Siyasət

Ceyhun Bayramov və BQXK Prezidenti azərbaycanlı itkinlərə dair müzakirə aparıb

12 Mart 2022 14:11
Baxış: 579

Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində nazir Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BQXK arasındakı uzun illərdən bəri mövcud olan əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Azərbaycanla BQXK arasında Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən fəaliyyət qeyd edildi.

BQXK Prezidenti Azərbaycanla əməkdaşlığa açıq olduğunu və bu illər ərzində həyata keçirilən iş birliyindən məmnun olduqlarını ifadə edib.

Nazir Ceyhun Bayramov itkin düşmüş şəxslərlə bağlı məlumatın əldə edilməsi, o cümlədən 1990-cı ilin əvvəllərindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina məsələsi və bunun doğurduğu humanitar fəlakət məsələsi müzakirə mövzusu təşkil edib. Tərəflər, mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın BQXK ilə mümkün əməkdaşlığı üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə tərəflər, həmçinin humanitar fəaliyyət ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.