Siyasət

Ermənistan intihara sürüklənir: ABŞ-ın Minsk Qrupu hikkəsi, Əliyevdən sərt təpki...

1 İyul 2022 11:22
Baxış: 721

Milli.Az yeni müsavat-da dərc olunan analitik yazını təqdim edir.

"Ölü qurum"u diriltmək istəyənlərin hədəfi sülh deyil; Azərbaycan isə öz daxili işi ilə bağlı bir daha heç bir xarici dövlətə və ya dövlətlər qrupuna mandat verməyəcək!

ABŞ ATƏT-in Minsk Qrupu adlı "ölü qurum" hesabına regionda "suyu bulandırmaq" və Qarabağa "dal qapı"dan girmək cəhdlərini davam etdirir. Xanım diplomat Lora Oklanın Minsk Qrupunun yeni amerikalı həmsədri təyin edilməsinə ayrı ad tapmaq olmur. Diqqəti çəkən həm də bu təyinatın dövlət katibinin köməkçisi Kerin Donfridin Bakı və İrəvan səfəri zamanı MQ haqda verdiyi qalmaqallı açıqlamalardan dərhal sonraya təsadüf eləməsidir.  

Ancaq aydındır ki, yeni təyinat da Minsk Qrupuna "ikinci nəfəs" verə bilməyəcək. Lap onun amerikalı həmsədri cinsi azlığı nümayəndəsi olsa belə. Bir neçə səbəbdən.

Birinci ona görə ki, siyasətdə, diplomatiyada "bir suya iki dəfə" girmək mümkünsüzdür və uzaqgörən, müdrik addım sayılmır, ən əsası, belə cəhdlər uğursuzluğa məhkumdur.

İkincisi, dönə-dönə yazdığımız kimi, bir də vurğulayaq ki, istənilən vasitəçiliyin obyekti konkret problem və ən azı, iki tərəfdirsə, Azərbaycanın Minsk Qrupu adında vasitəçiyə ehtiyacı yoxdur, qalmayıb. Çünki Qarabağ konfliktini özü yoluna qoyub. Rəsmi Bakı bunu dəfələrlə bəyan edib. IX Bakı Qlobal Forumunda çıxışı zamanı Prezident İlham Əliyev həmsədrlərə bir daha "Əlvida!" dedi. Yəni sizi burada görməkdən məmnun olmayacağıq, burada heç kim sizi gözləmir, bizdə hətta qıcıq yaradırsınız. Doğrudan da zorən vasitəçilik olmaz ki!

Üçüncüsü və ən əsası, "Dağlıq Qarabağ konflikti" adında problem artıq mövcud deyil. ABŞ xarici siyasət idarəsi isə Minsk Qrupunu diriltməyə çalışmaqla israrla bizə bunun əksini sübut eləməyə, boynumuza qoymağa səy edir. Bununla da əslində köhnə konfliktin üzərinə benzin töküb onu təzədən qızışdımaq istəyir, eyni zamanda erməni revanşist-radikalların "çörəyinin üzərinə yağ sürtür". Demək, Vaşinqton faktiki surətdə bölgədə müharibənin alovlanmasına xidmət edir, daha dəqiqi, Ermənistanı yeni darmadağına, intihara sürükləyir, nəinki böyük sülhün əldə olunmasına.

Yeri gəlmişkən, dünən İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında növbəti dəfə Minsk Qrupuna ehtiyac olmadığını söylədi.

"Biz uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq. Bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk Qrupu təsis olunmuşdu. Qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, ATƏT-in Minsk Qrupu, sadəcə, bir alətə çevrilmişdi... Biz bu qrupla vidalaşmışıq. Amma təəssüf ki, erməni tərəfi və digərləri onu dirçəltmək istəyirlər. Bildirmək istərdim ki, bu mümkün deyil. Bu qrup ölüdür. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu ətrafında istənilən spekulyasiya nəinki səmərəsiz, həm də dağıdıcıdır və regionda sülhün bərqərar olmasına sarsıdıcı təsir göstərir", - Əliyev sərt şəkildə xəbərdarlıq edib.

Sözsüz ki, ABŞ-ın Azərbaycan əleyhinə belə kontr-məhsuldar siyasəti təkcə erməni sevgisindən və xristian təəssübkeşliyindən, yaxud Türkofobiyadan irəli gəlmir. Bunlar öz yerində. Ancaq Birləşmiş Ştatların təbii ki, Qarabağa, regionla bağlı öz maraqları var və bu maraqları daima qlobal güclərin əlində maşa olmağı sevən fitnəkar ermənilərin hesabına qabağa aparmağı düşünür. Eləcə də Ermənistanı özünə "kiçik bacı" sayan Fransa.

Azərbaycan dövləti isə əlbəttə ki, belə məkrli məramların yaxşı fərqindədir və qardaş Türkiyə ilə günü-gündən güclənməkdə olan hərbi-siyasi tandemdə onlara qarşı özünün effektli kontr-tədbirlərini görür, görəcək. Bu da dəqiqdir ki, rəsmi Bakı Minsk Qrupu qismində üzdəniraq qurumların əli ilə ölkəmizin daxili işlərinə, daxili inzibati quruluşumuza kobud müdaxiləyə bir daha imkan tanımayacaq. Həmçinin də Minsk Qrupunu üçüncü həmsədri sayılan, rəsmiləri ara-sıra "Qarabaş konflikti" ifadəsini işlədən Rusiyaya.

Bəzən iddia edilir ki, Minsk Qrupu heç olmazsa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə kömək göstərə bilər. Yanlış düşüncədir və müstəsna olaraq, bu qurumu 2 ildir israrla gündəmə qaytarmağa, ayaqda saxlamağa çalışan İrəvanın məkrli planına işləyir. Ona görə ki, Minsk Qrupu yalnızca "Dağlıq Qarabağ problemi"nin həlli üçün təsis edilib, onun başqa mandatı olmayıb və yoxdur. Yeni mandat üçün isə Bakı razılıq verməlidir.

O da olmayacaq! Minsk Qrupu 28 ildə bir işi yarıtdı, qaldı o biri - Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə yardımçı olmaq. Nəhayət, sülh danışıqları, sərhədlərin delimitasiyası üçün artıq Brüssel, Moskva formatları var və ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur...

Gözlənildiyi kimi, ABŞ-ın Minsk Qrupu ilə bağlı davam edən hikkəsi kapitulyant ölkədə revanşistləri əməllicə ruhlandırıb. Paşinyan hökuməti də az qala müharibə ritorikasına keçib. Heç təsadüfi deyil ki, iki gün öncə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Şəxsi Heyət Baş İdarəsinin rəis müavini Saak Saakyan bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi "Qarabağda müqavilə əsasında hərbi qulluqçuların xidmət keçəcəyi" barədə qərar qəbul edib. Belə çıxır, Ermənistan kapitulyasiya aktının 4-cü bəndinə əməl eləmək əvəzinə, tam əksinə, ərazimizə yeni qanunsuz hərbi qüvvələr göndərməyi planlaşdırır. Qısası, odla oynayır.

Bundan əlavə, İrəvanda "Bakının acığına" həmsədrlərin üçünü birdən Ermənistana dəvət eləmək çağırışı səslənir.

"Bir tərəfdən Fransa və ABŞ, digər tərəfdən isə Rusiya Minsk Qrupunun "ölümündə" bir-birini günahlandırır. Ermənistanın isə Azərbaycandan fərqli olaraq, Minsk Qrupuna ehtiyacı olduğunu təkidlə bildirir. O zaman niyə də Ermənistan Minsk Qrupu həmsədrlərini İrəvana dəvət etməsin? Yeri gəlmişkən, bu, Qərblə Rusiya arasında yeganə kommunikasiya kanalı olardı. Qoy bölgəyə gəlsinlər, Əliyev də onları qəbul etməsin. Bu, çox şeylərə aydınlıq gətirəcək".

"Yeni Müsavat"ın məlumatına görə, bu barədə beynəlxalq sahə üzrə erməni ekspert Suren Sərkisyan öz Facebook səhifəsində ATƏT-in Minsk Qrupunun işinin davam etdirilməsinin zərurliyi ilə bağlı ABŞ-dan verilən bəyanatlara şərhində yazıb.

Ancaq xarici havadarlarına güvənən ermənilər özləri üçün nə qədər "sayır-saysınlar", Bakı da ayrıca "sayır". Gerçək budur ki, Azərbaycan bir daha öz daxili işi ilə bağlı heç bir xarici dövlətə, yaxud dövlətlər qrupuna mandat tanımayacaq. "Dəmir yumruq" da ki həmişəki yerindədir!..

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics