Maraqlı

Pislər olmasa, yaxşıların qiyməti bilinməz

18 Aprel 2021 21:40
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanların zehnini məşğul edən suallardan biri də budur ki, Allah-Təala niyə mənfi qüvvələri, pis insanları, şeytanları yaradıb? Əgər Allah onların fəaliyyətindən xəbərdar deyilsə və onların müsbət yolda olacaqlarını zənn edərək yaratmışsa, Onun elmi və hikməti şübhə altına düşür. Əgər onların nə kimi fəsadlar törədəcəyindən xəbərdardırsa, onları yaratmasının mənası nədir, bu, ilahi ədalətlə ziddiyyət təşkil etmirmi? Bu sual həmişə bəşəriyyəti düşündürmüş, mübahisələrə səbəb olmuşdur. Günümüzlə əlaqələndirsək, İmam Hüseynin (ə) Kərbəlada faciəli şəhadətinə səbəb olmuş şəxsləri Allah niyə yaratmışdı? Yezid və Şimr kimi cinayətkarların qarşısını Allah niyə almadı?

Hər şeydən əvvəl qeyd edək ki, bu sualın cavabı sayıla biləcək sübutlar çoxdur. Məsələyə fərqli baxışlardan yanaşsaq, fərqli arqumentlər gətirə bilərik. Mövzu kəlam və fəlsəfə fənnləri ilə sıx əlaqədardır. Böyük İslam alimləri bu qəbildən olan suallara çox dərin və mürəkkəb cavablar vermişlər. Həmin cavabların təqdimatı və dərki çətin olduğu üçün, biz bir neçə sadə və asan anlaşılan arqumentlə kifayətlənirik.

Milli.Az islam.az-a istinadən bildirir ki, birincisi, qeyd edilən sualın cavabı birbaşa Allahın ədaləti, cəbr (məcburiyyət) və ixtiyar (iradə azadlığı) bəhsləri ilə əlaqəlidir.
Müsəlmanların əqidəsinə görə, Allah öz bəndələrinə qarşı hədsiz mərhəmətlidir, onlara zərrəcə zülm etməz. Hər kəsin seçim ixtiyarı vardır, buna görə də hər əməlinə görə cavabdehdir, Allahın və insanların qarşısında məsuliyyət daşıyır.

Allahın öz yaratdıqları barədə kamil elmə malik olması onları hər hansı əmələ məcbur etməsi anlamına gəlmir. Səbəb və nəticə, zaman anlayışları məhdud maddi dünyaya aiddir. Allahın elmi və qüdrəti barədə danışarkən, məsələyə bu məhdudiyyətlər daxilində baxmaq düzgün deyil. O bizik ki, əvvəl və sonra, səbəb və nəticə çərçivəsi daxilində düşünməyə və hərəkət etməyə məcburuq. Zamanı və səbəbi yaradan Allahdır, Onun elmi bunlardan daha geniş və üstündür. İlahi elm və hikmət zaman çərçivəsinə sığmaz.

İnsan şüuru bu kimi mövzuları tam dərk etməyə qadir olmadığı üçün, daha sadə bir misalla fikrimizi ifadə etməyə çalışaq. Təsəvvür edin ki, siz yüksək bir yerdə durmusunuz, oradan küçədə hərəkət edən avtomobillərin hərəkətini izləyirsiniz. Görürsünüz ki, bir avtomobil çox yüksək sürətlə hərəkət edir. Bunu anlamaq çətin deyil ki, sürücü əgər bu qayda ilə avtomobili sürməyə davam etsə, qısa müddət ərzində qəza törədəcək. Siz qabaqcadan qəza baş verəcəyini bilirsiniz, hətta sanki onu "görürsünüz". Bir neçə dəqiqədən sonra, həqiqətən, qaydalara əməl etməyən həmin sürücü qəza törədir. Belə bir halda sizi qəzanın səbəbkarı hesab etmək olarmı? İddia etmək olarmı ki, sürücünü qəza vəziyyəti yaratmağa siz təhrik və məcbur etmisiniz? Əlbəttə ki yox! Sizin qəza barədə qabaqcadan elmli olmağınız sürücünün hərəkətlərinə heç bir təsir göstərmədi. Siz sadəcə olaraq, mövcud vəziyyəti düzgün qiymətləndirdiniz, başa düşdünüz ki, sürücünün bu hərəkətinin sonu nə olacaq. Amma yaranmış qəzaya görə sürücünün özü cavabdehdir.

Elcə də, Allah insanların əməllərini qabaqcadan bilməklə yanaşı, bu əməllərin məsuliyyətini daşımır.
Hər kəsin savabına və günahına görə onun özünə əvəz veriləcək. Əgər Allahın elminin insan müqəddəratına təsiri olsaydı, insanın nə mükafat, nə də cəza almağa haqqı çatardı. Heç bir xeyir əmələ görə savab, heç bir pis hərəkətə görə günah yazılmazdı. Belə bir düşüncə insanın iradə azadlığını inkar edən şəxslərə məxsusdur. Dini mənbələrimizdə bu düşüncəni kəskin tənqid edən hədislər çoxdur. Məsələn, hədislərin birində Allahın Rəsulu Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur ki, Allahın onlardan ötrü günahları qabaqcadan yazdığını və sonra onlara cəza verdiyini düşünən dəstəyə 70 peyğəmbərin dilindən lənət deyilib (Bihar əl-ənvar, 5-ci cild, səh. 47).

Bəziləri öz günahlarında Allahı deyil, şəraiti, başqa insanları təqsirkar bilir, məsuliyyəti onların boynuna atmaq istəyirlər. Bu, ona bənzəyir ki, yüksək sürətlə, yol hərəkəti qaydalarını pozmaqla qəza törətmiş sürücünün əvəzinə, maşın istehsal edən zavodu, yol çəkən fəhlələri ittiham etsinlər.

İrəli sürülən iddiaya qarşı digər arqumentlər də mövcuddur ki, növbəti hissələrdə onlara işarə ediləcək.
Allah-Taala hər kəsin hidayət olub-olmayacağını gözəl bilir. Əvvəldə qeyd etdiyimiz kimi, Allah üçün zaman məhdudiyyəti yoxdur ki, bir işin nəticəsini o baş verdikdən sonra bilsin. Zaman, səbəb-nəticə qaydaları maddi dünyaya aiddir və biz bunlara tabeyik. Allah isə bu qaydalara tabe deyil, çünki qaydaların özünü yaradan Odur.

Tam uyğun gəlməsə də, belə bir misal çəkək. Müəllim ilk dərsə başlayanda sinifdəki şagirdləri öyrənir. O, artıq bir neçə dərsdən sonra gözəl bilir ki, hər kəsin bacarığı, savadı, tərbiyəsi nə cəviyyədədir. Müəllim qabaqcadan bilir ki, hansı şagird dərs ilinin sonunda imtahanı verə biləcək, hansı isə verə bilməyəcək. Çünki şagirdlərin istedadı göz qabağındadır, bunu görmək üçün bir qədər təcrübə bəs edər. Allah-Taala da öz bəndələrinin vəziyyətini ön gözəl şəkildə bilir. Bəndələri o yaratdığı üçün, onların hətta bir əməli etmədən ürəyindəki niyyətdən də xəbərdardır. Allah üçün zaman məhdudiyyəti yoxdur, ona görə də hansı bəndənin gələcəkdə hidayət olacağını, hansının zəlalətə düşəcəyini də dəqiq bilir. Heç kəsin varlığındakı hidayətə tabe olmaq qabiliyyəti Allahdan gizli deyil.

Əgər müəllim bir şagirdə yaxşı qiymət verir və tərifləyirsə, səbəbi həmin şagirdin savadlı olması və dərsə hazırlıqlı gəlməsidir. Əksinə, bir şagirdi tənbeh edib pis qiymətləndirirsə, yenə səbəb həmin şagirdin özündədir. Müəllim bu mükafat və ya cəza ilə şagirdi heç nəyə məcbur etmir. Bu qiymətləndimələr də yalnız şagirdin xeyrinədir. Əgər şagird məsuliyyətlidirsə, yaxşı qiymət onun məsuliyyətini daha da artırır və gələcəkdə də bu üstünlüyü qoruyub-saxlamağa həvəsləndirir. Əgər məsuliyyətsizdirsə, pis qiymət ya onu islah edir, ya da etmir. Hər iki halda pis qiymət ona haqsızlıq kimi qəbul edilə bilməz. Xacə Nəsirəddin Tusi "Təcrid əl-etiqad" əsərində bu barədə yazırdı: "Allah-Taala öz bəndələrinin itaətindən və günahkarlığından xəbərdardır. Allahın bu elmi bəndələrin davranışına əsaslanır".

Allahın bəzi bəndələri guya haqsız yerə cəzalandırması iddiası o zaman doğru ola bilərdi ki, hidayət vasitələri bəşəriyyətə təqdim edilməsin, amma onlardan itaət istənilsin.
Halbuki, Allah-Taala insanların daxilində fitri olaraq tanrıpərəstlik duyğusu qoyub. Üstəlik, hər kəsin vicdanı onu xeyirxahlığa çağırır. Bunlardan əlavə, Allah 124 min peyğəmbər göndərmişdir ki, haqqı insanlara çatdırsınlar. Tarixin hər bir dövründə alimlər, övliyalar öz kitabları və moizələri ilə insanlara nəsihət verirlər. Səmavi kitablarda yaşayışın əsas qanunları izah edilmişdir. Hansı əməl insanı cənnətə, hansı əməl isə cəhənnəmə aparır - bunlar məlumdur və heç kimə gizli deyil. Belə olan halda, hansı ədalətsizlikdən söhbət gedə bilər? Hər şey insanın öz iradəsinə bağlıdır. Kim daxili və xarici hidayətə tabe olarsa, əvəzini gözəl mükafat şəklində alacaq. Kim bunları saymazyana qarşılasa və nəfsinə tabe olsa, cəzalanacaq.

Burada belə bir misal çəkmək yerinə düşər.
Fərz edək ki, bir nəfər səxavətli şəxs böyük süfrə açır, süfrəyə növbənöv qidalar düzür və ətrafdakı insanları yeməyə dəvət edir. Bu süfrədən istifadə təmənnasız və havayıdır. Kimlərsə dəvəti qəbul edir və süfrədəki yeməklərdən yeyirlər. Amma kimlərsə bu dəvəti qəbul etmir və yeməyə yaxın düşmürlər. Süfrə başına gəlmək istəməyən şəxslərdən kimsə acından halbahal olsa və ya ölsə, bunun günahını ziyafət sahibində axtarmaq düzgündürmü? Axı o, hamını dəvət etmişdi. Seçim isə insanların öz öhdəsində idi. Dəvəti qəbul edənlər ac qalmadılar, qəbul etməyənlər isə özlərini çətinliyə saldılar və əzab çəkdilər. Açıq süfrəni görə-görə yaxın gəlməyən və acından ölən adamın günahı öz boynundadır. Allah-Taala da öz mərhəmət süfrəsini açıb, hər kəs bu süfrəyə dəvətlidir. Kimsə bu dəvəti qəbul etməsə, mərhəmətə layiq olmasa və əzaba düçar olsa, bunun səbəbini Allahda yox, özündə axtarmalıdır.

Nəhayət, Allah-Taala heç kimi pis insan, kafir kimi yaratmayıb. Hər kəs doğulanda günahsız və məsum olur. Əksinə, daxilindəki fitri tanrıpərəstlik onu Allaha doğru çəkir. Lakin insan haqq ilə batil arasında öz seçimini edərkən, bəzən qəsdən batilə doğru gedir. Allah-Taala heç İblisi də pisliklərin mənbəyi kimi yaratmamışdı. İblis min illər boyunca Allaha itaət etmiş, daha sonra öz təkəbbürü sayəsində itaətdən boyun qaçırmış, kafir olmuşdu. O da itaətsizliyin cəzasını bildiyi halda öz seçimini könüllü surətdə etmişdi. Əslində pis qüvvələrin varlığı insanların tərəqqisi üçün faydalıdır. İnkişaf ziddiyyətdədir. Pislər olmasa, yaxşıların qiyməti bilinməz. Bəla olmasa, səbir aşkara çıxmaz. Zalımın zülmü olmasa, məzlumluğun savabı qazanılmaz. Yaxşı insanlar məhz pislərin qarşısında sınaqdan çıxır, möhkəmlənirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.