Siyasət

"Yaxın zamanda Azərbaycan Laçın dəhlizində öz postunu və gömrük xidmətini yaradacaq"

9 Dekabr 2022 14:30
Baxış: 1 633

Ermənistan qanun pozuntusu edən kimi, ilk təxribatı yalan xəbərlər yaymaq olur.

2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra üçərəfli bəyanata görə, Azərbaycan ərazilərinə 2 min nəfərə yaxın Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Amma sülhməramlılar fəaliyyətlərinin ilkin günlərindən tərəf seçdilər və Ermənistan tərəfindən çıxış edərək, Azərbaycan torpaqlarının xarici şirkətlər tərəfindən yağmalanmasına şərait yaratdılar.

Sülhməramlıların Azərbaycan torpaqlarında xidmət dövrü hələ ki, 5 ildir. Bu isə o deməkdir ki, onlar hələ təxminən 3 il də torpaqlarımızın darmadağın edilməsinə, Ermənistanın güclənib yeni münaqişəyə başlamasına yardım edəcəklər.

Azərbaycan bununla bağlı Rusiyaya və digər beynəlxalq təşkilatlara xəbərdarlıq edir, məlumat verir. Nəticə nə olacaq, hələ ki, bu sual açıq qalır.

"44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni bir reallıq yaranıb. Azərbaycan öz gücü ilə dövlət sərhədlərini, ərazi bütövlüyünü bərpa edib, düşməni darmadağın edib və aparılan danışıqlar nəticəsində Brüsseldə oktyabrın 6-da Ermənistanın baş naziri Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb.

Biz artıq sülh müqaviləsi bağlanması üçün beş maddədən ibarət əsas prinsiplər irəli sürmüşük. Bu prinsiplər də beynalxalq qanunlara əsaslanır və BMT- nin qanunlarına tam uyğundur. Bu səbəbdən də bu prinsiplər üzrə danışıqlar aparılmalıdır".

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb.

O qeyd edir ki, hazırda Rusiya, Ermənistan, Azərbaycan arasında 2020-il noyabrın 10-da imzalanmış bəyannamədə yer alan 4-cü maddə reallaşmayıb. Çünki Azərbaycan ərazisində qanunsuz silahlı dəstələr, hərbi birləşmələri var.

"Biz danışıqlar zamanı da, bəyannamədə də göstərdik ki, onlar Azərbaycan ərazisindən çıxarılmalıdır. Biz Azərbaycan dövləti olaraq, sülhpərvər olduğumuzu göstərmişik, nümayiş etdiririk, dəfələrlə onlara xəbərdarlıq etmişik.

Bu barədə də həm Avropa Şurasına, həm də Amerikaya məlumat vermişik",- deyən politoloq bildirib ki, yaxın gələcəkdə bu tələblər yerinə yetirilməsə, Azərbaycan öz ərazisi daxilində anti-terror əməliyyatı keçirməyə məcbur olacaq.

E.Həsənov bildirir ki, düşmən vaxtdan sui-istifadə edib bizim ərazimizdən faydalı qazıntıları tez-tələsik çıxarıb Ermənistana daşıyır.

Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun Ermənistanda, xüsusilə də Qarabağdakı quldur dəstələriylə əlaqəli olduğu barədə artıq Rusiya mətbuatı da yazır.

"Rusya sülhməramlıları həmin ərazilərə gizlincə silah-sursat daşınmasına imkan yaradır və yerləşdirilməsinə göz yumurlar.

Artıq biz özümüz bunu müəyyən etmişik ki, hansı maşınlarda, nələr gətirirlər. Son günlər 14 və 13 nəfər İran vətəndaşının həmin əraziyə gəlməsi və onlara hərbi təlimlər, məşqlər keçməsi də tərəfimizdən müəyyən olunub. Bu da Rusiya sülhməramlarına və beynalxalq təşkilatlara bildirilib",- deyə politoloq əlavə edib.

30 il müddətində Azərbaycanın təbii sərvətlərinin daşındığını, ərazilərin darmadağın edildiyini deyən politoloq bildirib ki, Azərbaycan tərəfi daha buna imkan verməyəcək. Elşad Həsənov qeyd edir ki, artıq bu məsələyə Azərbaycan öz mövqeyini bildirib.

"Bizim torpağımızın faydalı qazıntıları Azərbaycan xalqının, Azərbaycan dövlətinin icazəsi olmadan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 14-cü maddəsinə əsasən təbii ehtiyatlar hansısa fiziki və hüquqi şəxslərin hüquqlarının və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına məxsusdur. Dövlətin icazəsi olmadan onların istifadəsi cinayətdir",-deyə o əlavə edib.

Politoloq qeyd edir ki, düşmən tərəf qanun pozuntusu edən kimi, özləri təxribata yol verir, yalan xəbərlər yayırlar ki, "ay aman bunlar bizi qırdılar, bizi dağıtdılar, bizi məhv etdilər". Bu vəziyyəti bizdən öncə Avropa İttifaqına, Avropa deputatlarına çatdırırlar. Onlara yalan məlumatlar verirlər ki, Azərbaycan onları sıxışdırır: "Avropa İttifaqının alman deputatı Lars Patrick Bergin onların tərəfini saxlayaraq Avropa İttifaqı parlamentində bu məsələni qaldıraraq onlara kömək olunmasını istəyir. Bergin başa düşmür ki, bu Azərbaycanın təbii sərvətləridir və onu dövlətin icazəsi olmadan heç kəs, hər hansı bir xarici şirkət onu daşıya bilməz".

E.Həsənovun sözlərinə görə, artıq Azərbaycan tərəfi Rusiya sülhməramlıları rəhbərini məlumatlandırıb ki, bu kimi fəaliyyətlərin qarşısının alınması üçün tədbirlər görülsün. Azərbaycanın faydalı qazıntılarının xaricə daşınmasına göz yumulmasın.

"Bu səbəbdən də bir neçə saatlıq Laçın dəhlizi bağlandı. Bundan narahat olan Ermənistan bütün dünyaya car çəkdi ki, Azərbaycan onların yollarını bağlayıb. Yəni yenə də öz rollarındadır, öz işlərindədir. Ancaq mən güman edirəm ki, yaxın zamanda Azərbaycan Laçın dəhlizində həm öz postunu, həm də gömrük xidmətini yaradacaq. Bundan sonra malların, silah-sursatın qeyri-qanuni daşınmasının qarşısı alınacaq",- deyə politoloq fikrini yekunlaşdırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics