Siyasət

"Qlobal çağırışlar fonunda parlament diplomatiyasının inkişafı əhəmiyyətli vəzifədir"

2 İyul 2022 15:27
Baxış: 633

Bu gün dünyada baş verən geosiyasi proseslər, qlobal çağırışlar fonunda münasibətlərin yeni formatlarına, yeni yanaşmalara, daha geniş çərçivədə müzakirələrin aparılmasına zərurət ortaya çıxır. Bu baxımdan parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli vəzifədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bidirib ki, Azərbaycan son illərdə parlament diplomatiyasının inkişafına əhəmiyyətli diqqət yetirib, bir çox ölkələrlə sıx parlamentlərarası münaibətlər qurub.

"Milli Məclisdə dünyanın çoxlu sayda ölkələri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Bu yaxınlarda Milli Məclisdə daha iki ölkə, Paraqvay və Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradıldı. Lakin Azərbaycan təkcə ikitərəfli formatda deyil, qlobal miqyasda da parlamentlərarası əlaqələrin inkişafına mühüm töhfə verir.

Belə ki, 2021-ci il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. QH Parlamentlər Şəbəkəsi yaradılması ölkəmiz tərəfindən təşkilata üzv olan ölkələrin parlamentləri arasında münasibətlərin inkişafına böyük töhfə olmaqla yanaşı üzv dövlətlərin parlamentləri arasında əməkdaşlıq platforması rolunu oynayır. Azərbaycan bu təşəbbüsü ilə 60 il ərzində araşdırılmamış qalan bir ölçünün - üzv ölkələr arasında əməkdaşlığın parlament ölçüsünün əsasını qoymuş oldu", - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, 30 iyun və 1 iyul tarixlərində Bakı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransına yüksək səviyyədə ev sahibliyi etdi.

"Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak etdilər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrləri də yer almışdı.

Prezident İlham Əliyev konfransda çıxış edərək hər zaman olduğu kimi beynəlxalq gündəliyin ən aktual məsələlərinə diqqət çəkdi və onların həllinə də öz münasibətini bildirdi. Cənab Prezident bir daha Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Konfransda dünyanı narahat edən məsələlər, o cümlədən sülh, təhlükəsizlik, insan hüquqları, dayanıqlı inkişaf və digər mühüm məsələlərlə bağlı geniş müzakirələr aparıldı və Bakı bəyannaməsi qəbul edildi. Bu konfrans qlobal problemlərin həlli üçün parlamentlərarası dialoqun genişləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu bir da göstərdi", - deyə A.Həsənova vurğulayıb.

Deputat əlavə edib ki, eyni zamanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətə çatdırılmasında böyük töhfə verəcək.

"Tədbir iştirakçılarının iyulun 2-də Şuşa şəhərinə səfər etmələri nəzərdə tutulur. Səfər zamanı onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlar, ərazilərimizi 30 il işğal altında saxladıqları dövrdə ermənilər törətdiyi dağıntılar, erməni vandalizmini öz gözləri ilə görəcəklər", - deyə deputat qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.