Siyasət

İflic AXCP-də son cəhd: Əli Kərimlinin istefası istənilir

19 Sentyabr 2024 18:53
Baxış: 1 918

2024-cü ilin siyasi səhnəsi bloqer və həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) nominal rəhbəri Əli Kərimlinin siyasi arenadakı onsuz da tragikomik mövqeyinin ciddi şəkildə zəifləməsinə şahidlik edir.

Partiya daxilində başlayan parçalanmalar Kərimlinin illər ərzində yaratdığı avtoritar idarəetmə stilinin nəticəsi olaraq partiyanın tam dağılmaq təhlükəsi ilə üz-üzə olduğunu göstərir. AXCP-nin sıradan çıxmasının başlıca səbəbi Əli Kərimlinin strategiya adı altında tətbiq etdiyi, əslində isə partiyanı iflic edən "xroniki boykot" siyasətidir.

... 2024-cü ilin əvvəllərində AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusiflinin partiyadan istefa verməsi partiya daxilindəki narazılığın ilk açıq təzahürü oldu. Yusifli, istefa qərarını "xroniki boykot" siyasətinə qarşı etirazla əlaqələndirərək Əli Kərimlinin hər hansı bir siyasi mübarizə aparmamasını sərt şəkildə tənqid etdi. Partiya üzvlərinin illərdir seçkilərdə iştirak etməməsi, onların siyasi həyatda real mövqe qazanmaqdan uzaq salıb. Yusifli dəfələrlə bəyan edib ki, bu boykot siyasəti partiyanın əsas missiyasına - siyasi mübarizəyə ziddir.

Asif Yusiflinin partiyadan ayrılmasının ardınca, AXCP-nin digər üzvləri də Əli Kərimlinin avtoritar rejiminə qarşı çıxmağa başladılar. Bu dalğa ilə istefa verənlərdən biri də İlham Hüseyn oldu. O, Yusiflinin addımının ona cəsarət verdiyini açıq şəkildə bildirərək, Kərimlinin partiyada təkhakimiyyətli və diktatorca idarəetmə üsuluna qarşı çıxış etdi. Hüseynin bu açıqlamaları, AXCP-də Kərimlinin hakimiyyətini məhdudlaşdırmağa cəhd edən hər hansı bir səsin basdırıldığını, narazı qalanların isə yalnız təhlükə keçdikdən sonra açıq mövqe tutmağa cəsarət etdiyini göstərir.

İlham Hüseynin bəyanatı partiya daxilindəki digər narazı üzvlərin də Əli Kərimliyə qarşı çıxmağa hazır olduğunu göstərir. AXCP daxilində Kərimlinin təkbaşına partiyanı idarə etməsi, daxili demokratiyanın olmaması və şəxsi maraqları ön plana çəkməsi, narazıların sayını artırıb. Hətta partiya daxilində yaxın günlərdə yeni istefaların ola biləcəyi ilə bağlı məlumatlar yayılıb.

AXCP-nin uğursuzluğunun kökündə Əli Kərimlinin illərdir davam etdirdiyi "xroniki boykot" siyasəti durur. Bu siyasət illərlə partiyanı siyasi proseslərdən kənarda saxlayıb və Kərimlinin partiyadakı mövqeyini qorumağa xidmət edib. Seçkilərdə iştirak etməmək Əli Kərimliyə guya "məğlubiyyətin qarşısını almağa" imkan verir, amma bu, partiyanı demək olar ki, tam fəaliyyət dayandırmasına gətirib çıxarıb. AXCP-nin radikal mövqeyi və heç bir siyasi prosesə qoşulmaması partiyanın yalnız sosial şəbəkələrdə fəaliyyət göstərən virtual quruma çevrilməsinə səbəb olub. Kərimlinin bu boykot siyasəti həm ölkə daxilində, həm də beynəlxalq arenada onun rəhbərliyi altında olan partiyanın təsirini minimuma endirib.

Hər nə qədər istefaların rəsmi səbəbi kimi "xroniki boykot" göstərilsə də, dərinlərdə başqa faktorlar da var. Əli Kərimlinin dövlət maraqlarına qarşı yönəlmiş fəaliyyətləri, onun xarici qüvvələrlə əlaqələri və partiyadaxili avtoritar idarəetmə üsulları əsas narazılıq mənbəyidir. Kərimlinin şəxsi ambisiyaları və partiyanı şəxsi maraqlarına xidmət edən bir alət kimi istifadə etməsi, artıq partiya funksionerləri arasında açıq şəkildə müzakirə olunmağa başlanıb.

İlham Hüseyn və Asif Yusifli kimi funksionerlər AXCP-nin siyasi mübarizəni dövlət maraqlarına qarşı yönəltməsinə etiraz edirlər. Kərimlinin radikal çıxışları və dövlətə qarşı təxribat xarakterli bəyanatları, partiya üzvlərini onunla əməkdaşlıqdan uzaqlaşdırıb. Həmçinin, Kərimlinin partiyada yaratdığı şəxsi trol dəstələri vasitəsilə daxili tənqidləri susdurması, partiyadaxili demokratiyanı məhv edib və funksionerləri çıxılmaz vəziyyətə salıb.

Partiyanın dağılması artıq qaçılmaz kimi görünür. Əli Kərimlinin avtoritar idarəçiliyi, onun partiya üzvlərini şəxsi məqsədləri üçün istifadə etməsi və dövlət maraqlarına qarşı çıxması, AXCP-nin siyasi səhnədən silinməsinə səbəb olacaq. Kərimlinin müxalifətçilik adı altında dövlətə qarşı fəaliyyət göstərməsi, həm ölkə daxilində, həm də xaricdə etimadsızlıqla qarşılanır. Artıq AXCP rəhbərliyində və partiyanın sıravi üzvləri arasında Kərimlinin partiyanı öz şəxsi biznesinə çevirməsi barədə narazılıqlar açıq şəkildə dilə gətirilir.

ACXCP-nini iflic duruma düşməsi bloqer Əli Kərimlinin illərlə davam edən yanlış rəhbərliyinin təbii nəticəsidir. Partiyadaxili istefalar, narazılıqlar və Kərimlinin avtoritar idarəetmə üsulu AXCP-nin uzunmüddətli bir siyasi güc olaraq fəaliyyətini davam etdirə bilməyəcəyini göstərir. Kərimlinin hikkəsi, ifrat ambisiyaları və kinli davranışları onu yalnız partiya üzvlərindən deyil, ölkənin siyasi səhnəsindən də uzaqlaşdırır.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.