Maraqlı

Bu, sevgidir yoxsa asılılıq?

10 Avqust 2015 22:50
Baxış: 3 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər seçdiyin insan sənin üçün başqalarından vacibdirsə - demək, bu, sevgidir. Amma əgər o sənə özündən də vacibdirsə - demək, bu, emosional asılılıqdır. Məhz belə asılılıq sənin həyatını məhv edə bilər. Nə üçün biz həmişə münasibətlərdə bu amiləri bir-biri ilə dəyişik salırıq? Daxilən azad qalaraq necə sevmək olar? Səni sevgidən asılı edən hərəkətlər hansılardır?

Axşam.az xarici mətbuata istinadən bunun səbəblərini təqdim edir:

Qəlbimə rahatlıq yoxdur

Hər şey çox gözəl başladı... Sən uzun müddətdir ki, onu axtarırdın, jurnallardan sevgi şəkillərini kəsir, öz fotolarınla birləşdirir, xəyallar qurur, yuxularında görürdün... Nəhayət, o gəlib çıxdı... Eyni yuxularında görüb, təsəvvüründə canlandırıb, xəyallarında yaşatdığın kimi... İndi o, mehribancasına gözlərindən öpür, gecə-gündüz səni sms "yağışına" tutur, sevgidolu sözlər pıçıldayır. Amma bu, sənə azlıq edir. O, yanında olanda belə tənhasan. Sevgi insanı qanadlandırır, tənhalıq isə istək alovunu boğur. Artıq özünü sevgidən asılı hiss edirsən.

Səbəb: Bayağı, amma əsas. Özünü sahibkar hiss etmək.
Hələ uşaq yaşlarından bölüşməyi xoşlamırsan: ananın diqqətini, oyuncaqlarını, şokoladlarını öz bacınla belə bölüşmürdün. İndi sevgilin peyda olandan sonra bütün fikrin ona yönəldi. Əgər o sənindirsə, demək sənindir, üçüncü insana niyə aranızda yer olmalıdır ki?! Hətta yanınızda rəfiqənin, ya da onun dostlarının belə olmasını qəbul etmirsən. Bu məqamda səni maraqlar, vərdişlər, arzular düşündürmür. Tanış hekayədir?... Bu, qısqanclıqdır, yoxsa asılılıq? Ən pisi isə sən özünü onun sahibi kimi görmək istəyirsən.

Məsləhət: 
Sən sevgidən emosional asılılıq sindromuna yoluxmusan. Başqasının həyatı və problemləri ilə beynini yükləmək insana yaşamaq imkanı vermir. Bu, hətta xarici görünüşündə dəyişiklik etməyə, işdə tapşırıqları yerinə yetirməyə, ətrafındakılara vaxt ayırmağa belə mane olur. Sevgi əsiri olan biri həyatında nəyisə dəyişməkdən belə çəkinir. Axı dəyişiklik böyük riskdir. Sən isə bu riski onun qəbul etməyəcəyindən qorxursan. Sevgi asılılığının ayrılmaz bir hissəsi də qorxudur. Səni ömrün boyu tənha qalmaq hissi qorxudur. Elə düşünürsən ki, onun sahibinə çevrilsən bütün pis hisslərin keçib gedəcək. Amma həmişə olduğun kimi qalsan, məhz bundan sonra tənhalıq təhlükəsi ilə üzləşəcəksən. Çünki kişilər eynilikdən tez yorulurlar. Ona qarşı soyuqqanlı olmağa çalış. Hətta o zəng etməsə, mesaj yazmasa belə bunu özün etməyi ağlına belə gətirmə. İnan, sənin "soyuq"luğun onun daha da yaxınlaşmasına kömək edəcək.

Mən səni həmişə sevəcəm

Siz uzun müddətdir ki, tanışsınız. Hətta hekayənizin necə başladığını belə tam xatırlamırsınız. Sizə elə gəlir ki, ömür boyu, hətta tanış olmadan öncə də bir yerdə idiniz. Xəstələnəndə ilk olaraq sənə zəng edir. Amma qəfildən səndən uzaqlaşmağa, əvvəlki kimi mehriban olmamağa başladı. Hətta günlərlə sənə zəng etmir, mesaj yazmır... Özünlə tənha qalmaq qorxusu səni hər gün narahat edir.  Elə buna görə də onun etdiklərinə əhəmiyyət vermirsən. "Nə etsən də, nə olsa da yanındayam", "Necə olursa-olsun, əsas odur ki, mənimdir" deyə, fikirləşirsən. Onsuz həyatını cəhənnəm kimi təsəvvür edirsən. Axı sən hər uğurunda onun yanına qaçır, bütün gününü sevgilinlə bölüşürdün. O olmasa, günlərinin pis, mənasız keçəcəyini düşünürsən. Sən sevgi əsiri olmamısan. Amma təhlükəyə yaxınlaşmağına bir addım qalıb.

Səbəb: Xəstəlik - kompleks.
Sevgilin sənə ilk baxdığı gün maqnit dalğası baş verdi: "bu yaraşıqlı, mavi gözlü, hündürboy, bütün qızların heyran qaldığı oğlan necə oldu ki, mənə baxdı?! Axı belə hal heç vaxt baş verməyib, bu, nə vaxtsa sona çatacaq" - fikirləri səni narahat etməyə başlayır. Bu fikirlərlə təkcə özünü yox, yaraşıqlı sevgilini belə bezdirməyə başlayırsan. 

Məsləhət: 
Səni komplekslərin sevgi əsirinə çevirməyə çalışır. Özünlə tək qalmaqdan qorxma. Psixologiyada bu vəziyyətə simbioz deyilir. Münasibətlərin ilk mərhələsində simbioz durumuna düşmək o qədər də qorxulu deyil. Vay o günə ki, bu hal getdikcə irəliləyə. Bir-biri ilə daha çox vaxt keçirən cütlüklər arasında simbioz olur. Onun hər hərəkətini qəbul etmək yanlışdır. Beləcə, o istədiyini edəcək. Çünki hər hərəkəti ilə onu qəbul etdiyinə artıq əmindir. Onunla kiçik bir oyun oyna. Hətta "münasibətimiz bitdi" deməkdən belə çəkinmə. Əmin ol ki, o, səni itirməyi gözə almayacaq.

Sənsiz yaşaya bilmərəm

Onunla neçə dəfə mübahisə etməyiniz artıq yadında deyil. Ona neçə dəfə "həyatımdan çıx get" deməyinin sayı-hesabı yoxdur. O, işləyir, amma bütün qazancını başqa yerə xərcləyir. Sənin fikrincə, kişi güclü, istədiyini əldə etməyi bacaran olmalıdır. Onunla ayrıldıqdan sonra sosial şəbəkələrə girib, başını qatmaq, onu bir az da olsun unutmaq istəyirdin. Xəstələnəndə dərman atmır, özünü heç kimə lazımlı bilmirsən. Amma ilk mesajından, ilk üzrxahlığından sonra onu yenidən bağışlayırsan. Onun növbəti qayıdışı ilə yenidən həyata dönürsən. Onun diqqətini çəkmək üçün özünə fikir verməyə, imicində dəyişikliklər etməyə başladın. Beləcə, qənaətə gəlirsən: sən onsuz yaşaya bilməzsən. 

Səbəb: Düzgün olmayan. 
Sən onu çox sevirsən, amma daha da yaxın olmağı qüruruna sığışdırmırsan. Ola bilsin ki, ona səninlə çox yaxşıdır. Amma sən buna inanmırsan. Bu düşüncələrin isə onu səndən uzaqlaşdırır. Onsuz yaşamağı ağlına belə gətirmirsən.  

Məsləhət: 
Sevgi asılılığının qurbanları həmişə nədənsə narazıdırlar. Qarşı tərəfin onlara verdiyi sevgi həmişə azdır. Bu tip insanlar həmişə sevgidə sübut axtarırlar. Əgər onunla sevgini sübutetmə kimi oyunlara girsən uduzacaqsan. Onsuz yaşaya bilməyəcəyin fikirlərini düşüncəndən sil. Onunla hər dəfə ayrılmağının səbəbi də elə sənsiz dayana bilməyib, geri qayıdacağını görməkdir. O özünü və sevgisini sübut etməkdən bir gün həqiqətən də yorulub, geri qayıtmamaq şərtilə səndən uzaqlaşacaq. Buna görə də "ayrılaq" sözünü deməzdən əvvəl fikirləş. Yaxşı olar ki, əsəbiləşəndə onunla danışmaqdansa, rəfiqələrinlə görüş. Beləcə, əsəblərin sakitləşər və səhv addım atmaqdan uzaq olarsan.
Həmişə yanımda

Darıxırsan, ona sms yazırsan. O isə mesajlarına neçə saatdan sonra cavab verir. Guya ki, işdə məşğuldur, imkan tapmır. Əminsən ki, o, səninlə danışmaq istəmir. Artıq o, münasibətləri bu həddə gətirib çıxarıb. Sən isə dayanmadan ona mesaj yazır, zəng edirsən. Hər saniya onun yadına düşmək istəyirsən. Hərdən onu başqası ilə, hətta keçmiş sevgilisi ilə görüşdüyünü düşünürsən. Onun yanında alçalmaqdan, ən pis hərəkəti belə etməkdən çəkinmirsən. Əsas odur ki, o səndən ayrılmasın. Artıq sənin üçün qürurun heç bir əhəmiyyəti qalmayıb. Tək istədiyin sevgilinin həmişə sənin yanında olmasıdır. 

Səbəb: Kabus - onun keşmiş sevgilisi.
Səndən əvvəl onun sevgilisi olub, bu, mütləqdir və bu normal haldır. Amma sən ona həyatı zəhər etmisən: bütün günü keçmiş sevgilisindən danışır, onu nə qədər qısqandığını deyirsən. Düşünürsən ki, hələ də onu sevir, düşünür, hətta görüşür, zəngləşir də. Bu fikirlər səni məhv edir. 

Məsləhət: 
Sənin sevgi asılılığının səbəbi onun getməsi yox, başqası ilə görüşməsidir. Sən onu bir başqası ilə bölüşməkdən qorxursan. Qısqanclıq hissləri münasibətlərinizi cəhənnəmə çevirib. Bütün günü onu nədəsə günahlandırmaq qarşı tərəfi bezdirib. Elə buna görə də səndən uzaq qalmağa, rahatlamağa çalışır. Onu keçmiş sevgilisinə qısqanmağın isə münasibətinizi daha da korlaya bilər. O, keçmiş sevgilisini düşünməsə belə sənin hər gün onu xatırlatmağın bir gün bunu gerçəkləşdirəcək.
Onun kölgəsi kimi

Sevgilin yanında ola-ola, onun üçün darıxırsan. Hər dəqiqə onun yanında olur, istədikləri ilə maraqlanırsan. Bu hal get-gedə həyatında problemlərin yaranmasına səbəb olur. Onun xasiyyətində qəfildən dəyişikliklər hiss edirsən. Səni bir düşüncə narahat edir: indi münasibətlərimiz təhlükədədir. Nədənsə, artıq heç nə yolunda getmir. Nə olduğunu dəqiq bilmirsən, amma hər şeyin əvvəlki kimi olmadığına əminsən. Dərindən fikirləşsən elə də tutarlı səbəb görmürsən, intuisiyan isə sənə başqa şey deyir. İndi o, futbolu səninlə yox, dostları ilə izləməyə gedir. Ötən həftə isə səni ad günün münasibəti ilə təbrik etməyi belə yaddan çıxarıb. Əvvəl bəyəndiklərini artıq istəmir. Sənə qarşı olan düşüncələri belə dəyişib. 

Səbəb: Bir insanın illər keçdikcə eyni qalması mümkün deyil. Bunu hamı normal qəbul edir. Səninsə bunu problemə çevirməyinin səbəbi sevgidən asılı olmağındır. 

Məsləhət: 
Asılı olan münasibət -  sevginin əsiri əvvəlcə öz həyatını, sonra isə qarşısındakını məhv etməyə başlayır. Əgər onun xasiyyətində dəyişikliklər hiss edirsənsə, çalış, sən də ona uyğunlaş. Hətta hərdən özünü bu dəyişikliyi hiss eləmirmiş kimi də göstərə bilərsən.
Özünü sevgi asılılığından xilas etmək üçün:

Bir il ərzində nə edəcəyinin siyahısını tut. Sevgilini fikirləşməkdənsə, ondan uzaq qalmağı düşün. Sürücülük və ya başqa kursa yazıl, alış-verişə çıx, rəfiqələrinlə daha çox vaxt keçirtməyə çalış. Əgər bütün bunlar sənə kömək etmirsə , onda bir psixoloq yanına getməyin məsləhətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.