Siyasət

“Yaxın 10 il ərzində Qarabağ, xüsusən Şuşa...” - İLGİNC AÇIQLAMALAR

11 May 2022 13:06
0 Şərh     Baxış: 946

Artıq Milli Məclisin komitələrinin iclaslarının Şuşada keçirilməsi ənənəvi hal alıb. Eyni zamanda ötən ay Dünya Azərbaycanlılarının V Qurultayı mədəniyyət paytaxtımızda keçirildi. Bundan əlavə, mayın 4-də daha bir mühüm addım atıldı: Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndə təyin etdi. Sərəncama əsasən, Vahid Hacıyev Prezidentin xüsusi nümayəndəsi təyin edildi. Bununla yanaşı, Şuşada daha mühüm bir tədbir təşkil olunacaq. Belə ki, may ayının 12-dən başlayaraq   ikinci dəfə Şuşada "Xarı Bülbül'' mahnı festivalı keçiriləcək.

"Hazırda Qarabağda yenidənqurma, bərpa-quruculuq işləri geniş miqyas alıb. Bu işlərdə dünyanın müxtəlif ölkələrinin şirkətlərinin iştirakı Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Qısa müddət ərzində tikilib istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı, mürəkkəb relyefə malik Zəngilan və Laçın rayonlarında da beynəlxalq aeroportların tikintisinə başlanılması, Şuşanın tədricən beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi və digər bərpa-quruculuq işləri ölkəmizin qazandığı tarixi Qələbənin təntənəsidir. Artıq Zəngilan rayonunun Ağalı kəndinin sakinləri doğma ata-baba yurdlarına qayıtmağa hazırlaşırlar".

Çingiz Qənizadə: "Böyük qayıdış"ın bir addımlığındayıq"

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Zəngilan rayonunda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən söhbət açan Ç.Qənizadə deyib ki, artıq rayonun tarixi-dini abidələrinin bərpası işlərinə başlanıb: "Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur. Qarşıya qoyulan prioritet vəzifələrdən biri doğma dədə-baba yurdlarından didərgin salınmış zəngilanlıların azad edilmiş torpaqlara tezliklə qayıtmasıdır. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Göründüyü kimi, artıq Böyük Qayıdışın bir addımlığındayıq. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında yaxın günlərdə hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görəcək".

Komitə sədri bildirib ki, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ata-baba yurdlarına qayıtması zamanı təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf əsas amil kimi qərarlaşdırılıb: "Bütün bunlardan ötrü dövlətimiz nə mümkünsə onu edir. Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün güclər Böyük Qayıdışın reallaşdırılmasına səfərbər olunub. Ölkəmizin iqtisadi qüdrəti də buna imkan verir".

Ç.Qənizadə vurğulayıb ki, keçən il və bu il həmin məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni 4,4 milyard. Təbii ki, bu, son hədd olmayacaq: "Təxirəsalınmaz işlərin görülməsi üçün də əlavə vəsait ayrılacaq".

Tural İsmayılov: "Son aylarda "Qarabağa qayıdış" istiqamətində atılan addımların sayı artır"

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov: "Qarabağ regionun ən önəmli mərkəzlərindən biri halına gəlir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə Cənubi Qafqazın dəyəri də özünə qayıdır. İşğaldan azad edilən bölgələrdə böyük işlər həyata keçirilir. Dövlətimizin siyasi iradəsi nəticəsində Qarabağ dünyadakı önəmli geosiyasi nəzərlərin çevrildiyi məkan halına gəlib. Nəzərə almaq lazımdır ki, Qarabağda ölkəmiz üçün mühüm yeniliklər icra edilir. Əvvəla, unutmamaq lazımdır ki, burada idarəetmə modeli baxımından ən mühüm yenilik odur ki, artıq icra hakimiyyətlərinə alternativ olan və səmərəliliyi təsdiqlənən Prezidentin xüsusi nümayəndəliyi institutu yaradılıb. Artıq Ağdam, Şuşa və Zəngilanda Prezidentin xüsusi nümayəndələri təyin olunub. Bundan başqa, məcburi köçkünlərin qayıdacağı bölgələrdə böyük innovativ inkişaf meyarları əsas götürülür. Zəngilanın Ağalı kəndində tətbiq edilən "Smart village" konsepsiyasının gələcəkdə Qarabağın digər bölgələrində, Azərbaycanın başqa regionlarında da tətbiq ediləcəyini düşünürəm. Həmçinin istehsalatda, əkinçilik, maldarlıq və digər önəmli sahələrdə də fərqliliklərin olacağını güman etmək olar. Qarabağda dövlətin həyata keçirdiyi siyasət nəinki ölkəmiz üçün, bütün bölgə üçün möhtəşəm yeniliklər yaradır. Qarabağda yaşayış bərpa edildikdən sonra məcburi köçkünlərimiz Avrasiyanın ən önəmli mərkəzlərindən biri halına gələn Qarabağa şahidlik edəcəklər. Eyni zamanda Qarabağın strateji əhəmiyyəti qədər onun turizm potensialı da yüksəkdir. Mənə elə gəlir ki, buradakı təbiətin imkanlarından maksimum yararlanacağıq, Qarabağa gələcək turistlər üçün mühüm infrastruktur ərsəyə gətiriləcək. Artıq Şuşa şəhəri mühüm beyin mərkəzi halına gəlib. Burada bir sıra siyasi dinləmələr həyata keçirilib. Dünya Azərbaycanlılarının Qurultayı, Milli Məclisin iclasları baş tutub. BMT-nin tədbiri Şuşada oldu, kulinariya festivalı keçirildi, gələcəkdə də mühüm festival və tədbirlər həm Şuşada, həm də Qarabağın digər bölgələrində olacaq. Azərbaycanın qələbəsi geosiyasi situasiyanı dəyişdi, Qarabağın işğaldan azad olunmağı ölkəmizin real gücünü göstərdi və Qarabağın Qafqazda mühüm mərkəzə çevrilməsini şərtləndirdi. Yaxın 10 il ərzində Qarabağ, xüsusən Şuşa bütün dünyada tanınan mühüm diskussiya məkanlarından biri halına gələcək".

Milli.Az

 

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics