Mövsüm dəyişiklikləri ilə birlikdə soyuqdəymə, qrip və xüsusilə quru öskürək gündəlik həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər. Xüsusilə gecələr yuxunu pozan və gündüz danışmağı belə çətinləşdirən quru öskürəkdən təbii üsullarla qurtulmaq istəyənlər üçün mətbəxdə möcüzəvi bir üsul var: bal və kişmiş!
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bal və kişmiş birləşdirildikdə boğazı yumşaldır, iltihabı azaldır və öskürəyi yüngülləşdirir. Bu təbii qarışım, kimyəvi dərmanlara müraciət etmədən əvvəl sınaya biləcəyiniz praktik üsullardan biridir.
Bal: Antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malikdir, boğazdakı iltihabı azaldır və sakitləşdirici təsir göstərir.
Kişmiş: Tərkibindəki təbii şəkər, vitamin və antioksidantlarla immun sistemini dəstəkləyir, tənəffüs yollarını nəmləndirir və öskürəyin azalmasına kömək edir.
Hazırlanması və istifadə qaydası
Yarım stəkan kişmişi blenderdə əzin və ya incə doğrayın.
Üzərinə 1 yemək qaşığı təbii bal əlavə edib qarışdırın.
Qarışımdan səhər və axşam bir qaşıq istifadə etmək kifayətdir. İstəyə görə bir az limon suyu əlavə etməklə təsiri və dadını artırmaq olar.
Diqqət ediləsi məqamlar
1 yaşdan kiçik uşaqlarda bal istifadə olunmur.
Şəkərə həssas və ya diabet xəstəsi olan şəxslər əvvəlcədən həkimlə məsləhətləşməlidir.
Bal allergiyası olan şəxslər bu qarışımdan istifadə etməməlidir.
2012-ci ildə Pediatrics jurnalında yayımlanan tədqiqat göstərib ki, bal uşaqlarda gecə öskürəyini bəzi öskürək şuruplarından daha effektiv azaldır. Bal həmçinin antimikrobiyal xüsusiyyətləri sayəsində boğaz infeksiyalarını sakitləşdirir, quru öskürəyi yüngülləşdirir. Kişmiş isə yüksək antioksidant tərkibinə malikdir və immun sistemini gücləndirir.
Lalə Qüdrətova
Milli.Az