Siyasət

Azərbaycanı vurmaq üçün daha bir dövlət Ermənistana RAKET GÖNDƏRİR - Dehli ritmdən çıxır

29 Sentyabr 2022 15:24
Baxış: 13 542

Azərbaycan böyük sınaq qarşısındadır. Bunu İkinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi reallıq belə deməyə əsas verir. Belə ki, 44 günlük müharibədə əldə edilən tarixi Zəfərdən sonra Bakı üçün bir çox dövlətlərlə beynəlxalq münasibətlərə çəki-düzən vermək üçün aydın mənzərə ortaya çıxamağa başlayıb. 

Azərbaycan Ordusunun 30 illik işğala son qoyması, tarixi ədaləti öz gücü hesabına, övladlarının canı-qanı bahasına qısa zamanda bərpa etməsi, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın dondurulmuş 4 qətnaməsini əsgərinin qəhrəmanlığı sayəsində beynəlxalq hüquq normaları çərçivəsində icra etməsi təkcə uzun illərdir İrəvan hərbi-siyasi rəhbərliyini himayə edən, Ermənistana havadarlıq edən tərəfləri yox, uzun illərdir "din, şiə qardaşı" dediyimiz İranla yanaşı eləcə də sərhədləri arasındakı məsafə 3875 km olan Hindistanın da iç üzünü, erməni sevdasını üzə çıxardı.

BMT demişkən, elə bir neçə gün öncə Təhlükəsizlik Şurasının iclası zamanı Hindistan BMT TŞ-nın iclasında heç bir əsası olmadan Azərbaycanı təcavüzkar adlandırmaqla məkirli niyyətini gizlədə bilmədi. Aralarındakı bu qədər məsafəyə rəğmən bir oğlanın qıza aşiq olduğu kimi məsafələrin əngəl tanımadığı Hindistan-Ermənistan sevgisinin yaranması və onun bu qədər böyüməsinin səbəbi nə Azərbaycana, nə Türk Dünyasına, nə də İslam aləminə qaranlıq deyil.

Hər kəsə gün kimi aydındır ki, bu iki ölkə arasındakı "sadiqliyin" ən başlıca səbəblərindən biri islamofob siyasətləri ilə bağlıdır. Hinsitanın yürütdüyü ermənipərəst siyasətinin əsasında bu ölkənin islamofob hakimiyyətinin mövqeyinin əsas faktor olduğunu təsdiq edən son hadisələrə nəzər salsaq, deyilənlərin həqiqət olduğunu görə bilərik. 

Bu ilin may ayının sonunda Hindistanın hakim Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Şarma televiziyada debatda çıxış edərək Məhəmməd Peyğəmbər haqda təhqiramiz ifadələr işlətməsi ilə diqqət mərkəzinə düşdü. Partiyanın digər üzvü Kumar Cindal da partiyadaşından geri qalmayaraq "Twitter" səhifəsində peyğəmbər haqqında bəzi aşağılayıcı ifadələr söylədi.

200 milyona yaxın müsəlmanın yaşadığı Hindistanın partiya funksionerlərinin bu mövqeyi Ermənistana da yad deyil. Belə ki, az qala hər addımda Ermənistanın vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş islamofob ölkə olmasının izlərinə rast gəlinir. Otuz ildir beynəlxalq hüquqa məhəl qoymayan bu ölkə donuz tövləsinə çevrilərək təhqir edilən məscidlərin, abidələrin timsalında birmənalı olaraq bütün İslam dininə münasibətini nümayiş etdirib.

Ermənilərin Azərbaycan ərazisində müsəlman məscidlərinə, dini inanc yerlərinə qarşı törətdikləri vandalizm aktlarına, İslam dünyasının müqəddəs ocaqlarının təhqir olunmasına göz yuman, hətta Ermənistanla münasibətlərini davam etdirən, əməkdaşlıq edən, Azərbaycana, İslam dininə qarşı bütün çirkin oyunlarda ermənilərin yanında duran müsəlman dövlətləri isə bir ayrı mövzudur.

Hindistanın son ermənipərəst mövqeyi isə bununla yekunlaşmadı. Vətən müharibəsindən sonra onsuzda Dehli ilə İrəvan diplomatlarının sıx qrafiklər qarşılıqlı səfərləri diqqətdən yayınmırdı. Hindistan Ermənistana 270 milyon ABŞ dolları dəyərində silah və hərbi texnika satması ilə bağlı məlumat isə bu gizli səfərlərin əsl məğzini üzə çıxardı.

Ermənistan KİV-ində və eləcə də Hindistan tərəfindən edilən rəsmi açıqlamada bildirilib ki, aralarında imzalanan müqaviləyə əsasən, Ermənistan böyük həcmdə raket, mərmi və sursat sifarişi edib.

Sentyabrın əvvəlində Ermənistan ordusunu fasiləsiz silah və sursatla təchiz etmək üçün rəsmi İrəvanla Dehli arasında dövlətlərarası müqavilə imzalanıb və artıq bu silahların böyük əksəriyyəti Ermənistana gətirilib.

Hindistan bu addımı ilə növbəti dəfə öz riyakar simasını aydın göstərdi. Çox güman ki, rəsmi bakı Hindistanın bu riyakar və ermənipərəst siyasətindən nəticə çıxararaq, siyasi və hərbi sahədə bu ölkənin ulduzları heç cürə barışmayan dövlətlərlə (Pakistan, Çin) əməkdaşlıqları daha da sıx edəcək.

Yeni Şərq blokunda Çin, Rusiya və Hindistan arasında lider müəyyən etmək mümkün deyil. İndiki məqamda Rusiyanın düşdüyü çətin vəziyyəti nəzərə alsaq, liderlik uğrunda əsas mübarizəsinin hazırda Çinlə Hindistan arasında gedəcəyi daha real görünür.

Hər kəsə aydındır ki, Hindistan və Çin regional rəqib ölkələrdir və böhran anında zidd maraqlardan çıxış etmək ehtimalları daha yüksəkdir. Belə olan təqdirdə Azərbaycan ən sağlam və daha neytral mövqe sərgilməsi ilə seçilən Çinin hərbi sənaye imkanlarından daha çox yararlanmaqla bu ölkə ilə hərbi əməkdaşlığı daha inkişaf etdirməklə ticari dövriyyəsinə daha böyük töhfə verə bilər ki, Pekin də Cənubi Qafqazın lider ölkəsi ilə bu əlaqələrin inkişafında maraqlı görünür. Buna biz elə son olaraq Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti çərçivəsində iki ölkkə liderlərinin  görüşü əsnasında da bir daha şahid olduq.

Hətta Fransanın "La Gazette"xəbər portalı Azərbaycanla Çin liderlərinin bu görüşünə diqqət çəkərək, onlar arasında strateji tərəfdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsi barəsində məqalə dərc etdi. Bu məqalədə İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən görüşü geniş şəklildə işıqlandırıldı.

Görüş zamanı hər iki ölkənin dövlət başçıları ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, habelə Azərbaycanla Çin arasındakı əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd ediblər.

Hətta qəzet Çin Xalq Respublikasının dövlət başçısının nitqindən bir iqtibas verərək, bildirib ki, Çin hər iki ölkələr arasındakı əlaqələrin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyir və Azərbaycanın bu əlaqələrin inkişafına mühüm əhəmiyyət verməsini çox yüksək qiymətləndirir. Demək ki, Azərbaycan Pekindən ən son yeni hərbi texnikanın alıçını həyata keçirə bilər və bu hərbi əməkdaşlığı daha yüksək səviyyəyə çatdıra bilər.

Dehlinin bu addımından belə nəticə çıxır ki, onu Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı narahat edir, xüsusilə bu ittifaqın Kəşmir məsələsində İslamabadın mövqeyini gücləndirməsi baxımdan əhəmiyyətini anlayır. 

Dehli bu İttifaqa qarşı İran-Hindistan-Ermənistan üçlüsünün fəaliyyətində maraqlı görünür. Daha konkretləşdirsək, Hindistan hazırda Bakı-Ankara-İslamabad üçlüsünün Pakistanın Qvadar limanından istifadə perspektivinə qarşı çıxmaq niyyətini gizlədə bilmir. O, bunun üçün də İranın Cabahar limanını əsas marşrut olaraq qəbul edilməsinə çalışır və bununla Pakistan, eləcə də Çin qarşısında əlini gücləndirmək istəyir. Xüsusilə də Orta Dəhliz üzərində əhəmiyyətli layihə olan Zəngəzur dəhlizinə qarşı Ermənistan və İranla birlikdə hərəkət etmək Dehlinin maraqlarına uyğun kimi görünür.

Digər yandan nəzər salsaq görərik ki, artıq qütbləşməkdə olan tərəflərin taleləri də təxminən eynidir. Belə ki, necə ki, Azərbaycanla Ermənistan arasında ən azı yaxın 50 illik perespektivdə dost münasibətlərdən danışmaq mümkünsüz görünür, eləcə də bu münasibəti Çinlə Hindistana da şamil etmək olar. Başqa bir bənzərlik: Azərbaycanla Ermənistan arasında sülh sazişi mövcud deyilsə, Çinlə Hindistan arasında da sərhəd problemi bitmək bilmir, tez-tez sərhədin dağlıq hissəsində toqquşmalar baş verir.

Nəzərə alsaq ki, son həftələr İrəvan Qərbin, ABŞ-ın sifarişləri əsasında daha çevik qərarları ilə diqqət mərkəzinə düşür, - bunu Ermənistana sözügedən dövlətlərin rəsmilərinin etdikləri sıx qrafikli səfərlər də təsdiq edir, - demək ki, Hindistanın Ermənistanı silahlandırılması prosesinin pərdəarxası iştirakçıları arasında Qərbin və ABŞ-ın xüsusi iştrakı var.

Demək, ABŞ və Qərbin bu siyasətini eyni zamanda Çinə qarşı oyunun bir parçası da hesab etmək olar. Amma bu gün Çinin bölgədə artan hərbi gücü və təyyarədaşıyan gəmiləri Hindistanı ciddi narahat edən məsələlərdəndir. Bu səbəbdən Hindistan Çindən geri qalmamağa çalışır. Ancaq belə görünür ki, Dehli təkcə Azərbaycanın Türkiyənin və Pakistanın yox, eləcə də Çinin planlarından narahatdır. Ritm vətəni kimi tanınan Hindistan belə görünür ki, özü ritmdən ilk çıxamn tərəf oldu.

İndi Azərbaycan-Ermənistan gərginliyi fonunda əsas olan odur ki, rəsmi Bakı kimin bizim dostumuz, kimin düşmənimiz olduğunu və kimin düşmənin yanında yer aldığını istər verilən bəyanatlarla, istərsə də atılan praktiki addımlarla gördü.

BMT tribunasından Hindistan Azərbaycanı "işğalçı" adlandırmaqla, əsl işğalçını silahlandırmaqla nə əldə edəcək?!

Onlar necə ki, ermənipərəst siyasət yürüdən Fransanın sədrliyini etdityi BMT Təhlükəsizlik Şurasının iki günlük iclasının yekununda Azərbaycana qarşı qərəzli qətnaməni qəbul edə bilmədilər, bundan sonrakı planlarını, hücumlarını da rəsmi Bakı və müttəfiqləri beləcə dəf edəcək gücdədirlər.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.