Maraqlı

Hafiz və Yezid “işbirliyini” ifşa edənlərə cavab

9 May 2019 22:45
0 Şərh     Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın günlərdə böyük Şərq şairi, "lisanül-qeyb" (qeybin dili) ləqəbli Hafiz Şirazi ilə bağlı bir məsələ gündəmə gətirilmişdi. Söhbət Hafizin divanının birinci qəzəlinin ilk misrasının Kərbəla canisi Yeziddən iqtibas edilməsindən gedirdi.

Daha doğrusu, BDU Şərqşünaslıq fakültəsinin fars ədəbiyyatı proqramına Hafizin bu qəzəlinin salınması bəzilərinin böyük hiddətinə səbəb olmuşdu.

Milli.Az islam.az-a istinadən bildirir ki, əvvəla, fars ədəbiyyatı üzrə mütəxəssis kimi yetişdirilən şəxsləri Hafizin divanı ilə tanış etmək niyə bu qədər qeyri-adi görünüb? Olmaya, bu tələbələr öz ixtisaslarına uyğun olaraq, farsdilli ədəbiyyatın ən gözəl nümunəsi olan Hafiz divanı ilə və bu divanın tacı olan ilk qəzəllə tanış olmalı deyillər? İkincisi, bu məsələni şişirdən insanların savadına heyran qalmamaq olmur. Hafizin yaşadığı dövrdən 600 ildən çox vaxt keçib, amma sanki bunlara bu xəbər indi çatıbmış kimi haray salıblar. 600 ildir ki, Hafizin qəzəlləri, o cümlədən, divanının ilk qəzəli şiə məzhəbinin "göbəyi" olan İranda sevilə-sevilə oxunur, tədris olunur, hətta onun divanı ilə fal açanlar da var. Hələ heç bir şiə alimi Hafizə qarşı hücuma keçib onu Yezidlə əlbir olmaqda ittiham etməyib. Əksinə, elə bir şiə məzhəbli arif tapmazsan ki, Hafizi irfanın günəşi, qeybin dili saymasın və onun qəzəllərini təqdir etməsin. Amma Azərbaycanda kimlərə isə Hafizin divanının ilk qəzəli hələ indi çatır. Daha doğrusu, qəzəl onlara çatmayıb, çatsaydı belə fikrə düşməzdilər. Onlar sadəcə olaraq, Hafizin divanındakı bir misranın Yeziddən iqtibas olması barədə nağılları hələ indi eşidiblər. Körpə uşaq həqiqətdən xəbərsiz və cahil olduğu üçün nağıla necə inanırsa, onlar da beləcə bu nağıla inanıblar. Biz də çalışaq ki, bu nağılın həqiqəti barədə onlara bilmədiklərini çatdıraq.

Əvvəla, ənənəyə görə, şeir divanlarında əsərlər müəyyən ardıcıllığa görə düzülür. Birincisi, şeirlərin janrına görə; yəni əvvəlcə qəzəllər, sonra qəsidələr və s. İkincisi, qəzəllərin özü də ilk misranın son hərfinə əsasən sıralanır. Yəni əvvəlcə "əlif" hərfi ilə bitən qəzəllər, sonra "be" hərfi ilə, daha sonra "te", "se" və s. Yəni Hafizin öz divanını "navilha" və "müşkilha" sözləri ilə bitən beytlə başlaması qeyri-adi deyil; çünki "əlif" hərfi ilə bitdiyindən ənənənyə uyğundur.

İkincisi, ənənəyə görə, əcəm şairləri öz divanlarının ilk qəzəlinin buruncu misrasını və ya hər iki misrasını ərəb dilində yazırlar. Bu, şairin özünün şeri də ola bilər, başqa bir şairdən iqtibas da. Azərbaycan şairlərinin də əsərlərində bu görünür. Füzuli türkcə divanının ilk qəzəlini belə başlayır:

Qəd ənarəl-eşqə lil-üşşaqi minhacül-hüda

(Eşq aşiqlər üçün hidayət cığırını göstərdi),

Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

Seyyid Əzim Şirvani isə divanın ilk qəzəlinin hər iki misrasını ərəbcə yazıb:

Qəd təcəlla min şüail-kə'si ənvarül-bəha

(Camın şüasından parıltı nurları təcəlla etdi),

Tilkə fəzlullah, bəl yəhdi linurih mən yəşa.

(Bu, Allahın lütfüdür, istədiyini öz nuru ilə hidayət edər).

İkinci misrada Qurani-kərin ayələrinin təsiri aşkar görünür.

Bunları nəzərə alsaq, Hafizin öz divanını ərəbcə misra ilə başlaması qeyri-adi hal deyil.

Araşdırmaya ehtiyac duyulan məsələ Hafizin ilk misrasının həqiqətən Yeziddən iqtibas olub-olmamasıdır. Geniş yayılmış fikrə görə, bu misra Yezidin bir qəzəlində sözlərin yerini dəyişdirmək nəticəsində yaranıb. Yezidə aid olunan misra belədir:

Ənəl-məsmum, ma indi bi-tiryaqi və la raqi,

Ədir kə'sən və navilha, əla ya eyyuhəs-saqi.

Tərcüməsi:

Mən zəhərlənmişəm, yanımda nə tiryək var, nə də padzəhr (zəhər əleyhinə dərman),

Camı dolandır və mənə tərəf uzat, ey saqi.

Araşdırmalar göstərir ki, yuxarıdakı beytin Yezid ibn Müaviyəyə aid olduğu və Hafizin də bu şeirdən bəhrələndiyi barədə ilk dəfə fikir irəli sürən - Hafiz divanının məşhur şərhçisi, Osmanlı təbəəsi Əhməd Sudi Əfəndi (vəf. 1593) olub. Ona görə də bəzi tədqiqatçılar bu fikrin Səfəvi-Osmanlı müharibələri dövründə İranda çox məşhur olan Hafizi gözdən salmaq üçün Sudi Əfəndi tərəfindən siyasi bir addım kimi qəsdən ortaya atıldığını yazırlar.

Qeyd edək ki, Şəhid Mütəhhəri və Şəhriyar kimi böyük şəxsiyyətlər də Hafizin bu misranı Yeziddən iqtibas etdiyinə inanmış və bunu təsdiq etmişlər.

Hafizin oz misrasını Yeziddən götürdüyünü iddia edənlər buna sübut kimi tam mötəbər olmayan bəzi dəlillərdən, hətta şeirlərdən də istifadə edirlər. Məsələn, Əhli Şirazi adlı şair üç beytlik bir qitədə yazır (şerin fars dilindən tərcüməsini veririk):

Bir gecə Xacə Hafizi yuxuda gördüm.

Dedim: "Ey fəzilətdə və bilikdə hesaba gəlməyən!

Bu qədər fəzilət və kamalla

Niyə Yezidin şerini mənimsədin?"

Hafiz dedi: "Məgər bu məsələni bilmirsənmi ki,

Kafirin malı möminə halaldır?"

Katibi Nişaburi adlı başqa bir şair isə bu mövzuya fərqli cəhətdən yanaşır və Hafizi Yezid kimi bir insanın şerini iqtibas etməkdə təqsirləndirir (şerin tərcüməsi):

Xacə Hafizin işindən elə heyrətdəyəm ki,

Ağlım bunu dərk etməkdən acizdir.

O, Yezidin şerində nə hikmət gördü ki,

Öz duvanının əvvəlində onun şerini yazdı?

Kafirin malı müsəlmana halaldır.

Bunda mübahisə olmasa da,

Amma aslana böyük eybdir ki,

İtin ağzından tikəni qapsın.

Haqqında danışılan beytin Yezidə aid olması fikri heç də bütün alimlər tərəfindən qəbul edilmir. İran ədəbiyyatının mahir biliciləri Əllamə Qəzvini, Əbdülhüseyn Zərrinkub, Qasim Ğəni, Miynəvi, Bəhaüddin Xürrəmşahi və başqaları bu fikri rədd edirlər. Əllamə Qəzvini bu mövzuda 10 səhifəlik bir məqalə yazmış, Yezidin məlum olan şeirləri arasında belə bir beytə rast gəlinmədiyini iddia etmişdir. Maraqlıdır ki, Yezid ibn Müaviyənin 1982-ci ildə Beyrutda çap olunmuş divanında da bu beytdən əsər-əlamət yoxdur.

Əbdülhüseyn Zərrinkub Hafizin qəzəlindəki birinci misranın hansısa ərəb şairindən iqtibas olduğunu düşünmək ehtimalını rədd etmir, amma bunu Yezidlə bağlamağın çətin bir məsələ olduğunu bildirir.

Farsdilli ədəbiyyatda buna oxşar misra və beytlərə başqa şairlərin də əsərlərində rast gəlirik. Məsələn, Hafizdən 100 il əvvəl yaşamış Sədi Şirazi "Bepayan aməd in dəftər, hekayət həmçenan baqi" misrası ilə başlayan, yarı-fars, yarı-ərəb dilində (müləmmü janrında) yazılmış şerində "raq", "tiryaq", "məsmum", "kə's", "əsqini, təsqi" kimi sözləri işlədir ki, bu da həmin şeirlə Yezidə aid olunan beyt arasında oxşarlıq axtarmağa əsas verir. Yuxarıda adını çəkdiyimiz Qəzvini bunu nəzərə alaraq ehtimal edir ki, Sədi ilə Hafiz arasında yaşamış naməlum bir şair Sədidən ilham alaraq, indi Yezidə aid bildiyimiz ərəbcə beyti yazmış və Hafiz məhz həmin beyti eşidərək onu təzmin (iqtibas) etmişdir.

Təxminən Hafizin doğulduğu illərdə dünyasını dəyişmiş, yəni ondan əvvəl yaşamış Əmir Xosrov Dehləvinin bir qəzəlində də bu misra eynilə Hafizdə olduğu kimi işlədilir:

Şərabe-ləl başəd qute-canha, qovvəte-delha,

Əla ya eyyuhəs-saqi, ədir kə'sən və navilha.

Tərcüməsi:

Ləl şəklində olan mey canların yemi, qəlblərin qüvvətidir,

Ey saqi, camı dolandır və mənə tərəf uzat.

XX əsrin böyük müsəlman mütəfəkkiri İqbal Lahuri də ir beytində Yezidə aid edilən misraları cüzi dəyişikliklə təkrar etmişdir (ixtisar naminə şeri vermirik).

Buna oxşar ifadələrə çox mötəbər din xadimi kimi tanınmış ariflərin də şeirlərində rast gəlirik. Məsələn, Səfəvilər dövründə yaşamış məşhur din alimi, "Məhəccətül-beyza" və "Əl-Vafi" kimi əsərlərin müəllifi Feyz Kaşani yazır:

Əla ya eyyuhəs-saqi, ədir cami kimi məxmurəm

(Ey saqi, camı dolandır ki, mən xumaram).

Şeyx Bəhai isə öz şeirlərində oxşar ifadələri bu formada işlətmişdir:

Məza fi ğəfləti ömri, kəzalik yəzhəbül-baqi,

(Ömrüm qəflətdə keçdi, qalanı da o cür keçməkdədir).

Ədir kə'sən və navilha, əla ya eyyuhəs-saqi.

Nəzərə alaq ki, Şeyx Bəhai, Feyz Kaşani kimi mükəmməl dini savadı, üstəlik, Səfəvilər dövrünə məxsus şiə təəssübkeşliyi olan alimlər bu misranın Kərbəla canisi Yezidə aid olduğunu bilsəydilər, yəqin ki, onu təkrar etməzdilər.

Üstəlik, əsərlərində Həzrət Əliyə (ə) məhəbbətini dönə-dönə bildirən, "Bu gün sənin vəlayətinlə diriyəm, ya Əli! Sabah (qiyamətdə) pak imamların ruhu qarşısında buna şahid ol" deyən Hafiz Şirazi də yəqin ki, ilahi eşq və məhəbbətlə yoğrulmuş şeirlərinin ilk misrasını Yezid kimi mənfur bir insanın xatirəsi ilə başlamazdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.