Siyasət

İlham Əliyev: Birləşmiş Krallıq ilə əməkdaşlığa böyük əhəmiyyət veririk

26 Oktyabr 2022 16:52
Baxış: 655

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq münasibətlərinə və çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan əlaqələrimizin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin Britaniyanın yeni Baş naziri Rişi Sunaka ünvanladığı təbrik məktubunda deyilir.

"Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Birləşmiş Krallıq Azərbaycana ən çox sərmayə yatıran ölkə və ən iri ticarət tərəfdaşlarımızdan biridir. Ölkələrimiz arasında siyasi, mədəni, təhsil və digər sahələrdə də əməkdaşlıq dinamik inkişaf etməkdədir.

Azərbaycan ilə Birləşmiş Krallıq arasında enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlıq münasibətlərini xüsusi qeyd etmək istərdim. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx tərəfdaşlığını, həyata keçirdiyimiz irimiqyaslı layihələrdə Birləşmiş Krallığın yaxından iştirakını və dəstəyini yüksək qiymətləndiririk. Eyni zamanda, son otuz ildə neft-qaz hasilatında yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində də işbirliyimiz bizi sevindirir", - deyə məktubda qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.