Maraqlı

Qadınların baxmalı olduğu - 20 FİLM - FOTO

25 Sentyabr 2014 19:25
0 Şərh     Baxış: 7 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kult.az-a istinadən Rəfiqə Əlisəfanın yazısını təqdim edir. 

Elə filmlər var ki, insanı düşünməyə məcbur edir. Bəzi filmlər isə bitdiyi andan sonra unudulur. Kişilərin təsəvvüründə belə bir fikir formalaşıb ki, qadınlara yalnız məhəbbət mövzulu filmlər təsir edir. Əslində isə bu, belə deyil. Müəyyən filmlər var ki, bunlara baxmaq hər qadın üçün vacibdir.

Qadınların baxmalı olduğu 20 filmi təqdim edirik: 

1. "Çəhrayı həyat" (fr. La Vie en rose)

Fransada "La Mome" adıyla satışa çıxarılmış Kanada-Fransa istehsalı olan və məşhur müğənni Edit Piafın həyatından bəhs edən bioqrafik filmin rejissoru Olivier Dahandır. Filmin adı Edit Piafın ləqəbindən götürülüb. Onu fransız aktrisa Marion Kotiyar canlandırıb. Birdən çox Oskar mükafatı qazanmış ilk fransız filmi olan "Çəhrayı həyat" beş nominasiyada da "Sezar" mükafatına layiq görülüb. Bundan başqa Marion Kotiyar ilk dəfə fransız dilli rola görə "Oskar" mükafatı qazanıb. O, eyni zamanda xarici dildə komediya və ya müzikl kateqoriyasında "Qızıl Qlobus" mükafatı əldə etmiş ilk fransız aktrisasıdır.

2. "Əsgər Ceyn" (G.I. Jane)

Riddli Skottun rejissorluq etdiyi bu dramatik döyüş filmi ilk dəfə 1997-ci ilin 22 avqustunda izləyicilərə təqdim olunub. Döyüş səhnələrinə çox yer verilsə də, filmin əsas məqsədi bir insanın nələrə qadir olduğunu, nələr bacara biləcəyini göstərməkdir. Stimula ehtiyacı olan xanımlar üçün bundan möhtəşəm film ola bilməz.
 

3. "Mona Lizanın təbəssümü" (Mona Lisa Smile) 

2003-cü ildə "Columbia Pictures"in təqdim etdiyi bu filmin rejissoru Mayk Neveldir. Baş rollarda Culiya Roberts, Kirsten Danst və Culiya Staylz yer alıb. "Mona Lizanın təbəssümü" bir çox izləyicilər tərəfindən "feminist filmi" adlandırılsa da, əslində, qadın qüdrətindən bəhs edən adi motivasiya filmidir. 

4. "Milyon dollarlıq gözəlçə" (Million Dollar Baby) 

Klint İstvudun rejissorluğu ilə çəkilmiş bu film "Oskar" mükafatına layiq görülüb. Əsas qəhrəmanları Morqan Friman, Klint İstvud və Hillari Svenk olan film 2005-ci ildə ictimaiyyətə təqdim olunub. Frenki Dan öz şagirdlərinə rinqdə qalib gəlməyi, necə döyüşmək lazım olduğunu öyrədir. Lakin bunlarla yanaşı Frenki onlara mənəvi dərslər keçir, yaşamağın qaydalarını başa salır. Hər qadının baxmalı olduğu filmlər arasında yer alan "Milyon dollarlıq gözəlçə" artıq milyonlarla qadının ən sevimli filminə çevrilib. 

5. "Şeytan Prada geyinir" (The Devil Wears Prada) 

Loren Veizberqin eyniadlı romanı əsasında çəkilmiş film 2006-cı ildə "Oskar" mükafatına namizəd göstərilmişdi. Devid Frankelin rejissorluq etdiyi bu filmin baş rollarında Anna Hedevey, Emili Blant, Stenley Tucci, Tresi Tomz yer alıb. Sadə bir qızın həyatındakı çətinliklərdən və onun karyerasından bəhs edən bu filmdə Emili Blant oynadığı rola görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. 

6. "İnqilab yolu" (Revolutionary Road)

Riçard Yatesin 1961-ci ildə qələmə aldığı eyniadlı roman əsasında çəkilən bu film 2008-ci ildə ekranlaşdırılıb. Keti Vinslet və Leanardo Di Kaprio "Titanik" filmindən sonra ilk dəfə bu filmdə yenidən tərəf müqabili olublar. Film İkinci Dünya müharibəsindən sonra yaranmış cəmiyyətin yaşam tərzindən, çətinliklərindən və ailə münasibətlərindən bəhs edir.

7. "Kraliça" (The Queen)

"Kraliça" - kinorejissor Stiven Frirzin 2006-cı ildə çəkdiyi bioqrafik filmdir. Filmdə rol alan aktrisa Helen Mirren "Ən yaxşı qadın rolu" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb. "Kraliça" filmi həmçinin "Ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olub. Ümumilikdə, 58 mükafatla təltif olunmuş filmin şüarı - "Xalqın kraliçası, ürəklərin kraliçası"dır. 

8. "Erin Brokoviç" (Erin Brockovich)

"Erin Brokoviç" - rejissor Stiven Soderberqin ekranlaşdırdığı avtobioqrafik filmdir. Məşhur hüquq müdafiəçisi Erinin həyatından bəhs edən bu filmdəki roluna görə Culiya Roberts "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb. 

9. "Frida" (Frida)

Salma Hayekin baş rolda oynadığı Meksika rəssamı Frida Kalonun həyatından bəhs edən bu film 2002-ci ildə iki "Oskar" mükafatı qazanıb.

Səkkiz yaşında Frida ağır avtomobil qəzası keçirir. Qəzadan aldığı travmalar ona həyatının sonuna kimi əziyyət verir. Xəstəxanada onun müalicəsinin ilkin mərhələsi animasiya kimi göstərilir. Atası ağrılarının azalması üçün Fridaya şəkil çəkmək üçün kətan gətirir. O, ayağa qalxa bilmədiyi üçün xəstəxana yatağında uzanaraq şəkillər çəkir. Bu filmdə həmçinin Fridanın əri Dieqo Rivera ilə əlaqələri göstərilir, onun başqa qadınlarla xəyanəti Fridada ərinə qarşı qəzəb hissi yaradır.
 

10. "Ye, dua et, sev" (Eat Pray Love)

2010-cu ildə ekranlaşdırılmış baş rolda Culiya Robertsin yer aldığı bu film tez bir zamanda müxtəlif ölkələrdə, müxtəlif həyat tərzi sürən xanımların ən sevimli filminə çevrildi. 

11. "Qızıl Əsr" (Golden Age)

Yelizavetanın həyat və fəaliyyətindən bəhs edən bu filmdə o, təkcə tarixi şəxsiyyət kimi deyil, həmçinin bir qadın kimi də göstərilib. Film aktyorların məxsusi kostyumları və möhtəşəm ssenarisinə görə milyonlarla insanın sevimlisinə çevrilib. 

12. "Ürək olan yerdə" (Where the Heart Is)

Billi Letsin romanı motivləri əsasında çəkilən və 17 yaşlı hamilə qızın həyatından bəhs edən filmdə hadisələr Kaliforniya ştatında cərəyan edir. Bir gün mağazanın ortasında sevgilisi onu tərk edir. Qızcığaz mağazada gizlənib uşağını dünyaya gətirəcəyi günü gözləyir. Amerikus adlı körpənin dünyaya göz açacağı günə qədər azyaşlı ana mağazada yaşayır. 

13. "Janna Dark" (Joan of Arc)

"Janna Dark" - Fransanın milli qəhrəmanı haqqında çəkilmiş filmdir. Yüzillik müharibə dövründə fransız xalqının ingilislərə qarşı azadlıq mübarizəsində iştirak etmiş və "mübarizlik" simvoluna çevrilmiş qadından bəhs edən bu film tarixi faktları özündə əks etdirir.

14. "Başı buludlarda" (Head in the Clouds)

Dram janrında olan bu film ABŞ və Kanadanın birgə məhsuludur. İlk dəfə 2004-cü il 17 sentyabr tarixində izləyicilərə təqdim olunub.

Film XX əsrdə İngiltərədə, İspaniyada və Fransanın Paris şəhərində baş verən hadisələri özündə əks etdirir. Baş rollarda Şarliz Teron və Stuart Taunsend yer alıb. 

15. "Elegiya" (Elegy)

"Elegiya" filmi rejissor İzabel Koyşetin melodramasıdır. Filmin süjeti Filip Rotun "Ölən canlılar" əsəri əsasında çəkilib. Hadisələr Nyu Yorkda cərəyan etsə də, çəkilişlər Vankuverdə baş tutub.

Baş qəhrəman Devid Kepeşi aktyor Ben Kinzli canlandırır. O, filmdə cavan yazıçı rolunu ifa edir. 

16. "Ameli" (Amelie)

Odri Totunun baş rolu oynadığı bu film rejissor Jan Pyerin rəhbərliyi ilə çəkilib. Fransa istehsalı olan film romantik komediya janrındadır. Montmartda cərəyan edən hadisələr fonunda çəkilən "Ameli"nin süjeti Paris həyatına idealistik yanaşma üzərində qurulub.

Film 2001-ci il aprel ayında Fransada, Belçikada nümayiş olunandan sonra tez bir zamanda dünya şöhrəti qazanıb. 

17. "Merlinlə keçirdiyim bir həftə" (My Week with Marilyn)

Mişel Uilyamsın canlandırdığı Merlin Monro obrazı uzun müddət bütün dünyada müzakirə mövzusuna çevrildi. Dramatik janrda çəkilən bu filmin rejissoru britaniyalı Saymon Ketrisdir. Ssenarisini Edrian Xodjes yazdığı filmin premyerası 2011-ci il 4 noyabr tarixində baş tutub. 

18. "Dəmir ledi" (The Iron Lady)

Film 2011-ci ildə Britaniyada çəkilib. Avtobioqrafik məzmunlu bu "Dəmir ledi" Britaniyanın ən uzunmüddətli Baş Naziri olaraq tarixə düşmüş Marqaret Tetçerin həyatından bəhs edir. Filmin rejissoru Flida Loydur. "Dəmir ledi" obrazını isə aktrisa Meril Strip oynayıb. 

19. "Evita" (Evita)

Məşhur aktrisa və Argentina prezidentinin ikinci xanımı olan Yeva Peronun həyatından bəhs edən film 1996-cı ilin dekabr ayında izləyicilərə təqdim olunub. Alan Perkerin rejissorluq etdiyi bu filmdə baş obrazı məşhur müğənni Madonna canlandırıb. 

20. "Giya" (Gia)

"Giya" - maniken Giya Mari Karancinin həyatından bəhs edən avtobioqrafik dramdır. Bu filmdə canlandırdığı baş qəhrəman roluna görə, məşhur aktrisa Ancelina Coli "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.