Siyasət

Paşinyan ermənilərin xilası ola biləcəkmi?

25 Yanvar 2022 14:47
0 Şərh     Baxış: 2 034

"İrəvan "səmimiyyətlə" Ankara ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.

Ermənistan hökumətinin başçısı bəyan edib ki, əvvəllər bu mümkün olmayıb və İrəvan həmin təcrübədən istifadə etməlidir.

"Bu il diplomatik münasibətlərin qurulması mümkündürmü? Bilmirəm, hər şey bizdən asılı deyil. Amma hesab edirəm ki, biz belə bir nəticə əldə etsək, kifayət qədər məntiqli olardı: həm diplomatik münasibətlərin qurulması, həm də sərhədlərin açılması".

Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər.

"Artıq bizim Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyada keçiriləcək diplomatik forumda iştirak etmə ehtimalı yüksəkdir. Söhbəti davam etdirmək fürsətini əldən versək, məntiqsiz olardı. Qeyd edək ki, beynəlxalq ictimaiyyət münasibətlərin həlli prosesini dəstəkləyir, o cümlədən Rusiya, Aİ, ABŞ və region dövlətləri", - Paşinyan bildirib.

Ermənistanın baş nazirinin dediyinə görə, Azərbaycanla sərhəddə stabilliklə təhlükəsizliyin təminatı ilə bağlı İrəvanın təklifləri Moskva və Bakıya çatdırılıb.

Paşinyan bildirib ki, həmin təkliflərdə bu bəndlər var:

1. Qoşunlar sərhəddən simmetrik geri çəkilməlidir

2. Demarkasiya və delimitasiya üçün ilkin şərtlər olmamalıdır

3. Delimitasiya ilə bağlı komissiyanın ən yaxın müddətdə formalaşdırılmalıdır

4.  Delimitasiya prosesi Qarabağ münaqişəsinin nizamlanmasından asılı olmamalıdır.

Paşinyanın dünənki açıqlamalarının formalaşdırdığı ilkin təəssürat sadədir: o, Ermənistan vətəndaşlarını Qarabağın Azərbaycan ərazisi olduğunu tanımağa hazırlaşdırmaq niyyətindədir. Daha doğrusu, bu niyyəti gerçəkləşdirməyə başlayıb.

Dünənki mətbuat konfransından sadəcə, iqtibas: "Madrid prinsiplərində, təbii ki, öz müqəddəratını təyinetmə hüququ var, amma ərazi bütövlüyü prinsipi də mövcuddur. İndi, geriyə baxanda Ermənistanın rəsmi şəxslərinin bu situasiyanı necə şərh etmələrini xatırlayıram. Sonucda diplomatiyamızın nəyə - yanıltmaclara, yoxsa gerçəklərə - əsaslandığını anlamalıyıq. Bu, heç zaman təhlil edilməyib. Bu barədə noyabrın 9-dan sonra danışmaqda bəlkə də haqlı deyildim. 1991-ci ildə ratifikasiya olunmuş müqavilədən, 1999-cu ilin İstanbul bəyannaməsindən, qarabağlı ermənilərin danışıqlar prosesindən kənarlaşdırılmasından danışırdım. İndi kimsə 1996-cı ildə ATƏT-in Lissabon bəyannaməsini, BMT Təhlükəsizlik Şuralarının qətnamələrini xatırlamır. O cümlədən mən də bu mətnləri görməməzliyə vururduq. Dürüst addımlar atmaq üçün situasiyanı düzgün dəyərləndirməliyik".

Nikol Paşinyanın son açıqlamaları spontan, qəfil və ya təsadüfi deyil. O, Türkiyə ilə hər hansı ilkin şərt olmadan diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq niyyətini, habelə Antalyada keçiriləcək Diplomatiya Forumuna qatıla biləcəyini də açıqlayıb.

"Danışıqları davam etdirmək fürsətini əldən vermək ağılsızlıq olardı", - Paşinyan deyib.

İtirilmiş dövlətə çevrilmiş Ermənistanın yeganə şansı da məhz budur.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.