Siyasət

Avropa İttifaqının Cənubi Qafqaz məğlubiyyəti: səbəblər, nəticələr…

1 İyun 2024 09:48
Baxış: 930

Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Avropa İttifaqının Siyasi Şurası və Avropa Komissiyası... Bu strukturlar Cənubi Qafqazda Avropa İttifaqının geosiyasi, iqtisadi, siyasi, hərbi və s. maraqlarını tam təmin etmək üçün regional təsir mexanizmlərinə yiyələnməyə çalışırlar.

Halbuki Aİ möhkəmlənmək cəhdləri ilə mövqelərini daha da zəiflədib, özü də sürətlə.

Aİ son vaxtlaradək az qala bastionu hesab etdiyi Gürcüstana sanksiyalar tətbiq etməyi düşünür, Rusiya ilə əlaqələrinin heç birini faktiki zəiflətməyən Ermənistanla daha sıx əməkdaşlıq etməyə çalışır, Azərbaycanla isə ultimativ tonda, əmr və göstərişlər vasitəsilə təmaslar qurmağa can atmaqla nəyəsə nail ola biləcəyini xəyal edir.

Avropa İttifaqı (Aİ) bölgəmizdə ən ciddi, nüfuzlu və güclü geosiyasi oyunçu olmaq iştahındadır.

Cənubi Qafqazda 1990-cı illərdə bərqərar olan geosiyasi reallıqlar və güc nisbətləri 44 günlük İkinci Qarabağ Müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatandan sonra darmadağın oldu. Azərbaycan həmin reallıqları tarixə qovuşduraraq yeni gerçəklik formalaşdırdı.

Rusiya və İranın bölgədə təsir imkanlarını bərpa etməklə yanaşı, gücləndirmək niyyətində olduğnu sezən Avropa İttifaqı özünə yer etmək, sonra da həmin yeri genişləndirərək geosiyasi inhisara döndərmək fikrində idi.

Yekun sülh sazişinin imzalanması, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlar prosesində təşəbbüsü ələ keçirməyə can atan ABŞ və Rusiyanı qabaqlamaq üçün Aİ Brüssel formatını gündəmə gətirdi.

Bakı bu formatı ilkin mərhələdə normal qarşıladı, çünki Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlar perspektiv baxımından müəyyən ümildlər yaratmışdı.

Həmin dönəmdə prosesdə Aİ məhz pan-Avropa strukturu kimi çıxış edərək, ayrı-ayrı ölkələrin maraqlarının səsləndiyi kakafoniyanı xatırlatmırdı.

Fəqət az sonra Fransa prezidenti Emmanuel Makron "Ermənistanı tam və total şəkildə, bütün müüstəvilərdə dəstəkləyirik" deyərək Bakı ilə İrəvan arasındakı danışıqların Brüssel trekini nəzarət altına almağa çalışdı. Parisin aqressiv cəhdləri o qədər aktivləşdi ki, Makron danışıqlara vasitəçilik missiyasında Şarl Mişeli üstələməyə, sonra da arxada buraxmağa yönəlmiş konkret addımlar atdı.

Emmanuel Makronun aqressiv siyasətinin pik mərhələsi Avropa İttifaqının Siyasi Şurasının Qranada (İspaniya) şəhərində keçirilmiş sammiti oldu.

Almaniya, Fransa, Avropa İttifaqı və Ermənistan liderlərinin birgə bəyanat imzalaması ilə başa çatan bu görüşə xatırladaq ki, Azərbaycan qatılmadı.

Emmanuel Makron, Olaf Şolts, Şarl Mişel və Nikol Paşinyanın imzaladıqları dördtərəfli bəyanat bu minvalla Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının Brüssel formatı ilə yanaşı, Avropa İttifaqının Cənubi Qafqazdakı geosiyasi təşəbbüs imicinin sonu oldu.

Emmanuel Makron üzləşdiyi bu uğursuzluqdan nəticə çıxarmayaraq, daha da aktivləşmək qərarına gəldi, Cənubi Qafqazdakı mövqelərini Tbilisi və İrəvan vasitəsilə möhkəmlətmək istədi.

Məhz E.Makronun inadı və təzyiqləri nəticəsində Gürcüstana Avropa İttifaqına üzv ölkə statusu verildi: halbuki rəsmi Tbilisi bu "hədiyyə"nin arxasında nə durduğunu bildiyindən statusa yiyələnmək üçün zəruri şərtləri yerinə yetirməyə tələsmirdi.

Aprelin 5-də isə Brüsseldə ABŞ-nin dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış sazişlə rəsmi Paris artıq aşkar şəkildə Tbilisi-İrəvan geosiyasi marşrutu ön plana çıxarmaq fikrini açıqladı.

Aİ-nin Cənubi Qafqazdakı siyasətinə nəzər salaq.

Rəsmi Tbilisi 2022-ci ildən sonra Avropa İttifaqının təşəbbüsü ilə Brüssellə daha aktiv və sıx münasibətlər qurmağa sövq edildi. Gürcüstan vətəndaşlarına Aİ-yə viza ləğv edildi, Aİ-nin bir sıra təşkilatları və fondları Gürcüstanda layihələrlə proqramdarın icrasına başladılar, Brüssellə Tbilisi arasında "Genişlənmiş və hərtərəfli azad ticarət zonası" (Deep and Comprehensive Free Trade Area, DCFTA) anlaşması imzalandı, sonda isə Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verildi.

Aİ bunu Tbilisinin Avropa İttifaqı zonasına sistemli inteqrasiyasının sürətli başlanğıcı elan etdi, amma Gürcüstan hakimiyyəti bütün proseslərin Aİ-nin istəyi və təşəbbüsü ilə reallaşdığını vurğuladı.

Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi qəbul ediləndən sonra isə ABŞ ilə yanaşı, Brüssel bunu insan haqları, söz azadlığı, demokratiya və ən əsası - Qərb dəyərlərinə hücum kimi dəyərləndirdi. İndi Gürcüstana qarşı Qərbin ünvanlı sanksiyaları, məhdudiyyətləri və yasaqları tətbiq oluna bilər.

Ermənistana gəldikdə isə, Brüssel görüşündən sonra Avropa İttifaqı ermənilərə bol vədlər versə də, hələlik o şirnikləndirici və tovlayıcı sözlərin işə dönməsi müşahidə olunmur. Aİ İrəvandan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Avrasiya İqtisadi Birliyinin və Avrasiya Gömrük İttifaqının sıralarını tərk etməyi, Rusiya ilə əlaqələri minimuma endirməyi və Moskvanın təsirindən tamamən çıxmağı tələb edir. Ermənistanın baş naziri Nikol Paşinyan isə Rusiya ilə əlaqələrin ermənilər üçün hansı önəm kəsb etdiyi anladığından tələsmir.

Adi bir fakt: Qərbin tətbiq etdiyi çoxsaylı sanksiyaların təsirini azaltmağa çalışan Rusiyanın paralel ixrac və idxal məkanı qismində istifadə etdiyi ölkələr arasında Ermənistan da var. Bu ilin əvvəlindən bəri Ermənistan həmin əməliyyatlar vasitəsilə ayda orta hesabla təqribən 1 milyard dollar (!) gəlir əldə edir ki, bu da ilin sonunadək minimum 12 milyard dollar deməkdir.

Ermənistan Rusiya il əlaqələri minimallaşdıraraq bu gəlirdən imtina edərsə, həmin vəsaiti Avropa İttifaqından ala biləcəkmi?

Çətin.

Aİ də bunu bilir və ermənilərə pul verə bilməsə də, 2017-ci ildə İrəvanla imzaladığı "Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi"nin (Comprehensive and enhanced Partnership Agreement, CEPA) tətbiq arealını artıraraq Ermənistanla əməkdaşlığı sürətləndirmək fikrində olduğunu bəyan edir.

Üstəlik, Brüssel xüsusilə vurğulayır ki, CEPA sazişinin genişləndirilməsində məqsəd "Avropa İttifaqı ilə sıx əməkdaşlığın Ermənistanın Avrasiya İqtisadi Birliyi qarşısındakı öhdəliklərinə maneələr yaratmaması" üçün edilir.

Bütün bunlardan istifadə edən Nikol Paşinyan da Rusiya ilə əlaqələrdən gəlirləri artırmaqla yanaşı, Avropa İttifaqından da dividendlər əldə etməkdədir.

Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan Aİ ilə "fərdi" qaydada tərəfdaşlıq edir, xam neft və təbii qazın nəqli, nəqliyyat və loqistika marşrutları sahələrində əməkdaşlığa üstünlük verir.

Rəsmi Bakı Brüsseldə energetika sahəsində strateji tərəfdaşlıq barədə bəyannamə imzalayıb, amma Aİ ilə Azərbaycan arasınnda əməkdaşlıq və işbirliyini nəzərdə tutan anlaşma hələ də imzalanmayıb.

Avropa Parlamentinin, Avropa Şurasının Parlament Assambleyasının, Avropa Komissiyasının bütünlüklə Fransanın təsiri altına düşərək ölkəmizə qarşı qərəzli mövqe tutması nəticəsində Bakı-Brüssel trekində yaxın vaxtlarda geosiyasi və siyasi məsələlərdə ciddi irəliləyişləri gözləməyə dəyməz.

Halbuki bu, Mərkəzi Asiya-Avropa İttifaqqı marşrutunda enerjidaşıyıcılarının nəql marşrutları, logistika və daşımaların həcminin artırılmasına yönəlmiş yeni layihələrin reallaşmasını mütləq şəkildə təxirə salır.

... Avropa İttifaqı əfsuslar olsun ki, Fransanın irreal, absurd, isterik və zərərli siyasətinə müüqavimət göstərə bilmədiyindən Cənubi Qafqazda ciddi mövqelərə sahiblənə bilmədi.

Brüssel uğur əldə etmək istəyirsə, Aİ-nin hər hansı üzvünün, xüsusilə də Fransanınn siyasi maraqlarını Aİ-nin strateji və geosiyasi mənafelərindən üstün tutmamalıdır.

Xüsusilə də Azərbaycanla bağıl idiotizm dərəcəsindəki qərəzli siyasət dəyişməlidir.

Əks təqdirdə, Avropa İttifaqı indi malik olduğu mövqelərlə də vidalaşmalı olacaq.


Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.