Siyasət

Əsl erməni məsələsi: Vazgen Nikola qarşı

27 May 2024 15:24
Baxış: 858

Dünən Ermənistanda müxtəlif yaşayış məntəqələrindən 190 nəfər təxliyə edilib, xilasedicilər tərəfindən 73 nəfər xilas edilib. Xilasedicilər 3 nəfər naməlum vətəndaşın cəsədini Sənahin körpüsünün yaxınlığından çıxarıblar. 2 nəfər isə itkin düşüb.

Lakin təbii fəlakət keşiş Baqrat Qalstanyana İrəvanda aksiyalara yenidən başlamağa əsla mane olmayıb.

"Vətən uğrunda Tavuş" adlı hərəkatın "lider"i, Ermənistan Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş (Tovuzqala) yeparxiyasının arxiyepiskopu Baqrat, yəni Vazgen Qalstanyan əslində ölkə əslən Qarabağda olan ermənilərdən ibarət "qarabağlılar klanı", xarici ölkələrdəki erməni diaspor təşkilatları, habelə Rusiya və İranın maliyyələşdirərək idarə etdikləri qruplardan ibarət "koalisiya"nın rəhbəri kimi qələmə verilir.

Aprelin 19-da, Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinə başlandığı gün aksiyalara başlayan keşiş Baqrat konkret məqsədlərini səsləndirmişdi.

O, Ermənistan parlamentində baş nazir Nikol Paşinyana impiçment elan edilməsini, baş nazirin dərhal istefa verərək hakimiyyətdən kənarlaşdırılmasını, növbədənkənar parlament seçkilərinin keçirilərək yeni hökumətin formalaşmasını və yeni baş nazirin seçilməsini tələb edirdi.

Vazgen Qalstanyan son ayyarım ərzində guya ölkə müxalifətinin bütün düşərgələrinin və qüvvələrinin rəhbərləri ilə görüşlərlə müzakirələr keçirdiyini, yeni baş nazir postuna namizədin müəyyənləşdirilməsi üçün diskussiyaların aparıldığını bəyan edirdi.

Vaxt ötdükcə bəlli oldu ki, keşiş Baqratın önə çıxaran qüvvələrin əsas məqsədi sabiq prezident Robert Köçəryanın hakimiyyətə qayıdışının təminatıdır.

Məhz bu məqsədlə Robert Köçəryanın tərəfdarları ilə daşnaklardan ibarət "Ermənistan" franksiyası və sabiq prezident Serj Sarqsyanın "Şərəfim var" fraksiyası Qalstanyana "tam dəstək" verdilər.

İlkin müəyyənləşdirilmiş ssenariyə görə, müxalifətin dağınıq və zəif olduğu Ermənistanda kütlənin kilsəyə olan etibarından sui-istifadə etməklə arxiyepiskop Baqrat kütləni ələ almalı, sonra isə ermənilərə baş nazir postuna "ən layiqli namizəd"inq məhz Robert Köçəryan olmasını təlqin etməliydi.

Anti-Paşinyan koalisiyasının təşkilatçıları və rəhbərləri kiçik, amma real məqamı nəzərə almadılar: Ermənistanda Nikol Paşinyana arşı qıcıq və antipatiya varsa, Robert Köçəryana ermənilərin əksəriyyəti sadəcə, nifrət edir.

Məhzu bu səbəbdən "Vətən uğrunda Tavuş" hərəkatının ssenari müəllifləri dünən taktikanı dəyişdilər.

Vazgen Qalstanyan dünən İrəvanın mərkəzindəki Respublika Meydanındakı mitinqdə bəyan etdi ki, baş nazir olmaq niyyətindədir.

Bununla da müvəqqəti fiqur, daha doğrusu, marionet olduğunu təsdiqlədi. Zatən Qalstanyanı önə atanlar, Ermənistanda Paşinyana qarşı sərt müxalifətdə duran bütün qüvvələri birləşdirmək, yaranacaq kvazikoalisiyaya kilsəni, daşnakları və diasporu da cəlb etmək, sonucda mütəhərrik və bitkin alyans formalaşdırmaq istəyənlər məramlarını açıqladılar.

Plana görə, Vazgen Qalstanyan baş nazir postuna yiyələnməli, sonra növbədənkənar parlament seçkiləri keçirilərək Robert Köçəryanı dəstəkləyən "koalisiya" qalib gəlməli və baş nazir səlahiyyətlərinə Köçəryan yiyələnməlidir.

Amma bu ssenari baş tutmayacaq və səbəblər sadədir:

1. Yolların bağlanması. Arxiyepiskop Baqratın başçılıq etdiyi hərəkat paytaxt İrəvanda yolları bağlamaqla məqsədlərinə çatmağa çalışır. Aksiya iştirakçıları şəhərin mərkəzi küçələrinndə avtombilləri saxlayıb getməklə, zibil qutuları ilə "sədd"lər yaratmaqla, hətta elektrik skuterlərini yola düzməklə hərəkəti dayandırmağa çalışırlar. Halbuki belə aksiyalar zamanı yolu zibil qutuları və ya atılıb gedilmiş avtomobillər yox, hakimiyyətdən narazı insanlar kəsirlər.

2. Baş nazir postu arzusu. Arxiyepiskop Baqratın dediyinə görə, siyasi fəaliyyətlə "azad və qanuni şəkildə məşğul olmaq üçün" din xadimi statusunu dondurub, Kanada vətəndaşlığından da imtina edib. Halbuki Eçmiədzinin bu gün yaydığı rəsmi bəyanatda deyilir: "Baqrat Qalstanyanın kilsə-inzibati xidmətinə son qoyulub, amma onun arxierey rütbəsi saxlanılıb". Yəni Baqrat hələ də keşişdir və Ermənistanın mövcud qanunvericiliyinə görə, dünyəvi hakimiyyətə başçılıq edə bilməz.

Üstəlik, o, hələ də Kanada vətəndaşıdır. Kanada vətəndaşlığından imtinası rəsmiləşsə belə, Ermənistan Konstitusiyasına görə, baş nazir postuna namizəd ola bilməz. Bunun üçün o, ölkədə keçirilən parlament seçkilərində deputat mandatına yiyələnməli, daha sonra parlament üzvlərinin riyazi çoxluğu tərəfindən baş nazir postuna namizəd irəli sürülməlidir.

Arxiyepiskop Baqrat və ya Vazgen Qalstanyan son 5 il ərzində Ermənistanda yaşamadığından, Konstitusiyanın tələblərinə uyğun olaraq, deputat seçilmək üçün 4 il gözləməlidir.

... Əgər kimsə klerikal şüuru ilə düşünürsə ki, qanunları pozaraq və kilsə ilə "qarabağlılar klanı"nın təşkilati, erməni diasporununsa maliyyə dəstyi ilə Ermənistanda hakimiyyəti qəsb edə bilər - dərin yanlışolığa yol verir.

Nikol Paşinyan hazırda malik olduğu səlahiyyətlərdən asanlıqla əl çəkən və hakimiyyəti də bəsit formatda təhvil verən deyil. Tam əksinə, Ermənistanda iqtidarda olan qüvvə bütün imkanlarını səfərbər edərək, potensialından və inzibati rıçaqlarından maksimum yararlanaraq özünümüdafiə ilə məşğuldur.

Arxiyepiskop Baqrat, yəni Vazgen Qalstanyan bu gün bəyan edib ki, Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması uğrunlda aksiyalar üçüncü, son mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, son mərhələ Ermənistan sakinlərinin kütləvi vətəndaş itaətsizliyindən ibarət olmalıdır.

Bu çağırış da irreal və emosionaldır, çünki sel və daşqınların yaşandığı Ermənistanda əyalətlərdə əsas problem təbii fəlakətin fəsadlarının aradan qaldırılmasıdır.

Delimitasiya və demarkasiya prosesinin, yekun sülh danışıqlarının dayandırılması ilə bağlı tələblər isə ümumiyyətlə, absurddur. Belə olarsa, Ermənistanın perspektivləri ermənilər üçün olduqca təhlükəli hal ala bilər.

Subregional geosiyasi oyunçulara gəldikdə isə, Ermənistanda hazırda yaşanan proseslər Qərbi dərindən narahat edirsə, İranı da qayğılandırmağa başlayıb.

Radikal, aqressiv və revanşist qüvvələrin Ermənistanda aktivləşməsi Cənubi Qafqaz bölgəsində maraqları olan dövlətlərin heç birinin mənafeyinə cavab vermir.

Keşiş Baqrat, yəni Vazgen Qalstanyanla onun sahibləri bu məqamları bilməmiş deyillər.

Bilib belə davranırlarsa, onların hansısa siyasi fəhmindən, strateji düşüncəsindən danışmaq yersizdir.

Tamamən mənasız və yersiz.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.