Neft və qaz

Neft bazarı “qızışır”, qiymətlər daha nə qədər yüksələ bilər?

20 Fevral 2021 16:02
Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya neft bazarında yanvarın əvvəlindən qiymətlər davamlı olaraq artmaqdadır. Bəzi günlərdə müəyyən azalmalar olsa da, son 3 həftədə neft qiymətləri artım tendensiyasını saxlamaqdadır. Belə ki, Londonun ICE birjasında "Brent"markalı neftin aprel fyuçerslərinin qiyməti 63,5 dollara, Nyu-Yorkun NIMEX birjasında WTI neftinin mart fyuçerslərinin qiyməti isə 60 dollara yaxındır.

Düzdür, bu qiymətlər çərşənbə günündə qeydə alınan yüksək səviyyədən 1-2 faiz aşağıdır, lakin kiçik azalma ümumi tendensiyanı hələlik dəyişmək gücündə deyil.

"Bloomberg"in analitikləri hesab edirlər ki, ABŞ-ın Texas ştatında şaxtalı hava şəraiti dünyada yeni qlobal neft böhranına səbəb ola bilər. Belə ki, son iki həftədə ölkədə qeydə alının rekord mənfi dərəcəli hava nəticəsində neft hasilatında gündəlik 4 milyon barel və ya 40 faiz azalma baş verib. Bir çox analitiklər hasilatın bu həftənin sonlarında bərpa olunacağını gözləyirdilər, lakin kəskin havalar kifayət qədər ciddi problemlər yaradıb. Neft quyuları donma nəticəsində fəaliyyətsiz qalıb, üstəlik, Texasdakı dünyanın ən böyük neft emalı zavodları da eyni səbəbdən istehsalın mühüm hissəsini dayandırmalı olub. Zavod rəhbərləri bildiriblər ki, istehsalı bərpa etmək üçün bir neçə həftə vaxt tələb olunacaq. Eyni problem donan quyularla bağlı da mövcuddur: fəaliyyətdən qalan quyularda hasilatın tam olaraq ən tezi martın ortalarında bərpa olunması mümkündür.

"Bloomberg" agentliyinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ-da "Marathon Oil", "Devon Energy" və "Verdun Oil" şirkətləri "Eagle Ford" yatağında hasilatı bərpa etmək üçün yerli şəbəkələrdən və ya istehsalat şirkətlərin güclərindən istifadə etməyə başlayıblar.

Mənbələr şirkətlərin hasilatı çərşənbə günü gecə saatlarında yenidən başlatdığını da əlavə edib. Agentlik həmçinin xəbər verir ki, tam hasilatın nə vaxt bərpa olunacağını söyləmək çətin olsa da, bəzi treyderlər regionda temperatur artdıqca və enerji təminatı bərpa olunduqca hasilatın böyük hissəsinin də bərpa olunacağına ümid edirlər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hasilatın azalması ABŞ-da mövcud ehtiyatlardan istifadənin həcmini artırıb. Nəticədə ötən həftənin yekunlarına görə (7-12 fevral), ABŞ-ın kommersiya neftinin ehtiyatları 7 milyon 258 min barel azalaraq 461milyon 757 min barel təşkil edib. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) hesabatına əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2 milyon 429 min barel azalacağını proqnozlaşdırırdılar.

Lakin mövcud şərtlər həm də neftin qiymətinə mənfi təsir göstərə bilər. Belə ki, neftin dünya bazar qiymətinin yüksəlməsi, ABŞ-da hasilatın azalması digər istehsalçıları hasilatı artırmağa həvəzləndirəbilər. Bu baxımdan xüsusilə OPEK+ ölkələrinin buna getməsi isə bazarda təklif olduğu, o da öz növbəsində qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. OPEK+ ölkələrinin aprel-may ayları üzrə hasilat kvotasını müəyyənləşdirmək üçün martın əvvəlində görüş keçirmələri gözlənilir.

Neft bazarı

Bu arada Səudiyyə Ərəbistanı kimi mühüm oyunçunun hasilatı artırmaq niyyətində olmasına dair məlumat yayılır. "Dow Jones"un yaydığı məlumata görə, ər-Riyad fevral-mart aylarında gündəlik hasilatı 1 milyon barel azaltmaqla bağlı üzərinə götürdüyü könüllü öhdəliyin icrasını apreldən dayandırmaq niyyətindədir. Ölkənin neft rəhbərliyinə yaxın mənbələr bildiriblər ki, bu barədə qərar martın əvvəlində OPEK+ nazirlərinin görüşündə açıqlanacaq.

Səudiyyə Ərəbistanı dekabrda hasilatı cüzi azaltsa da, neft ixracını noyabra nisbətən 2,2 faiz artırıb.

Səudiyyə Ərəbistanın energetika naziri şahzadə Əbdüləziz bin Salman isə Beynəlxalq Enerji Forumunda çıxışında neft bazarında böyük qeyri-müəyyənliyin olmasına dair xəbərdarlıq edib: "Hazırda bazarda vəziyyət bir il əvvələ nisbətən daha yaxşıdır, amma bir daha sayıqlığımızı itirməməli olduğumuza dair xəbərdarlıq etməliyəm. Çünki qeyri-müəyyənlik çox yüksəkdir və biz son dərəcə diqqətli olmalıyıq".

İraq da dekabrda nefti ixracını 5,5 faiz artırıb. Bloombergin yazdığına görə, İraqdan neft ixracı fevralın birinci yarısında da artırıb. Bu da bazara dünəndən neqativ təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.

"Qazpromneft"in rəhbəri Aleksandr Dyukov hesab edir ki, neft bazarı izafi "qızışmaya" məruz qalıb və uzunmüddətli dövrdə bu məhsulun qiyməti 45 dollara qədər ucuzlaşa bilər. Onun fikrincə, uzunmüddətli dövrdə neftin qiymətini 60 dollardan yuxarıda saxlamaq çox çətin olacaq və qlobal neft istehlakı böhrandan əvvəlki səviyyəyə ancaq 2022-ci ilin əvvəllərində çata bilər. Şirkət rəhbəri bildirir ki, 45-60 dollar hazırda həm neft istehsalçıları, həm istehlakçıları, həm də qlobal iqtisadiyyat üçün ən optimal diapazondur.

Yeri gəlmişkən, Azərbaycanın dünya bazarına çıxardığı "Azeri Light" (CIF) markalı neftin qiyməti də artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti fevralın 19-da 0,55 dollar və ya 0,86 faiz artaraq 64,78 dollar təşkil edib. Ötən həftə ərzində (8-12 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,02 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,11 dollar və 5,3 faiz çoxdur. Ötən həftə ərzində ən yüksək göstərici (I gün) - 62,77 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 61,11 dollar səviyyəsində olub (APA).

Neft bazarı

Azərbaycan yanvar ayında neft hasilatına dair OPEK+ çərçivəsində üzərinə götürdüyü öhdəliyə əməl edib. Energetika Nazirliyinin məlumatına görə,2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barrel olub. Bunun 593 min barrelini xam neft, 159 min barrelini isə kondensat təşkil edib. OPEK+ çərçivəsində "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olmuş Azərbaycan 2021-ci ilin yanvar ayında gündəlik xam neft hasilatını 123 min barrel azaldaraq 595 min barrel həcmində saxlamalıdır.

Qeyd edək ki, cari ilin 5 yanvar tarixində keçirilmiş "OPEC plus" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral və mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC plus" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barrel, martda isə 7 milyon 50 min barrel təşkil etməlidir. Azərbaycanın bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral və mart aylarında sabit şəkildə qalmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.