İdman

F1-də yarışlarının məsafəsi qısaldılacaq

22 Sentyabr 2026 09:15
Baxış: 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Formula-1"də 2027-ci il mövsümündən etibarən Qran-prilərin məsafəsi ilə bağlı yeni qayda tətbiq olunacaq.

Milli.Az xəbər verir ki, növbəti mövsümdən yarışların keçə biləcəyi maksimal məsafə 305 kilometr deyil, 290 kilometr olacaq. Bu yenilik hava şəraiti və ya müxtəlif insidentlər səbəbilə yarımçıq qalan və sonradan davam etdirilən yarışlara da aid ediləcək.

Yeni qaydalara əsasən, Qran-prinin ümumi müddəti iki saatla məhdudlaşır. Yarış zamanı qəza və ya yağış səbəbindən fasilə yaranarsa, hazırda tətbiq olunan üç saatlıq limit əvəzinə əvvəlcədən müəyyənləşdirilmiş "qəti bitmə vaxtı" əsas götürüləcək.

FIA-nın məlumatına görə, bu dəyişikliklər yarışın dayanması halında azarkeşlərin mümkün qədər çox yarış izləməsinə imkan yaratmaq məqsədi daşıyır. Finiş üçün müəyyənləşdirilən son vaxt yarışın keçirildiyi şəraitdən asılı olaraq dəyişə biləcək. Gecə yarışlarında daha gec finişə icazə verilə bilər, gündüz keçirilən Qran-prilərdə isə günəşin batması nəzərə alınacaq.

Yarış məsafəsinin azaldılması 2027-ci ildən avtomobillərdə mühərrik və elektrik sistemlərinin güc balansının dəyişməsi ilə də bağlıdır. Hazırda daxili yanma mühərrikinin və elektrik enerjisinin nisbəti 53-47-dir. Bu göstəricinin 2027-ci ildə 58-42, 2028-ci ildə isə 60-40 olması planlaşdırılır.

Güc balansındakı dəyişiklik bolidlərin yanacaq sərfiyyatının artmasına səbəb ola bilər. Komandaların bəzi xərcləri azaltmaq üçün hazırkı şassilərdən növbəti mövsümdə də istifadə etmək niyyətində olması isə yanacaq çənləri ilə bağlı məsələnin ön plana çıxmasına səbəb olub.

Yanacaq çənləri şassinin daxilində yerləşdiyi üçün onların ölçülərinin dəyişdirilməsi mümkün deyil. Bu səbəbdən bəzi komandaların mövcud çənlərlə yeni qaydalara uyğun Qran-prini tamamlaya bilməsi ilə bağlı narahatlıqlar yaranıb.

F1 Komissiyasının komandalar, FIA və "Formula-1" nümayəndələrinin iştirakı ilə keçirilən toplantısında sərbəst yürüşlərlə bağlı da qərar qəbul edilib. Yeni yanaşma məşq sessiyasının dayandırıldığı hallarda itirilən vaxtın kompensasiya edilməsi üçün daha çevik imkan yaradacaq.

Hazırda isə sərbəst yürüş zamanı insident baş verdikdə və qırmızı bayraq göstərildikdə vaxt dayandırılmır. Bu qayda sıralanma turu və əsas yarış sessiyalarından fərqli olaraq tətbiq edilir.

Müəllif: Tural Hüseyn 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.