə 5,1 milyard dollar təşkil edir.

Qazaxıstan - suverenlik ikona deyil

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Lukaşenkodan fərqli olaraq daha tez yola gələndir. Hər halda, o, Belarus lideri kimi ölkəsi ilə bağlı daha çox sövdələşmə aparmaq istəmir. Onu daha çox ölkəsi quruma üzv qəbul olduqdan sonra bunun suverenliyinə təsir edib-etməyəcəyi maraqlandırıb. Nazarbayevin əsas iradı qurumun funksiyaları ilə bağlıdır. O hələ ötən il bəyan edib ki, Gömrük İttifaqına üzvlüyün onlar üçün xeyirdən çox zərəri var. Ölkənin ticarət balansında disproporsiya artır: ixrac 4 faiz azalacaq (7 milyard dollar), idxal isə 17 milyard dollara yüksələcək. Qazaxıstanın ərzaq məhsullarının bazara çıxarılması çətinlikləri qalır. Prezident bəyan edib ki, ilk növbədə ət və ət məhsullarının Rusiya bazarına ixracında problemlər yaranır: "Rusiyanın enerji bazarına azad şəkildə daxil olmaq çətinləşir, elektrik enerjisinin tranziti imkanları məhdudlaşır. Bundan əlavə, Qazaxıstan mütəmadi olaraq Moskva qarşısında istehsal etdiyi qazın "Qazprom" vasitəsilə Avropaya çatdırılmasında sərbəst çıxış məsələsini qaldırır. Nəhayət, Qazaxıstan Avrasiya İnkişaf Bankının investisiya portfelindən yararlanır. Bankın investisiya portfeli bu ilin oktyabr ayının 1-nə kimi 5,27 mlrd. dollar təşkil edib. Bu vəsaitin 33 faizi Qazaxıstanda layihələrin reallaşmasına sərf edilir.

Ermənistan: Rusiya imperiyasına "yox"

Ermənistanla bağlı vəziyyət isə tamam fərqlidir. Bu ölkənin quruma üzvlük məsələsi uzun müddət müzakirə olundu və təxirə düşdü. Bəlli oldu ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrə daşınacaq malların gömrük rüsumlarının cəmi 1 faizini alacaq. Ermənistan həmçinin birliyə daxil olmaqla idxal etdiyi qazın qiymətini 270 dollardan 170 dollara kimi endirilməsinə çalışır. Lakin ən əsası, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv qəbul olmaqla təhlükəsizlik təminatı almaq istəyir. Görünən odur ki, qurum bu məsələdə ona dəstək verməyəcək. Ermənistan əvvəldən istəyirdi ki, işğal altında saxladığı Qarabağla birgə quruma üzv qəbul olsun. Amma Qazaxıstan prezidentinin israrlı təkidindən sonra bu, baş vermədi. Ermənistan öz sərhədləri daxilində quruma üzv qəbul edildi. Rusiya nəşri xüsusi vurğulayır ki, Ermənistanın quruma üzvlüyü Rusiyanın mənəvi təzyiqləri ilə müşayiət olunur. Ölkə əhalisinin üçdə biri quruma üzvlüyün əleyhinə çıxış edir. Müxalifət "Məcburi SSRİ adlı quruma üzvlüyə yox, Rusiya imperiyasına yox" şüarları ilə aksiyalar keçirir.

Qırğızıstan: çətin seçim

Qırğızıstanın qurma üzvlüyü isə nə az, nə çox, düz beş dəfə təxirə salınıb. Roza Otunbayeva prezident olanda ölkə Avropa İttifaqı ilə yaxınlaşdı. 2011-ci ilin sonundan Almazbey Atambayevin rəhbərliyi dövründə isə Qırğızıstanın simpatiyası Avrasiya İqtisadi Birliyinə doğru dəyişdi. May ayında Atambyev rəsmən bəyan etdi ki, ölkə 2015-i ili qurumda üzvlüklə qarşılayacaq. Dərhal da onun "ağrısız" olaraq quruma üzvlüyünün qiyməti bəlli oldu - 1 milyard dollar. Məhz bu qədər məbləği Rusiya rəsmi Astanaya ayıracağını söz verib. Bundan əlavə, nizamnamə kapitalı 500 milyon dollar olacaq Fond da yaradılır, elə bu həcmdə də güzəştli kredit ayrılır. Məlumat üçün bildirək ki, Qırğızıstanın ÜDM-i bütövlükdə 6,5 mlrd. dollar təşkil edir. Qırğızıstanın 5,5 milyonluq əhalisi əsasən Çin mallarının digər ölkələrə ixracı hesabına dolanır. İl ərzində bu vəsait 10 mlrd. dollar təşkil edir. Bişkek ətrafında Mərkəzi Asiyanın ən iri topdansatış ticarət mərkəzi yerləşir. Burada ən ucuz mallar satılır.

İnteqrasiyanın qiyməti

Yuxarıda qeyd etdiyimiz kimi, birbaşa xərcləri hesablasaq, onda inteqrasiya Rusiya büdcəsinə 2015-ci ildə minimum 5,2 mlrd. dollara başa gələcək. Lakin Rusiya prezidentinin müşaviri Sergey Qlazyev əmindir ki, inteqrasiya məsələsində qənaət etmək olar: "Biz daha çox kapitalın ölkədən getməsi zamanı itiririk. Bu, yüz mlrd. dollarlar edir. Ofşor oliqarxiya ilə mübarizə aparmaq lazımdır". Avrasiya İqtisadi Birliyinin iqtisadi komissiyasının rəhbəri Viktor Xristenko isə hesab edir ki qurumun yaradılmasından kimin udduğunu və yaxud uduzduğunu qoymaq düzgün deyil. Ekspertlər bildirirlər ki, Avropa İttifaqı qurumun genişlənməsindən mənfəətini 10-15 il sonra almağa başlayıb. Bu səbəbdən də indidən gəlirlər barədə danışmaq yersizdir. Beləliklə, Moskvanın Aİ-yə alternativ kimi yaratdığı Avrasiya İqtisadi Birliyi artıq indidən Rusiyanın özündə belə narazılıq yaradır. Hal-hazırda rusları belə bir sual düşündürür - axı belə bir qurum yaratmağa nə ehtiyac var idi? O ki qaldı onun Aİ-yə alternativ qurum kimi görünməsi, bu, ümumiyyətlə düzgün deyil. Tək bir faktı demək kifayətdir: Aİ könüllük əsasında yaradılan bir qurumdur, Avrasiya İqtisadi Birliyi isə zor və təzyiq yolu ilə formalaşdırılır. Zorakılıq və təzyiq yolu ilə yaradılan qurumlar isə müvəqqətidir. Hər halda, gözümüzün qabağında SSRİ təcrübəsi var.

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics