Siyasət

Korrupsiyanı "araşdıran" qurumun özündə rüşvət qalmaqalı - Sensasiya

3 Dekabr 2024 17:30
Baxış: 1 429

Dünyanın ən güclü təşkilatlarından biri olan OCCRP - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi ilə bağlı sensasiyalı məlumatlar üzə çıxıb.

Milli.Az xəbər verir ki, bu məlumatlar Avropanın bir sıra müstəqil media təşkilatları və ABŞ-də fəaliyyət göstərən "Drop Site News"un birgə həyata keçirdiyi aylarla davam edən araşdırma nəticəsində əldə olunub. Məlum olub ki, OCCRP-nin ən böyük maliyyə dəstəkçisi məhz ABŞ Dövlət Departamentidir.

Ryan Grim, Ștefan Cândea və Nikolas Leontopoulosun müəllifliyi ilə Dropsitenews.com resursunda dərc olunmuş "Jurnalistika nəhəngi ABŞ hökumətindən maliyyələşir" başlıqlı məqaləsində bu barədə məlumatlar qeyd olunub. Həmçinin bildirilib ki, "OCCRP"nin dəstəklədiyi və jurnalistləri hüquqi hücumlardan qorumağa yönəlmiş Reporters Shield proqramı da ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.

Məqalə Fransa, İtaliya, Yunanıstan və Almaniyanın nüfuzlu media qurumlarının birgə əməkdaşlığı nəticəsində hazırlanıb. Araşdırmada Fransanın tanınmış araşdırma platforması Mediapart, İtaliyanın Il Fatto Quotidiano, Yunanıstandakı Reporters United, eləcə də Almaniyanın ictimai yayımçısı NDR iştirak edib. Qəribəsi odur ki, NDR OCCRP-nin təzyiqləri səbəbilə bu araşdırmanın tam versiyasını yayımlamayıb.

Araşdırmada "OCCRP"nin həmtəsisçisi və rəhbəri Dreu Sullivan tərəfindən edilən hüquqi təhdidlərə də toxunulub. Sullivan məqalənin müəlliflərini "qərəzli" və "peşəkar olmayan" metodlarda ittiham edib. O, həmçinin Alman jurnalist John Goetz və rumıniyalı araşdırmaçı Stefan Candeanı hədəfə alıb, onları nüfuzdan salmağa çalışıb.

OCCRP barədə sensasiyalı məlumatlar üzə çıxdı

Müstəqil araşdırmaçı jurnalistika adı altında fəaliyyət göstərən OCCRP-nin ABŞ hökuməti ilə güclü əlaqələri ortaya çıxıb. "Drop Site News"un məlumatına əsasən illik 20 milyon avro büdcəyə malik və 200 əməkdaşla fəaliyyət göstərən bu qurum ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə formalaşıb və fəaliyyətini davam etdirir.

OCCRP 2008-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Narkotik və Hüquq Mühafizə Məsələləri Bürosunun (INL) verdiyi 1 milyon dollarlıq vəsaitlə qurulub. Bu məbləğ Delaverdə yerləşən "Jurnalistikanın İnkişafı Şəbəkəsi"nə (Journalism Development Group, LLC) köçürülüb. 2008-ci ildən bu yana OCCRP ABŞ hökumətindən 47 milyon dollar, Avropa İttifaqından 1.1 milyon dollar, Avropa ölkələrindən isə 14 milyon dollar alaraq ümumi büdcəsinin 52 faizini ABŞ vəsaiti ilə formalaşdırıb.

Məlumatlara görə, OCCRP ilə ABŞ hökuməti arasındakı münasibətlər yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır. USAİD rəhbəri Samanta Pauer OCCRP-ni "tərəfdaş qurum" adlandırıb və USAİD-in OCCRP üzərində hesabat tələb etmək, redaktor və rəhbərləri təyin etmək kimi hüquqlara malik olduğu ortaya çıxıb.

OCCRP-nin "müstəqil jurnalistika" iddiaları ciddi sual altına düşüb. Maraqlıdır ki, OCCRP əsasən ABŞ-nin siyasi və iqtisadi rəqibləri olan ölkələrə, o cümlədən Azərbaycan və digər müstəqil dövlətlərə qarşı tənqidi araşdırmalar aparır.

OCCRP ABŞ hökumətinin müəyyən etdiyi hədəflər üzrə işləyir. 2015-2019-cu illərdə ABŞ Dövlət Departamenti "Rusiya media məkanının balanslaşdırılması" layihəsi üçün OCCRP-yə 2.2 milyon dollar ayırıb. Həmçinin Malta və Kiprdə "cinayət və korrupsiya faktlarını" araşdırmaq üçün təşkilata əlavə vəsaitlər yönəldilib.

Bu günə kimi ABŞ Dövlət Departamenti və USAİD rəhbərliyi, xüsusilə Samanta Pauer bu barədə məlumatları sadəcə inkar etməklə kifayətlənib. Lakin ortaya qoyulan sübutlar OCCRP-nin məqsədli və sifarişli fəaliyyət göstərdiyini təsdiqləyir.

Dreu Sullivanın təşkilatın ABŞ-la bağlı araşdırmalar aparmamasına dair etirafları, OCCRP-nin seçilmiş mövzulara və coğrafiyalara yönəldiyini göstərir. Bu yanaşma təşkilatın tərəfsizliyini pozmaqla yanaşı, beynəlxalq jurnalistikanın prinsiplərinə də ziddir. OCCRP-nin diqqətini xüsusilə Azərbaycan kimi ölkələrə yönəltməsi isə bu fəaliyyətin məqsədyönlü və sifarişli xarakter daşıdığını aydın şəkildə ortaya qoyur.

OCCRP-nin fəaliyyətində ABŞ hökumətinin maraqları üçün araşdırmaçı jurnalistikadan alət kimi istifadə olunduğu, ABŞ-nin xüsusi xidmət orqanlarının isə bu prosesi istiqamətləndirdiyi iddiaları təsdiqini tapır. Nəticə etibarilə, bu təşkilatın müstəqilliyi və tərəfsizliyi sual altındadır və onun fəaliyyətində Qərb dövlətlərinin maraqları üstünlük təşkil edir.

OCCRP-nin fəaliyyətində Azərbaycanın da daxil olduğu bir çox ölkələrdə apardığı araşdırmaların ABŞ hökumətinin maraqlarına xidmət etdiyi artıq sirr deyil. ABŞ Dövlət Departamentindən alınan maliyyə və verilən direktivlər, eləcə də təşkilatın yalnız seçilmiş hədəfləri araşdırması, OCCRP-nin müstəqil jurnalistika prinsiplərinə zidd olduğunu göstərir. Bu faktlar, təşkilatın Qərb maraqlarını müdafiə edən bir vasitəyə çevrildiyini və onun fəaliyyətinin tərəfsizliyini ciddi şəkildə şübhə altına alır.

İslam
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.