Təxminən 90 min dollar məbləğindəki borc 3 ay ərzində yığılıb.
Yerevanla Moskva arasında imzalanmış anlaşmalara görə, Rusiyanın Ermənistan ərazisindəki hərbi qruplaşmasının yük daşımaları və kommunal xərclərini ermənilər ödəməlidir.
Bu xərclər isə göründüyü kimi, 3 ayda ən azı 90 min dollar edir. Yəni kağız üzərində belədir.
İstənilən müstəqil dövlət üçün aşağılayıcı, mümkünsüz bir məsələdir. Heç bir dövlət öz ərazisində başqa dövlətin hərbi bazasının xərclərinin hər hansı hissəsini ödəmir. Əksinə, hansısa ölkə başqa dövlətin ərazisində hərbi bazaya sahibdirsə, o baza ilə bağlı bütün xərcləri artıqlaması ilə ödəməklə yanaşı, hərbçilərinin olduğu ölkənin mümkün narazılığının qarşısını almaq üçün müxtəlif formada əlavə ödənişlər edir.
Məsələn, ABŞ Yaponiya ərazindəki hərbi bazaları ilə bağlı bütün xərcləri ödəməklə bahəm, yaponların amerikalı hərbçilərə olan sürəkli və səngimək bilməyən etirazlarını bir qədər azaltmağa çalışır, bunun üçün Tokioya güzəştli kreditlər verilməsindən tutmuş, bazaların yerləşdiyi ərazilərdə ən müxtəlif layihələrə pullar ayrılmasınadək milyardlarla dollar xərcləyir.
Belə də olmalıdır, çünki Yaponiya suveren, müstəqil dövlətdir və xalqından çəkinən, vətəndaşlarına sayğı ilə yanaşmaq məcburiyyətində olan idarəetməyə malikdir.
Ermənistanda isə vəziyyət tam fərqlidir və Yerevandakı rejim Rusiyanın Gümrüdəki 102-ci bazası ilə bağlı xərclərin böyük qismini "könüllü" ödəyir.
Başqa cür ola da bilməz, çünki Ermənistan Rusiyanın müstəmləkəsidir və kağız üzərində müstəqil, suveren dövlət olsa da, faktiki olaraq Moskvanın Cənubi Qafqazdakı quberniyasıdır.
Ermənistan-Rusiya əlaqələrinin tarixini və indisini nəzərə alsaq, ermənilərin durumuna təəccüblənməyə dəyməz.
Yerevanda dövlət müstəqilliyi ilə bağlı bəyanat qəbul edilən gündən başlayaraq ermənilər öz müstəqillik, suverenliklərini Rusiyaya hissə-hissə, mərhələlərlə ərməğan edib. Levon Ter-Petrosyanın prezidentliyi dövründə başlamış bu proses Serj Sarkisyanın vaxtında apogey nöqtəsinə yüksəldi.
İş o yerə çatdı ki, Ermənistan Rusiyadan aldığı təbii qazın ölkə ərazində paylaşdırılması və satılmasını da Rusiyanın "Qazprom" şirkətinə peşkəş etdi.
Ermənistanın siyasətçiləri, dövlət mənsubları və analitikləri onillərdən bəri fasiləsiz təkrarlayırlar ki, ermənilərin öz ərazilərində Rusiyanın hərbi bazasına dərin ehtiyacları var. Ki, Gümrüdəki 102-ci hərbi baza olmazsa, Ermənistan öz dövlət və milli təhlükəsizliyini yetərli səviyyədə təmin edə bilməz, sərhədlərini qorumaz və sonucda Türkiyə ilə Azərbaycan birləşib Ermənistanı yeyərlər.
O da sürəkli vurğulanır ki, rusiyalı hərbçilər Ermənistanı tərk etsələr, ermənilərin halına ağlayan gərək olacaq.
Halbuki Ermənistanın öz ərazisində rusların hərbi bazasına hər hansı formada, ümumiyyətlə, ehtiyacı olmamalıdır.
Məntiq və prinsip baxımından belədir.
Amma çi fayda: Ermənistandakı "Rusiya olmasa, ölərik" stereotipi hələ də çox güclüdür.
Stereotip abdal, idiotikdir.
Ermənilər nədən düşünmürlər ki, onların təhlükəsizliyini Rusiya təmin edirsə, sərhədlərini rusiyalılar qoruyurlarsa - onda Ermənistan Silahlı Qüvvələri kimə və nəyə gərəkdir? Ümumiyyətlə, ermənilər Müdafiə Nazirliyinə büdcədən yoxsul və səfil ölkə üçün astronomik olan məbləğdə pulların ayrılmasına niyə dözürlər?
Orta statistik erməni hələ də anlamaq istəmir ki, Gümrüdəki 102-ci baza əslində onun üzünə çəkilmiş tərs şapalaq, mənəviyyatının təhqiridir.
Gümrüdəki baza əslində Rusiyanın Cənubi Qafqazdakı neoimper planlarının mühafizi, qarovuludur və ermənilər də Moskvanın mənafeyinin təmin olunması üçün öz acınacaqlı büdcələrindən hər il pullar ayıraraq Gümrüdəki bazanın mövcudluğu ilə bağlı xərcləri ödəyirlər.
Serj Sarkisyan iqtidarı üçün normal davranışdır. Axı məhz bu iqtidar Ermənistanın Müstəqillik Günündə Nune Yesayanın konsertinin təşkilatına milyonlar xərcləmişdi.
Tragifars alınır.
Sarkisyanın bandokratiyası bir tərəfdən "ehtiyat fondu"ndan Rusiyanın Ermənistandakı bazasını maliyyələşdirir, digər tərəfdən isə Müstəqillik Günü ilə bağlı olaraq hansısa toy müğənnisinin konsertinə pullar ayırır.
Halbuki Ermənistan müstəqilliyini çoxdan satışa çıxarıb və satıb da.
Sarkisyanın mənhus komandası iqtidardan kənarlaşdırılandan və hakimiyyətə demokratik qüvvələr gələndən sonra Ermənistan öz ərazisində Rusiya bazasının mövcudluğundan imtina edərsə, nə olacaq? Rusiyalı hərbçilər inciyərək gedəcəklər və ya Moskva Yerevanla imzaladığı təbii qaz anlaşmalarını ləğv edərək ermənilərə satdığı "mavi yanacağın" qiymətini ən azı iki dəfə qaldıracaq?
Erməni müxalifəti belə perspektivi, ümumiyyətlə, nə zamansa müzakirə edibmi?
Yox.
Çünki stereotip var: "Türklər hücuma keçəcəklər", vəssəlam.
Ermənistan özünü dövlət adlandırmasaydı və bu ölkənin də vətəndaşları hansısa gələcək planlardan, perspektivlərdən, siyasi perturbasiyaların təxminlənməsindən bəhs etməsəydilər, yaşananları ucuz vodevil sayıb gülmək olardı.
Amma söhbət Ermənistan və ermənilərdən getdiyi üçün yaşanan situasiya bütün Cənubi Qafqaz üçün real təhlükə mənbəyidir.
Ermənistana kimsə hücum edən deyil. Ən azı ona görə ki, son 20 ildə yalnız kağız üzərində müstəqil və suveren olan ölkəyə bəlalı stereotipləri, şizofreniya həddinə çatan xofları hücum edirsə, Yerevan "kənar düşmən"dən çəkinməməlidir.
"Türklər hücum edər", "rusiyalı hərbçilər olmasa, biz də olmarıq" tipli stereotiplər Ermənistanı müstəqil və suveren dövlət vahidi kimi artıq məhv edib.
Ermənistan metropoliyasının onun başına açdıqlarına, bu bəlaya müqavimət göstərmədiyinə haqq qazandırmaq üçün özünü dalana dirəyib.
İş o yerdədir ki, özlərini "Ermənistan müxalifətinin avanqardı" adlandıran qüvvələrin rəhbərləri belə, sifətlərinə ağıllı görkəm verərək deyirlər: "Bizimlə belə rəftarın səbəbi odur ki, onlarsız yaşaya bilmərik".
Hami və xilaskar qismində görülən qüvvənin, dövlətə bel bağlayan, "Onlar olmasa, nə edərik?" söyləyən millət, cəmiyyət və dövlət isə mütləq şəkildə məhvə məhkumdur.
Və mahiyyət etibarilə bu millətin, xalqın və cəmiyyətin sonradan nələrlə üzləşəcəyinin heç bir əhəmiyyəti yoxdur: söhbət, sadəcə, faciələrin ağırlılıq dərəcəsindən, bəlanın ağır və lap ağır olmasından gedə bilər.
Hər şeyə rəğmən sonuclar dəyişməyəcək - həmin millət, cəmiyyət və ya dövlət dünya arenasından kənarlaşacaq.
Ermənistan indi özünün məhvini könüllü şəkildə maliyyələşdirir.
Gərçi ermənilər bunu anlayırlarsa...
Elçin Alıoğlu
Milli.Az





