Siyasət

Makronun siyasi uğursuzluqları hazırda Fransanı tarixinin ən “arzuolunmaz dövlət” kimi qavranılması ilə nəticələnib - Sevil Mikayılova

19 Dekabr 2024 17:05
Baxış: 323

Azərbaycana münasibətdə yürütdüyü düşmən siyasətilə Emmanuel Makron Fransa tarixində ikitərəfli münasibətlərimizdə ən utanc gətirən səhifəni acıb. Ölkəmizə qarşı aqressiv təzyiqlər, yalan məlumatlar və dezinformasiya seli, diplomatik manipulyasiyalar - bütün bunlar Fransanın beynəlxalq hüquq və ədalət anlayışından nə qədər uzaq olduğunu, mövcud reallıqlarda nə qədər dilatant davrandığnı acıq-aşkar göstərir.

Bunu Trend-ə Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

"Makronun siyasəti bir yarıtmazlıq və iflas nümunəsidir. Bu nümunə göstərir ki, ədalətsizlik, ikiüzlülük və hegemonluq iddiası nəinki səmərə vermir, əksinə, hər bir dövləti siyasi iflasa aparır. Azərbaycan isə bu siyasətə qarşı müqavimət göstərərək qürurunu və beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini qoruyub.

Keçmişin xəyallarını yaşamağa çalışsa da, Makron Fransanı tənəzzülə aparır.

Cənubi Qafqazda Fransa və şəxsən Makron 2020-ci ildən bəri Azərbaycana qarşı ifrat aqressiv mövqe tutub.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı Makron nümayişkaranə şəkildə işğalçı Ermənistanı dəstəklədi və beynəlxalq hüququn prinsipləri ilə ədalət anlayışını ayaqlar altına atdı. Fransa 5 dəfə (!) BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı əsassız ittihamların və böhtanların əks olunduğu qətnamə layihələrinin müzakirəsinə, sonra da səsverməyə çıxarılmasına çalışdı. Nəticədə isə beş dəfə uğursuzluğa düçar oldu. Daha sonra Emmanuel Makronun Avropa İttifaqı vasitəsilə Azərbaycana qarşı sanksiya tələbləri isə onun növbəti uğursuzluğu oldu", - S.Mikayılova bildirib.

Onun sözlərinə görə, Makron rejiminin idarə etdiyi Fransanın daxili vəziyyəti də ürəkaçan deyil.

"Ölkənin xarici borcu 3,1 trilyon avroya, yəni ÜDM-in 114%-nə çatıb. Beynəlxalq "Moody's" reytinq agentliyi son illərdə Fransanın maliyyə reytinqini "AAA"-dan "A"-ya qədər endirib. Avropa Statistika Xidməti (Eurostat) xəbərdarlıq edir ki, belə vəziyyət, xüsusən də faiz dərəcələrinin artması fonunda, ölkənin iqtisadi sabitliyinə böyük təhlükə yaradır.

Bu, iqtisadi tənəzzülün ən bariz nümunəsidir. Fransada işsizlik səviyyəsi sürətlə artmaqda davam edir: xüsusilə gənclər arasında bu göstərici 20%-i ötüb. Ölkədə elə əyalət, elə bölgə yoxdur ki, orada sosial narazılıqlar, kütləvi etirazlar və aksiyalar olmasın.

Pensiya islahatlarına qarşı 2023-cü ildə keçirilən 18 kütləvi etiraz aksiyasında 1,5 milyard avrodan çox ziyan dəymişdisə, fasiləsiz etiraz aksiyalarının ölkə iqtisadiyyatında yaratdığı itkilər bu rəqəmdən 23 faiz artıqdır", - o bildirib.

Millət vəkili qeyd edib ki, Fransada inflyasiya son onilliklərin rekord səviyyələrinə çatıb.

"Fransa Milli Statistika İnstitutunun məlumatlarına görə, 2024-cü ildə inflyasiya 6%-i keçib. Əhalinin alıcılıq qabiliyyətinin azalması fransızlar arasında narazılığın əsas səbəblərindən birinə çevrilib.

İqtisadiyyatda mövcud problemlər əhali arasında narazılığın artmasına səbəb olur. İqtisadi çətinliklər həm ultrasağ, həm də ultrasol hərəkatların təsirinin artırır və bu ölkənin siyasi sabitliyinə mənfi təsir göstərir. Daha çox ailə yoxsulluq həddinin altında qalır ki, bu da hökumətə olan etimadı aşağı salır və etiraz əhval-ruhiyyəsini gücləndirir. Şirkətlər yüksək vergi səviyyəsi və aşağı daxili tələbatla üzləşərək investisiyaları azaldır və iş yerlərini ixtisar edir.

Bu xaos fonunda Emmanuel Makron daxili problemlərin həllinə deyil, daha çox beynəlxalq səhnədə nüfuzunu artırmağa fokuslanıb. O, "demokratiya" adı altında Fransanın zəifləmiş neokolonial idarəetməsini qorumağa çalışır. Ancaq Makronun taktikası uğursuzdur: Fransa ən müxtəlif sahələrdə, məkanlarda və müstəvilərdə iflasları sıralamaqdadır", - S.Mikayılova bildirib.

Onun sözlərinə görə, Liviya, Mali, Niger, Livan, Gürcüstan - bütün bu ölkələrdə Fransa təsirini tamamilə itirib.

"Emmanuel Makron və onun hakimiyyətinin idarəetmədə, siyasətdə və diplomatiyadakı fəlakətli uğursuzluqları hazırda Fransanı tarixinin ən arzuolunmaz dövlət kimi qavranılması ilə nəticələnib.

Fransa, bir vaxtlar azadlıq, bərabərlik və qardaşlıq şüarları ilə dünyanın düzənini dəyişən qüdrətli, nüfuzlu ölkə idi. Amma "makronizm" dövrü bu idealları tam əksinə çevirdi.

Gerçəklik budur ki, Makronun idarə etdiyi Fransa diplomatiyadan tutmuş, daxili siyasətə və hətta bələdiyyələrədək nüfuzunu itirirərək tənəzzülə uğrayır.

Fransa illərdir Afrika ölkələrində özünü "müdrik hami, sərt ağa" hiss edib, Afrika xalqlarının sərvətlərini barbarcasına istismar edib, afrikalıların azadlıq və müstəqillik arzularını amansızlıqla boğub.

Ancaq indi Afrika Parisin nəzarətindən çıxır. Xatırlatmaq yerinə düşər ki, ötən il Niger, Mali və Burkina-Fasoda yerli hakimiyyətlərlə xalq Fransa hərbçilərini ərazilərindən qovdu. Sıradakı ölkələr isə Çad və Seneqaldır. Afrika qitəsində Fransa ixracının payı son 20 ildə iki dəfə azalıb və artıq 5%-dən aşağı düşüb", - S.Mikayılova bildirib.

Deputat qeyd edib ki, məsələ yalnız Afrika ilə bitmir.

"Azərbaycanın nümunəsi bir daha sübut edir ki, ədalət, milli qürur və beynəlxalq hüquq hər hansı güclü dövlətin əsassız təzyiqlərinə qalib gəlir. Azərbaycan öz suveren hüquqlarını qorumaq iqtidarında olduğunu çoxdan isbatlayıb. Makron, bunu nə qədər tez anlasa, Fransa üçün bir o qədər faydalı olar", - o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.