Siyasət

Tarasovun tərs yozumu və “Bakı bacarmır” iddiası...

6 Dekabr 2022 08:49
Baxış: 1 807

Rusiyanın yaxın Şərq və Qafqaz məsələləri üzrə eksperti Stanislav Tarasovun erməni mediasına müsahibəsində səsləndirdiyi fikirlər bəzi nəticələr çıxarmağa imkan verir.

Milli.Az axar.az-a istinadən bildirir ki,  erməniyönlü Tarasovun açıqlaması Rusiyada ermənilərin maraqlarını güdən ekspertlərin belə Ermənistandan ciddi narazı olduğunu təsdiqləyir.

Tarasov son günlər baş verənlərin günahını açıq şəkildə İrəvan rəhbərliyinin üzərinə yükləyir.

"Ermənistanda avropalı müşahidəçilər peyda olub, İrəvan danışıqları Qərb platformalarına köçürdü, prosesi ləngitdi, lakin hərbi eskalasiya ehtimalı hələ də mövcuddur", - o deyib.

Bununla Ermənistanın prosesi nəzarətdən çıxarmaqda ittiham edən Tarasov daha sonra Azərbaycanla bağlı ciddi təhriflərə də baş vurub. O bildirib ki, Bakının Qarabağ müharibəsi ssenarisini təkrarlayacağını düşünmür, çünki belə halda Azərbaycan "erməni soyqırımı"nda ittiham edilərək, "İkinci Türkiyə" imicini qazana bilər. Guya bu imic "Avropada enerji resursları məsələsində hansısa mövqe qazanmaq istəyən Azərbaycanın maraqlarına zərbə olar".

Avropanın "enerji məsələlərində hansısa mövqe" ifadəsi ilə əslində Tarasov Azərbaycanın son aylar ciddi iqtisadi-siyasi uğurlarına qısqanclığını ifadə etmiş olur. Başqa cür heç bir normal müşahidəçi bu cür ifadələrdən istifadə etməzdi.

Tarasovun növbəti açıqlaması isə birbaşa təhrifdir və prosesləri olduğu kimi deyil, arzuladığı kimi görmək istədiyini nəticəsidir. O iddia edir ki, onların (Azərbaycanın) Xankəndi ilə danışıqlara hazır olduğunu açıqlaması təsadüf deyil. Guya yuxarıda dediyi "imic" məsələsinə görə Bakı prosesi danışıqlarla həll etmək istəyir.

Tarasov Azərbaycanın "Xankəndi ilə danışıqlara hazır olduğu" açıqlamasını heç yerdə göstərə bilməz. Bakı "Xankəndi ilə" deyil, Xankəndi və ətrafındakı erməni icması ilə dövlətin müfaviq qurumları vasitəsilə ünsiyyətə keçməyə hazır olduğunu bildirib və hətta bu ünsiyyətin artıq başladığını da vurğulayıb.

Erməniyönlü Tarasov rəsmi Bakının Vardanyanı rədd etməsi, onun rusların pulunu oğurlayıb, indi də Qarabağa yerləşməsi və burada qızıl oğurlamağa başlaması barədə bəyanatını da öz bildiyi kimi yozmağa çalışıb. Deyib ki, "Xankəndinin indiki rəhbərliyi Azərbaycanı qane etmir".

Halbuki Azərbaycan separatçılarla deyil, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən erməni icmasının nümayəndələri ilə qeyri-formal (!!!) danışıqlara hazır olduğunu bildirməklə, tamamilə fərqli yanaşma tətbiq edir.

Tarasov Laçın dəhlizi məsələsində də Bakının sərt addım atmayacağını, bunun Rusiya ilə birbaşa qarşıdurmaya gətirib çıxaracağı haqda erməniləri rahatladandan sonra deyir: "Belə aydın olur ki, Azərbaycan müharibədəki qələbəsini siyasi razılaşmaya çevirə bilmir".

Azərbaycan hərbi qələbənin nəticəsi olaraq erməni icmasına heç bir status verilməyəcəyini rəsmən elan edib, Rusiya XİN rəhbəri Lavrov özü belə İrəvanın Almatı bəyannaməsinə sadiqliyini təsdiqləməklə Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıdığını, öz tərkibində olan ərazi ilə davranmağın isə Bakının səlahiyyətində olduğunu, ermənilərin hüquqlarını Azərbaycan vətəndaşı kimi təmin etməyə Bakının hazır olduğunu deməklə, faktiki olaraq bu məsələdə Rusiyanın edə biləcəyi bir şey qalmadığını bildirdi.

Bütün bunlar masa üzərində Azərbaycanın siyasi iradəsinin və hərbi qələbəsini addım-addım siyasi razılaşmaya çevirdiyinin göstəricisidir.

O ayrı məsələdir ki, Azərbaycanın hərbi qələbəsini Ermənistanın siyasi müstəvidə dərhal qəbullanmasına İran hər vəchlə mane olur, rus sülhməramlıları isə erməni separatizmini bəsləməyə çalışır. Azərbaycan hazırda Ermənistana deyil, regionun iki gücünə qarşı siyasi mübarizə aparır və iradəsini də onlara qəbul etdirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics