Siyasət

Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib - Sevil Mikayılova

4 İyul 2024 17:57
Baxış: 538

Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər son illərdə sürətlə inkişaf edib. Bu əlaqələr, qarşılıqlı inam və etimad əsasında, strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Hər iki ölkənin liderləri, Prezident İlham Əliyev və Çin lideri Si Cinpin, bu münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayırlar.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan və Çin arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Prezident İlham Əliyev və Si Cinpin arasındakı görüşlər və səfərlər bu əlaqələrin əhəmiyyətini göstərir.

"Məsələn, 2019-cu ildə Prezident Əliyev, Si Cinpinin dəvəti ilə İkinci "Kəmər və Yol Forumu"nda iştirak edib. 2022-ci ildə isə Səmərqənddə ŞƏT Sammiti çərçivəsində iki lider arasında görüş keçirilib. Bu səfərlər və görüşlər, ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafını təsdiqləyən mühüm addımlar olub.

Çin Azərbaycanın əsas idxal mənbələrindəndir və əsas ticarət tərəfdaşlarından biridir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. Azərbaycanda 300-dən çox Çin şirkəti müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təsərrüfatı və tikinti sahələrində aktiv fəaliyyət göstərir. Bu şirkətlər, həmçinin nəqliyyat və xidmət sektorlarında da fəaliyyətlərini genişləndirirlər", - deyə S.Mikayılova əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan, Çinin "Kəmər və Yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir və bu çərçivədə nəqliyyat-logistika sahəsində sıx əməkdaşlıq qurulub.

"Ölkəmiz Orta Dəhlizin inkişafına böyük investisiyalar yatırıb. Bu dəhliz, Çindən Avropaya və əksinə yüklərin daşınması üçün ən səmərəli marşrutlardan biridir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb.

Enerji keçidi və bərpa olunan enerji sahəsində də Azərbaycan və Çin arasında əməkdaşlıq inkişaf etdirilir. Elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin "BYD Company Limited" şirkəti ilə əməkdaşlığa başlanılıb. 2024-cü ildə Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində BYD şirkətinin elektrik mühərrikli avtobuslarının və enerji doldurucularının ölkəmizə gətirilməsi planlaşdırılır", - deyə S.Mikayılova qeyd edib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu, Azərbaycan-Çin mədəni və humanitar əlaqələrinin əsas hərəkətverici qüvvəsidir. Fond "Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti" ilə birgə müxtəlif layihələr həyata keçirir. 2023-cü ildə Pekində Fondun vitse-prezidenti Leyla Əliyevanın poeziya kitabının Çin dilinə tərcümə olunmuş təqdimatı keçirilib.

"Elm və təhsil sahəsində də əməkdaşlıq fəal şəkildə həyata keçirilir. Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisi kafedrası fəaliyyət göstərir, Azərbaycanın ali məktəblərində isə Konfutsi institutları fəaliyyətlərini davam etdirirlər.

Prezident İlham Əliyev və Çin lideri Si Cinpin arasındakı qarşılıqlı inam və etimad əsasında qurulmuş yüksək səviyyəli dostluq münasibətləri, Azərbaycan və Çin arasında əməkdaşlığın bütün sahələrdə daha da dərinləşəcəyinə və ikitərəfli münasibətlərin yeni məzmun və keyfiyyət qazanacağına əminlik yaradır. Bu əlaqələr, hər iki ölkənin strateji maraqlarına xidmət edir və regionda sabitlik və inkişaf üçün əhəmiyyətli rol oynayır", - deyə S.Mikayılova əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.