Kulinariya

Mətbəx sirləri: Qaşxəngəli - FOTO

22 Yanvar 2013 07:00
1 Şərh     Baxış: 23 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qaşxəngəli - qaşıq xəngəli - daha çox Azərbaycanın qərb bölgəsində məşhurdur. Ona sulu xəngəl də deyilir. Sadə və ətli-noxudlu variantları var.

Sadə qaşxəngəli



Tərkibi
(3-litrlik qazan üçün):

2,5 l su
50 q kərə yağı
150 q xırda doğranmış xəngəl (2x2 sm)
1 x.q. tomat
2 baş soğan
0,5 st. düyü
1 kartof
qurut
qatıq
1 diş sarımsaq

Soğanı xırda doğrayın. Qazanda kərə yağında qovurun. Su əlavə edin. Qaynara düşəndə duz vurun, düyünü, xırda doğranmış kartofu əlavə edin. 1-2 buğum qaynadıqdan sonra (yumşalanda) xəngəli əlavə edin. Bişəndən sonra qara istiot əlavə edin. Qaşxəngəli adi şorbadan qatı olur.

Süfrəyə qurut, sarımsaqlı qatıqla verə bilərsiniz.


Ətli-yerkökülü sulu xəngəl



Tərkibi:

döş əti
yerkökü
soğan
qara dənəvər istiot
dəfnə yarpağı
duz
xəngəl (yumurta, un, duz, su)

Döş ətini, bir neçə xırda yerkökünü və baş soğanı keramik qabın içinə qoyun. Üzərinə bitki yağı (zeytun yağı) gəzdirin, 180-200 dərəcə qızdırılmış sobada təxminən yarım saat bişirin. Bişən zaman bir dəfə çevirin. Ətin və tərəvəzlərin üzəri qızaranda çıxarın.

Əti tikələrə doğrayın. Üzərinə su tökün (o qədər tökün ki, sonra əlavə etməyəsiniz), dənəvər istiot, yerkökü ilə soğanı da doğrayıb əlavə edin. Ət yumşalanacan bişirin. Arada üzərinə yığışan kəfi yığın. Bu müddətdə qazanın qapağını örtməyin, yoxsa bulyonu bulanıq olar. Kəfini iki dəfə yığandan sonra duz əlavə edin. Dəfnə yarpağını isə axıra yaxın əlavə edin.

Ət bişəndən sonra kəfkirlə onu və yerkökünü çıxarın. Əti sümükləyin, sümükləri yenidən bulyona qaytarıb vam odda daha 40 dəqiqə bişirin.
Ətlə yerkökünün üzərinə folqa çəkin, bunun üstünü isə qalın dəsmalla örtün.

Bulyonu süzün, iki bərabər olmayan hissəyə (1/3 və 2/3) bölün. Çalışın, bulyonun bütün yağı 1/3 hissədə qalsın (bunun içində xəngəl bişəcək).

Bulyonun 1/3 hissəsinə qaynar su əlavə edin, duz vurun, 5x5 sm ölçüdə kəsilmiş xəngəli içinə salıb bişirin.

2/3 hissə bulyonu şorba qabına tökün. Əti və yerkökünü folqadan çıxarın, yerkökünü halqa doğrayın.

Bişmiş xəngəli boşqablara çəkin. Ortasına ət tikələri və yerkökü (istəyə görə) qoyun. Üzərinə iki çömçə bulyon tökün. Doğranmış göyərti səpin.
 
Bu xəngəli süfrəyə həvəngdəstədə döyülmüş sarımsaq, duz və dənəvər qara istiot qarışığı ilə verə bilərsiniz.

Böyütmək üçün şəkillərə klikləyin.












Ətli-noxudlu sulu xəngəl



Tərkibi:

xəngəl:
1 st. un
1 yumurta
1 x.q. su
1 çimdik duz

şorba:
500 q qoyun əti
2 baş soğan
1-2 ovuc noxut
duz
istiot
1 ç.q. tomat pastası
nanə qurusu
sirkə
sarımsaq

Un, yumurta, su və duzdan xəmir yoğurun. Yayın, xəngəl kəsin, qurudun (əvvəlcədən hazırlayıb, yaxşıca qurudub bankalara yıbıb saxlaya da bilərsiniz).

Noxudu bir gün əvvəldən suda isladın. Səhəri gün yarımhazır olanadək bişirin.

Əti xırda doğrayın, yuyun, üzərinə su tökün, 1 təmizlənmiş soğanı bütöv əlavə edin və hazır olanadək bişirin. Kəfini mütləq yığın.
Ət bişəndən sonra onu çıxarıb başqa qazana yığın, bulyonu üzərinə süzün (elə edin ki, dibinin çöküntüsü qarışmasın).
Soğanı atın. Yarımbişbiş noxudu əlavə edin, tam yumşalanacan bişirin. Sonra tomat pastası və 4 tutam xəngəl əlavə edin.  1 soğanı xırda doğrayıb yağda qızardın.
Hazır sulu xəngəli boşqablara çəkin. Qovrulmuş soğan əlavə edin, quru nanə səpin. Süfrəyə həvəngdəstədə döyülüb sirkə ilə qarışdırılmış sarımsaqla verin.

Böyütmək üçün şəkillərə klikləyin.











































Nuş olsun!

Resept və fotolar: Milli.Az, foto-recepti.ru, hinkal.ru, domagotovim.ru
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.