Siyasət

Sensasion gəlişmə: Qarabağdan qanunsuz ağır hərbi silahlar çıxarılır - sentyabrın sonunadək...

19 Avqust 2022 09:37
0 Şərh     Baxış: 2 156

Ermənistan imzaladığı kapitulyasiya aktı ilə öz silahlı qüvvələrini Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən çıxarmaq öhdəliyini götürüb. Bu öhdəlik sənədin 4-cü bəndində əksini tapıb. Əslində Rusiya hərbçiləri indiyədək qeyri-qanuni erməni quldur dəstələrinin tərk-silahını təmin etməli idi. Keçən ay Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, Ermənistan ordusunun qalıqları Qarabağ ərazisini tamamilə tərk edəcək. Lakin o, separatçılara məxsus silahlı qüvvələrin Qarabağda qalacağını da söylədi.

Bu əlbəttə ki, daha çox "barıt qoxusu" verən təxribatçı açıqlama idi. Təsadüfi deyil ki, bundan bir qədər sonra - avqustun əvvəlində regionda 44 günlük müharibənin bitməsindən sonra ən böyük eskalasiya sayıla biləcək hərbi insident qeyd alındı: qanunsuz erməni silahlı birləşmələri Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutdu, hərbi qulluqçumuz Anar Kazımov şəhid oldu. Buna cavab olaraq isə Azərbaycan "Qisas" antiterror əməliyyatına başladı, Qarabağdakı erməni silahlıları ciddi itki verdi. Ordumuz Qırxqız, Sarıbaba, bir sıra digər yüksəkliklərə nəzarəti ələ keçirdi. Əməliyyat çərçivəsində erməni qeyri-qanuni silahlı birləşmələrinin bir neçə döyüş mövqeyi dağıdıldı, onlar ciddi canlı qüvvə itirdilər, bir neçə D-30 haubitsaları, hərbi maşınları və xeyli sayda döyüş sursatları məhv edildi. Bunun ardınca Laçın şəhəri və ətrafının boşaldılması prosesi sürətləndi. Qarabağdakı ermənilər, nəhayət, anladılar ki, Azərbaycanın tərkibində yaşamaq perspektivindən başqa yolları qalmayıb.

Bu arada "Qisas" əməliyyatının daha bir pozitiv sonucu məlum olub. Belə ki, erməni mənbələri Azərbaycanın daha bir tələbinin icrasına başlandığını açıqlayıb. Məlumata görə, Qarabağdan artilleriya qurğuları, digər ağır silahlar çıxarılmağa başlayıb. Bildirilir ki, ümumiyyətlə, sentyabrın sonunadək Qarabağda ağır silahlar qalmamalıdır. Üzdəniraq "özünü müdafiə ordusu"nun isə yalnız yüngül silahlara malik xalq milisinə bənzər "milli qvardiya"ya transfer ediləcəyi deyilir.

Lakin aydındır ki, Azərbaycan Konstitusiyası hansısa "xalq milisi" və ya "milli qvardiya"nı da istisna edir. Xankəndi və ətrafında yalnız Azərbaycan polisi və ya hərbçisinin geyimində qanini silahlı şəxslər xidmətdə ola bilər. İstənilən halda bu gəlişmələr "Qisas" əməliyyatının daha bir məntiqi nəticəsi sayıla bilər.

Bəs proses nə dərəcədə sürətli aparılacaq, separatçılar yenə bir azca vaxt udub müəyyən müddət sonra təzədən təxribatlara əl ata bilərmi?

Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Aydın Hüseynov "Yeni Müsavat"a bildirdi ki, avqustun əvvəlində Azərbaycanın həyata keçirdiyi "Qisas" antiterror əməliyyatı xəbərdarlıqlara, qoyulan vaxta əməl etməyən, 10 noyabr üçtərəfli bəyanatının tələblərini yerinə yetirmək istəməyən, təxribatlara əl atan erməniləri cəzalandırmaq tədbiri idi: "Azərbaycan bununla bir daha nümayiş etdirdi ki, etdiyi xəbərdarlıqlar boşuna deyil, "dəmir yumruq" yerindədir. Edilən xəbərdarlıqlardan nəticə çıxarılmayanda çox ağır bədəl ödəmək qaçılmazdır. "Qisas" əməliyyatının nəticəsi özünü çox gözlətmədi. Azərbaycan ərazisində qanunsuz məskunlaşdırılan erməni mənşəli Livan, Suriya, Ermənistan vətəndaşlarının ərazilərimizdən köçürülməsinə start verilməsi məhz bundan sonra başlandı.

İndi həmin köçürülmə prosesi davam edir. Ermənilər öz mahiyyətlərinə uyğun olaraq çıxdıqları ərazilərdə ekoloji terror həyata keçirirlər. Bir müddət əvvəl qanunsuz məskunlaşan bəzi ermənilər "çıxmayacağıq, silahımız var, döyüşəcəyik" deyirdilər. İndi onların da səsi çıxmır, geriyə yollarının qalmadığına get-gedə əmin olurlar və zəbt elədikləri Azərbaycan torpaqlarını tərk edirlər. Lakin dediyimiz kimi, işğal edəndə yandırdıqları kimi, çıxıb gedəndə də meşələri, bir sıra yerləri yandırıb dağıdırlar. Yenə də ermənilər onlara humanistlik edilib ayrılan zamandan öz cinayətkar əməllərini davam etdirmək üçün istifadə edirlər.

Separatçılar bu cür cinayətlərini davam etdirəcəklərsə, vaxtı müxtəlif bəhanələrlə uzatmağa, silahlarını yerə qoymağı, ərazilərimizi tərk etməyi ləngidəcəklərsə, bu dəfə daha sərt zərbəni başlarında görəcəklər. Azərbaycan öz ərazisində qanunsuz silahlı birləşmə və terror qruplarına qarşı antiterror əməliyyatı, tərk-silah etmə əməliyyatı keçirmək hüququna malikdir. Bu hüququ Azərbaycana beynəlxalq qanunlar və konstitusiyamız verir. İstənilən an bu hüquqdan yenə də istifadə edə bilərik. Vaxt gedir, separatçı ermənilər nə qədər tez silahı təhvil verib ərazimizdən çıxsalar, həyatlarını bir o qədər tez xilas etmiş olarlar!   

O ki qaldı ermənilərin Qarabağdan artilleriya qurğuları, digər ağır silahlarını çıxarmağa başladığı barədə erməni mətbuatının yaydığı xəbərlərə, bu xəbərlər doğrudursa, deməli, yavaş-yavaş ağılları başlarına gəlir - silahı yerə qoyurlar. Azərbaycan ərazisində qanunsuz silahlı qruplar, birləşmələr olmamalıdır. Azərbaycan Konstitusiyası bunu tələb edir. Qanunlarımız ölkə ərazisində hansısa milli azlığın özünün ayrıca "xalq milisi" və ya "milli qvardiyası"nın olmasını da istisna edir. Odur ki, hansısa separatçı erməni düşünürsə ki, yüngül silahları "xalq milisi" adı altında əllərində saxlayacaqlar, yanılırlar. Heç bir qanunsuz silahlı qrupun, dəstənin, şəxsin ərazimizdə qalmasından söhbət gedə bilməz".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics