Siyasət

Qüdrətli Azərbaycan: Güclü Lider - böyük inkişaf konsepsiyası

5 İyul 2024 10:02
Baxış: 896

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 3-də Astanaya səfərə yollandı.

Məlum olduğu kimi, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Cari ilin İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak edib.

Möhtərəm cənab Prezident görüş çərçivəsində çıxış edərək, bir sıra faktları və ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Bəli, bu faktlar Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl daxili və xarici siyasət ölkəmizin layiqli, parlaq gələcəyini təmin etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan cənab İlham Əliyevin ali rəhbərliyi ilə öz xarici siyasətində dostluq, qarşılıqlı hörmət, sülh və humanizm prinsiplərinə əsaslanır. Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak edən dövlətlərlə, xüsusilə türk dünyası ailəsinə daxil olan dövlətlərlə Azərbaycanın möhkəm dostluq və sarsılmaz qardaşlıq əlaqələri vardır. Bir sözlə qürur hissi ilə vurğulamaq lazımdır ki, Azərbaycan iştirak etdiyi bütün qlobal tədbirlərdə, konfranslarda daim sülhə böyük töhfə verir. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev əsl liderlik keyfiyyətlərini bütün addımlarında nümayiş etdirir və dövlətimizi bütün kənar təzyiqlərdən qoruyaraq, ölkəmizin hərtərəfli inkişafını təmin edir.

İlham Məmmədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.