Maraqlı

Həzrət Yusifin Allah yolunda sabitqədəmliyi

11 Sentyabr 2021 22:50
0 Şərh     Baxış: 518

İmam Sadiqin (ə) buyurduğuna görə, Həzrət Yusif (ə) quyuya düşən zaman quyunun qaranlıq və xəlvətində kamil imanla Allaha buyurur: "Pərvərdiagara! Xüsusi şükür Sənin üçündür! Səndən başqa Məbud mövcud deyildir. Yeri və göyü yaradan, cəlal Sahibi! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və mənim işimə rahatlıq ver. Mənə güman etdiyim və etmədiyim yerdən ruzi ver".

Karvan əhli onu quyudan çıxardan zaman özünü tanıtmadı və sükut etdi. Demədi ki, mən Yəqubun oğlu Yusifəm. Yerim elə bu yaxındadır. Özünü karvana təslim etdi və susdu. Çünki ürək nuru və imanı ilə dərk etmişdi ki, bu bəla və müsibət, bu imtahan zahirdə acı görünsə də, ancaq aqibəti şirin və İlahidir. Bu imtahan - İlahi məqama çatmaq üçün müqəddimədir.

Misirli qadının evində yeddi il qaldı və bu zaman o, həddi-büluğa çatdı.

Əmirəl-möminin (ə) tələbəsi olan İbni Abbas nəql edir: "Alimlər bizə nəql edirdilər ki, Züleyxa öz istəyini həyata keçirtmək üçün Yusifə yeddi il əzab verir. Ancaq o Həzrət (ə) bir dəfə də olsun onun üzünə gözünü dikmir. Bir gün (Züleyxa) ağlayaraq Həzrətə deyir: "Bir dəfə də olsun, üzümə bax!".

Cavab verir: "Əgər səni görsəm Haqqı görməkdən məhrum və kor olaram".

Deyir: "Ey Yusif! Necə də gözəl gözlərin vardır".

Yusif deyir: "Qəbrin qaranlıq evində ilk tökülən üzvdür (göz)".

Deyir: "Nə qədər xoş ətrin vardır".

Yusif deyir: "Öləndən sonra qəbrimi üç gündən sonra açsan, cənazənin nifrətli iyindən qaçarsan".

Deyir: "Mənə niyə yaxın gəlmirsən?".

Yusif deyir: "Sənə yaxın olmaq Allahdan uzaqlaşmaqdır".

Deyir: "Xalçam xalis ipəkdir, qalx".

Yusif deyir: "Əgər istəyinə əməl etsəm, İlahi behştdə nəsibimi əldən verərəm".

Deyir: "Səni zindanın işgəncələrinə tapşırıram".

Yusif deyir: "Elə bu vaxt Mehriban Allah və Əziz Mövlam məni satın alar".

Zindana düşən zaman deyir: "Pərvərdigara! Zindan mənim üçün məni çağırdıqları əməldən daha sevimlidir".

Quran buyurur ki, doqquz ildən sonra zindandan azad olur və Misir hökmdarı ona ehtiram göstərir. Ona deyir: "Bu gün məqamın bizim yanımızda məlum oldu. Sən bu hökumətdə vəzifə sahibisən". Deyə bilərdi ki, mən Yəqubun oğluyam və mənzilimiz Kənan şəhərindədir. Mənə iti qaçan bir at ver ki, öz diyarıma gedim. Ata və anamı görüb sevinim. Lakin bunları demədi. Çünki Misir xalqını saraya əsir olmuş gördü. Allah bəndələrinin zalımlara düçar olduğunu müşahidə etdi. Öz-özünə dedi: "Bu hökumətə nüfuz edim və ola bilsin ki, bir gün insanların abırı və qüdrət əldə etmək hesabına bu şeytani cəmiyyətə nicat verə bildim".

Ona görə də Misirin əzizinə dedi: "Məni bu diyarın xəzinəsinə rəhbər təyin et. Çünki mən bilikli gözətçiyəm"". Bir müddət orada xidmət edir və öz əmanətdarlığını və ləyaqətini göstərir. Bu məmləkətin bütün vəziyyətinə hakim olur.

Qurani-Kərim bu haqda buyurur: "Və beləcə Yusufa o ölkədə (elə) qüdrət və imkan verdik ki, o, oranın istədiyi yerində məskunlaşırdı. Biz öz rəhmətimizi istədiyimiz şəxsə yetiririk və yaxşı iş görənlərin mükafatını əsla zay etmirik". ("Yusif" 56).

Yusif qardaşlarının o qədər zülmünə baxmayaraq, onlara belə buyurur: "Dedi: "Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır"". ("Yusif" 92).

Yusif canını paklığına, qəlbinin nuruna diqqət edərək Allaha belə dua edir: "Ey Rəbbim, Sən mənə səltənət və hökümətdən pay verdin və yuxuların yozumunu və hədislərin (səma kitablarının və peyğəmbərlərin kəlamlarının) təfsirini öyrətdin! Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı (Sənin əmrinə) təslim olduğum halda al və məni salehlərə qovuşdur". ("Yusif" 101).

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.