Siyasət

Qərbin Cənubi Qafqaz planı nədir?

12 Avqust 2024 10:52
Baxış: 964

ABŞ, Avropa İttifaqı və Fransa Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirməkdədir. Vaşinqton-Brüssel-Paris triosunun fəaliyyəti nəticəsində bölgdə təhlükəsizliklə stabilliyin bərqərar olmasına yönəlmiş səylər süni əngəllərlə üzləşir.

İrəvanla Tbilisiyə aşkar təzyiqlər edən, Azərbaycanın xarici siyasətinə ciddi təsir göstərməyə çalışan Qərbin əsas məqsədi Rusiyanı bölgədəki mövqelərindən məhrum etmək, Moskvanın ümumiyyətlə, regiondan sıxışdırıb çıxarmaqdır. Hədəflər arasında Rusiyanın əsas rol oynadığı MDB, Avrasiya İqtisadi Birliyi və Avrasiya Gömrük İttifaqı kimi strukturların maksimum zəiflədilməsi də var.

Eyni zamanda, yekün sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar prosesinə də Qərb müdaxilə edir, danışıqların mexanizmini dəyişərək vasitəçilik və ya moderatorluq funksiyalarına yiyələnərək üçtərəfli danışıqlar formatına nail olmaq istəyir.

Azərbaycana qarşı səngiməyən informasiya müharibəsinin son vaxtlar daha da aktivləşməsinin səbəblərindən biri də budur.

Habelə, Azərbaycanla Ermənistan arasında danışıqları Vaşinqton və ya Brüsselə keçirmək, Mərkəzi Asiya ölkələrini "5+1" formatında Qərblə daha aktiv əməkdaşlığa cəlb etmək cəhdləri də aşkardır.

Cənubi Qafqazda Qərbin stavka etdiyi əsas ölkə, bəlli, Ermənistandır. Məhz Ermənistana sürəkli və genişmiqyaslı yardımlar etməklə Moskvanın İrəvana təsir imkanlarını sıfırlamaq, ermənilərin Rusiyanın geosiyasi orbitindən çıxarmaq, daha sonra İrəvan vasitəsilə bölgədəki proseslərdə aktiv iştirak etməyə çalışan Qərb fəaliyyətini sürəkli aktivləşdirir.

Ermənistan isə çox təhlükəli ssenarinin tərkib hissəsinin çevrildiyini hələ də anlamır. Qərbə meylllənmiş siyasət sürüdən, ordusunun sürətlə silahlandıran, siyasətindən tutmuş, iqtisadiyyatını və təhlükəsizliyinin təminatı məsələlərini ABŞ, Fransa və Avropa Birliyinin nəzarət inhisarına verməyə çalışan baş nazir Nikol Paşinyan eyni zamanda Rusiyadan və MDB strukturlarından da faydalanmağa davam etmək niyyətindədir. Amma Qərblə sıx əməkdaşlıq və tərəfdaşlıq etməklə eyni vaxtda Moskvaya hansısa loyallığın qoruyub saxlandığını nümayiş etdirmək cəhdləri ironiya hissi doğurur.

Ermənistandakı revanşizmin və şovinizmin qarşısının alınmaması, ordunun sürətlə silahlandırılması, İrəvana yeni silah-sursat və hərbi texnikanın satılması, erməni hərbçilərinin müxtəlif təlimlərə cəlb olunması Cənubi Qafqazda yeni hərbi əməliyyatlarla nəticələnə bilər.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Qərb uzun müddət sülhməramlı təşəbbüslərə sadiq olduğunu, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanaraq normal münasibətlər qurulmasına tərəfdar olduğunu söyləsə də, indi belə söz oyunlarına və maskalanmış davranışlara Vaşinqton-Paris-Brüssel triosu lüzum görmür.

Trionu nə Azərbaycanın mövqelərinin ədalətliliyi, nə də tələblərinin haqlı və beynəlxalq hüquq çərçivəsində olması maraqlandırmır.

Qərbin bölgəmizdə davranışı paradoksaldır. ABŞ, Avropa İttifaqı və Fransa ölkəmizin ərazilərinin 20 faizini 30 il ərzində işğalda saxlamış, sonra Vətən Müharibəsində kapitulyasiyaya uğramış, amma bütün bunlara rəğmən yenə bölgədəki vəziyyəti gərginləşdirməyə çalışan Ermənistanı dəstəkləyir, müdafiə edir.

Bölgədə yeni geosiyasi reallıqları bərqərar etmiş Azərbaycan tərəqqi, sülh və təhlükəsizlik üçün Qərbi əməkdaşlığa çağırdığı indiki vəziyyətdə Qərb tam əks davranış sərgiləyərək situasiyanı daha da gərginləşdirməyə, süni şəkildə regionu yeni qarşıdurmaya çəkməyə çalışır.

Qərb Ermənistanı aşakar və nümayişkaranə şəkildə dəstəkləyir, İrəvanın iqtisadi inkişafına və silahlanmasına kömək edir. Belə aktiv yardımlar və dəstək proqramları davam edərsə, Ermənistan bölgədə yeni eskalasiya planını reallaşdırmağa can atacaq. Geosiyasi oyununu təzələyən Qərb bölgədə maraqlarını konkretləşdirərək təsdiqləyir ki, onu Cənubi Qafqaz ölkələrinin müstəqilliyi, suverenliyi, ərazi bütünlüyü, inkişafı və rifahı, habelə beynəlxalq hüququn prinsipləri qətiyyən maraqlandırmır. Qərb üçün bütün bunlar adi söz oyunu, ən yaxşı halda ikinci və ya üçüncü dərəcəli məsələlərdir.

Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiyada da Qərb eyni ssenarini və davranış modelini tətbiq edir.

Belə siyasət isə uğursuzluğa məhkumdur. İş ondadır ki, Azərbaycan və Gürcüstan kimi, Mərkəzi Asiya ölkələri Qərb "tərəfdaşlarının" oyun tərzini və bu cəhdlərin onlarla mümkün qədər yaxın əlaqələr qurmağa yönəldiyini aydın şəkildə görürlər.

Ölkələrin coğrafi koordinatları, yerləşdirməkləri məkanları dəyişmək mümkün deyil. Azərbaycan və Gürcüstanın hakimiyyətləri Rusiya ilə həmsərhəd olduqlarını anlayırlar. Mərkəzi Asiya ölkələrinin hakimiyyət elitaları da bunu əsla unutmurlar və həmin səbəbdən də Qərbin hər bir əməkdaşlıq təklifini mikroskop altında araşdıraraq, bütün riskləri diqqətlə ölçüb-biçirlər. Regionun geosiyasi yerləşməsi Mərkəzi Asiya xalqlarına Qərbin təsiri altında yaşamağa keçməyə heç vaxt imkan verməyəcək - bu, məntiqsiz və əsassızdır. Əməkdaşlıq mümkündür, lakin Qərbin vassalına çevrilmək - əlbəttə ki, yox.

Bölgədə geosiyasi yaşam modelini pozmağa çalışan yeganə ölkə Ermənistandır, çünki Nikol Paşinyan administrasiyasının özünəməxsus, sırf erməni düşüncə və davranış alqoritmi var.

İrəvan həmişə başqalarının hesabına qazanc əldə etmək istəyir, lakin belə primitiv istəklər həmişə pərişanlıqla nəticələnir.

Regiondasa vəziyyət sürətlə dəyişir və bu dəyişikliklər təhlükəsizlik baxımından əlverişli deyil. Cənubi Qafqaz Qərbin Rusiya ilə qarşıdurması fonunda açıq şəkildə münaqişə məkanına çevrilməkdədir. Rusiya Ukraynada hərbi əməliyyatlar apararkən Qərb Cənubi Qafqazda fəaliyyətini fəallaşdırır ki, bu da Moskvada qısqanclığa səbəb olur və region ölkələrinə təzyiqi artırmağa vadar edir.

Rusiya indiki situasiyada Cənubi Qafqazda sülhlə stabiliyi təmin etmək üçün optimal invariasiya qismində "3+3" formatını (Azərbaycan, Gürcüstan, Ermənistan + Rusiya, Türkiyə, İran) gündəmə gətirmək istəyir.

Moskva İrəvana anlatmağa çalışır ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və regionda kommunikasiyaların açılması prosesində onun iştirakı alternativsizdir. Bu, Ermənistanı Rusiya ilə əməkdaşlıqda qalmağa məcbur edən bir xəbərdarlıq da sayıla bilər: unutmayaq ki, Moskva regiondakı mövqelərini saxlamaqda israrlıdır.

Hazırda yalnız Cənubi Qafqazda deyil, bütün postsovet məkanında, Qərb hissəsi (Belarus, Moldova və Ukrayna) istisna olmaqla, inkişaf edən vəziyyəti "stand by" vəziyyəti adlandırmaq olar.

Rusiya, əsasən, Ukraynadakı hərbi əməliyyatlar və ümumilikdə Rusiya-Qərb münasibətlərinin formatı ilə məşğuldur. Rusiya çalışır ki, əsas istiqamətlərdə, hələ başa çatmamış münaqişə şəraitində, ciddi risklər yaranmasın və müəyyən bir sabitliyə nail olsun.

Rusiya hazırda Ukraynadan başqa başqa çətin vəziyyətlərə qarışmaq istəmir. Rusiya bu istiqamətdə Cənubi Qafqazda, o cümlədən Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edir.

Real olaraq "3+3" formatı hələ işlək deyil, onu gerçəkləşdirmək üçün ciddi iş görmək gərəkdir.

Xatırladaq ki, regional məsələlərin həlli üçün "3+3" formatını Türkiyə irəli sürüb. Bu format bir tərəfdən Türkiyə, İran və Rusiyanın, digər tərəfdən Ermənistan, Azərbaycan və Gürcüstanın iştirakını nəzərdə tutur.

2020-ci il Qarabağ müharibəsindən bəri Ermənistan ərazisi ilə Meğridən keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək yol və onun necə fəaliyyət göstərəcəyi məsələsi müzakirə edilir. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda döyüşlərin dayandırılmasından başqa, gələcəklə bağlı olan yeganə maddə idi. Söhbət kommunikasiyalardan gedir, lakin hələ də irəliləyiş yoxdur.

Tərəflərin mövqeləri o qədər ciddi şəkildə fərqlidir, bu məsələ Qərbin Ermənistanı idarə etməsi və Paşinyan hakimiyyətinin faktiki marionetkaya çevrilməsi ilə o qədər bağlıdır və o qədər çox problemlərlə toqquşur ki, məsələnin həlli çox çətindir.

Avropa İttifaqı, Fransa və ABŞ siyasi və iqtisadi təsir rıçaqlarından yararlanaraq b.lgədə möhkəmlənmək niyyətindədir. Üstəlik, Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin həllində vasitəçi olmağa can atır ki, təbii, bu da Rusiya tərəfindən çox qısqanclıqla qarşılanır.

Xüsusilə, Avropa İttifaqı indi Azərbaycanla sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələsində canfəşanlığından sinirlənən Moskva hesab edir ki, belə aktivlik onun bölgədəki mövqeyini ciddi şəkildə zəiflədə bilər. Rusiya bu iki məsələni - sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması - həm Ermənistan, həm də Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi planlaşdırır.

Məsələn, sərhədlərin delimitasiyası zamanı hər bir santimetr, hər bir mövqe tərəflər tərəfindən Rusiyadan alınacaq xəritələr əsasında danışıqlar predmeti olacaq. Təbii ki, Rusiya xəritələri dərhal təqdim etməyəcək, əksinə, onları parça-parça verəcək və hər parça üçün hər iki tərəfdən müəyyən güzəştlər tələb edəcək. ərbin iştirakı Rusiyanı əhəmiyyətli dərəcədə zəiflədir. Və təsadüfi deyil ki, Rusiya "3+3" formatını yenidən gündəmə gətirib, halbuki Ukraynadakı zəiflik və Qərb sanksiyalarının ağır yükü altında bu formatdan imtina edəcəyi gözlənilirdi.

Rusiya bu ideyanı yenidən irəli sürür, bunun yeganə məqsədi Qərbin regionda möhkəmlənməsinə mane olmaqdır.

Türkiyəni Moskva Qərbin bir hissəsi kimi qəbul etmir. Türkiyənin özü də özünü Qərbin bir hissəsi kimi görmür. Türkiyə balans saxlayır, manevrlər edir, çünki narahatdır: Rusiyanın məğlubiyyətindən və yalnız Ukraynanın deyil, konsolidasiya olunmuş Qərbin qələbəsindən sonra bütün region tədricən Qərbin nəzarəti altına keçə bilər.

1990-cı illərin əvvəllərindən Ermənistan Rusiyanın Cənubi Qafqazda mövcudluğunu gücləndirmək üçün şərait yaradırdı. İndi isə Ermənistan Qərbin öz geosiyasi məqsədlərini həyata keçirməsi üçün şərait yaradır

ABŞ və Avropa İttifaqı son dörd il ərzində, yəni 2020-ci ilin noyabrında baş verən ikinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionuna diqqət yetirirdilər. Onlar həm öz resurslarını formalaşdırır, həm də strateji baxışlarını inkişaf etdirirdilər. 2023-cü ilin dekabrından etibarən isə hərəkətə keçməyə başladılar. Bu, Azərbaycan və Ermənistan liderlərinin administrasiyalarının eyni vaxtda bir-birinə bənzər bəyanatlarla çıxış etdikləri unikal hadisə ilə aydın oldu.

Qərb, xüsusilə ABŞ və Avropa İttifaqı b.lgəmizdə təsir imkanlarını artırmaq üçün Gürcüstana Avropa İttifaqına üzvlük namizədi statusu verdi, bu ilin aprelin 5-də Brüsseldə ABŞ- Avropa İttifaqı-Ermənistan sammitini keçirərək Ermənistana iqtisadi və təhlükəsizlik sahələrində dərin tərəfdaşlığın başlanğıcını qoydu.

Vaşinqton və Brüssel danışıqlar platformalarının uğursuzluğa düçar olmasından sonra ABŞ və Aİ mövqelərini bərpa etmək üçün maksimum səylər göstərdi. Uğur qazanılmadı və Almaniya köməyə gəldi. Almaniya Fransanın təsirini minimallaşdıraraq Berlində ikitərəfli görüş təşkil etməyə kömək etdi.

Fəqət, Qərbin bütün səylərinə rəğmən, Ermənistan hələ də MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Rusiya liderliyi altında Avrasiya İttifaqı çərçivəsində əlaqələr daha da möhkəmlənir. Habelə, Nikol Paşinyan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının və Ermənistanın İran və Türkiyə ilə sərhədlərindəki hərbi qüvvələrinin çıxarılması məsələsini gündəmə gətirmir.

Beləliklə, regiondakı xarici oyunçular arasındakı rəqabət birbaşa olaraq region ölkələrinin onlara təqdim etdiyi imkanlarla bağlıdır.

Ooktyabrda Gürcüstanda, noyabrda isə ABŞ-da keçiriləcək seçkilər və Ukraynadakı müharibənin dinamikası Cənubi Qafqazdakı proseslərə birbaşa, ciddi təsir edəcək - bunu da unutmayaq.

Region ölkələri qarşıdurma məkanına çevrilməmək və bir-birinə qarşı istifadə olunmamaq üçün ortaq bir baxış formalaşdırmalıdırlar. Bakı və İrəvan Gürcüstandakı siyasi vəziyyəti diqqətlə izləyir, bu da razılaşdırılmış mövqenin sürətlə formalaşdırılması üçün ciddi bir siqnaldır.

Gürcüstan və Rusiya arasındakı münaqişə Qərb və Rusiyanın Cənubi Qafqazda və ətrafında apardığı daha geniş strateji mövqelənmənin yalnız bir əlamətidir. Bu ssenaridə, həm regional, həm də qlobal səviyyələrdə, ölkələr və təşkilatlar hakimiyyət uğrunda və enerji təhlükəsizliyi üçün mübarizəyə cəlb olunurlar.

Regiondakı vəziyyətə hərbi-siyasi və təhlükəsizlik sahələrində fəaliyyət göstərən aktorların davranışı təsir göstərir. Bundan əlavə, regiondakı güc konfiqurasiyasının bir hissəsi olaraq, Türkiyə və İran kimi regional güclərin və ABŞ, Rusiya və Çin kimi qlobal güclərin təsiri də mövcuddur.

Ölkələrlə yanaşı, beynəlxalq təşkilatlar da bu oyuna cəlb olunublar. Regional səviyyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Qara Dəniz ölkələrinin hərbi gəmi birləşməsi (BLACKSEAFOR), Xəzər Dənizi Qüvvələri (CASFOR), GUAM əməkdaşlıq təşkilatı (GUAM) və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi qurumlar iştirak edir. Qlobal səviyyədə isə NATO və Avropa İttifaqı (Aİ) mühüm rol oynayır.

Avropa İttifaqı ölkələri istehlak etdikləri enerji resurslarının 50%-ni (ABŞ-da bu göstərici 58%-dir) idxal edir və bu göstəricinin 2030-cu ilə qədər 70%-ə çatacağı proqnozlaşdırılır. Aİ ölkələri Rusiyadan enerji resurslarının 25%-ni idxal edir (2030-cu ilə qədər bu nisbət 40%-ə çata bilər), qalan 45% isə Yaxın Şərqdən gəlir. Bu artan asılılıqla yanaşı, Moskvanın Ukraynanı qazın qiymətini artırmağa məcbur etmək üçün enerji alətindən istifadə etməsi, enerji məsələsinin Rusiyanın xarici siyasəti və təhlükəsizlik siyasətində mühüm bir tərkib hissəsi olduğunu aşkar etdi.

Cənubi Qafqazın geosiyasi əhəmiyyəti həmçinin burada yerləşən karbohidrogen ehtiyatlarına əsaslanır. Qafqazda sabitlik Xəzər nefti və qazının fasiləsiz daşınması üçün həyati əhəmiyyət kəsb edir. Xəzər dənizi regionu (Cənubi Qafqaz və Mərkəzi Asiya) dünya neft ehtiyatlarının 3-4%-nə və dünya qaz ehtiyatlarının 4-6%-nə malikdir. Qafqazın dünya neft və qaz ehtiyatlarındakı payı özü-özlüyündə əhəmiyyətsizdir. Lakin Fars körfəzinin ehtiyatlarının etibarsızlığı və Rusiyanın enerji tədarükünü siyasi vasitə kimi istifadə etmə potensialı fonunda, Xəzər və Mərkəzi Asiya (Qazaxıstan və Türkmənistan) enerji ehtiyatlarının Qərbə daşınması həyati əhəmiyyət kəsb edib. Qərbdəki istehlakçı ölkələrin enerji siyasəti, Rusiyadan və Yaxın Şərqdən asılılığı azaltmaq məqsədi ilə regionun əhəmiyyətini artırıb.

Bəzi ölkələr və təşkilatlar Avrasiya regionunda enerji daşıyıcılarının nəqlində Rusiyanın demək olar ki, tam monopoliyasına son qoymaq üçün səylər göstərirlər. Bunun üçün alternativ boru kəməri marşrutları yaradılır. Məsələn, Atasu-Alaşankou (Çin və Qazaxıstan) neft kəmərləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və "Nabucco" qaz kəməri artıq fəaliyyət göstərir, inşa edilir və ya layihələndirilir.

Vaşinqton Cənubi Qafqazda öz enerji sektoruna yatırımlarını qorumaq və bölgədəki geostrateji maraqlarını təmin etmək üçün sabitlik istəyir. Məqsəd aydındır: Qərb və Rusiya Cənubi Qafqazda əsas oyunçu olmaq istəyir. Rusiya bu regiondan tədricən sıxışdırılmağa çalışılır. Rusiyanın taktikası Qərbin dondurulmuş münaqişələrin həlli istiqamətindəki addımlarını ləngitməkdən ibarətdir. Bu, Gürcüstanın Qərb investisiyalarını cəlb etmək və NATO-ya üzv olmaq səylərini çətinləşdirir. Cənubi Qafqazın iqtisadi inkişafına zərər vuran hadisələr bu ölkələr Qərb strukturlarına inteqrasiya olunmayana qədər davam edəcək.

ABŞ, Avropadan daha çox, hərbi, siyasi və iqtisadi imkanlara sahibdir və investisiyalar baxımından danışıqlarda irəliləyiş əldə etmək iradəsinə malikdir. Gürcüstanın separatçı regionlarında olduğu kimi, burada da münaqişənin həllinin əsas şərti Rusiya ilə əməkdaşlıq və onun dəstəyidir.

ABŞ-ın Cənubi Qafqaz bölgəsində mövcudluğunun əsas səbəbləri bunlardır: Cənubi Qafqaz və Xəzər dənizi regionunun Avropadan Mərkəzi Asiyaya keçid koridoru kimi geostrateji əhəmiyyəti, İran üzərində nəzarət və təzyiq üçün bir platforma kimi, burada enerji ehtiyatlarının mövcudluğu və terrorizmlə mübarizə. İraqda və Əfqanıstanda genişmiqyaslı iştirakı və Özbəkistanın Rusiya düşərgəsinə qoşulması nəzərə alınaraq, ABŞ qlobal geostrateji məqsədlərini həyata keçirmək üçün Cənubi Qafqaz bölgəsində dayaq nöqtələri axtarmağa məcburdur.

ABŞ-ın regionda mövcudluğu Sovet İttifaqının dağılmasından sonra yaranmış kövrək güc balansını poza bilər. Bu, xüsusilə İran və Rusiyanın, bu regionda ən böyük güclər kimi, özlərini təhlükədə hiss etdikləri bir zamanda daha mümkündür. Rusiya Cənubi Qafqazı öz ənənəvi nüfuz dairəsi kimi görür və Qərbin artan iştirakına qarşı çıxır. ABŞ Xəzər dənizi hövzəsində ən vacib müttəfiq olaraq Azərbaycanı seçib və intensiv hərbi əməkdaşlıq proqramı hazırlayıb. Rusiyalı hərbi analitiklər bu proqramı 2002-ci ildən bəri Gürcüstan ordusunu döyüş qabiliyyətli, yaxşı təlim keçmiş və təchiz olunmuş bir qüvvəyə çevirən ABŞ-Gürcüstan Təlim və Təchizat Proqramı (US-Georgian Train and Equip Program) ilə müqayisə edirlər. Rusiyalı analitiklər hesab edirlər ki, eyni şey tezliklə Azərbaycanda da baş verə bilər və bu, Rusiyanı Azərbaycana təsir vasitələrindən məhrum edə bilər.

Görünür ki, Cənubi Qafqazda ABŞ-ın hərbi əməkdaşlığı problemsiz inkişaf edir. ABŞ hərbi mövcudluğuna və fəaliyyətinə açıq status verməkdən çəkinirmiş kimi görünsə də, onların regiondakı maraqlarını effektiv şəkildə qoruduğu aydındır. Azərbaycanın hərbi büdcəsinin artması da onun hərbi gücünü artıracaq. Sual ondan ibarətdir ki, ABŞ qonşu ölkələri, məsələn, Qazaxıstanı hərbi əməkdaşlığa qoşulmağa inandıra biləcəkmi?

1990-cı illərdə NATO və Aİ-nin regiona münasibəti passiv olsa da, XXI əsrdə ittifaq və alyans daha fəal siyasət aparmağa başladı. Bu dəyişikliyin səbəbləri ABŞ-ın daha erkən dövrdə regionda daha fəal siyasət aparmağa başlaması ilə əlaqədardır. Avropa ölkələri üçün enerji təhlükəsizliyi məsələsi qiymətlərin artması, çatışmazlıq və tədarüklərin qeyri-müəyyənliyi nəticəsində Cənubi Qafqaza daha çox diqqət yetirməyin vacibliyini ortaya çıxardı.

Rusiya-Ukrayna hərbi əməliyyatlarından sonra yaranan yeni dövrdə qlobal böhranlar, xüsusilə enerji, ərzaq, miqrasiya, müdafiə və terrorizm sahələrindəki çətinliklər yalnız Cənubi Qafqaza deyil, həm də Şərqi Avropaya təsir etməyə başladı.

Cənubi Qafqaz indi geosiyasi dəyişikliklər, əvvəlki mexanizmlərin sıradan çıxdığı, yeni konstruksiyaların isə hələ yaranmaqda olduğu dönəmdədir.

ABŞ, Fransa və Avropa İttifaqı bölgədə sülh istəyirsə, şəraiti nəzərə alaraq davranmaq fikrindədirsə, Ermənistana total dəstək proqramlarına yenidən baxmalıdır.

Əks təqdirdə, yeni məğlubiyyət istisna deyil.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.