Maraqlı

Mixail Kalaşnikov - Şöhrətdən tövbəyə aparan yol

31 Yanvar 2014 22:54
1 Şərh     Baxış: 7 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Əslində onda anadangəlmə bir ixtiraçılıq istedadı vardı və bunu hələ II Dünya müharibəsindən əvvəl də bir neçə dəfə nümayiş etdirmişdi. 

Lakin yeni avtomatı kəşf edəndə hələ bilmirdi ki, bununla da adını silah texnologiyasının məşhur ixtiraçıları sırasına yazdıracaq və insanlara ölüm gətirəcək soyadı heç vaxt dillərdən düşməyəcək. Bu silahı kəşf etdiyi ilk dövrlərdə özünü dünyanın ən xoşbəxt adamı, əsl sovet vətənpərvəri hesab edir və bundan böyük qürur duyurdu. Amma o vaxt hələ bilmirdi ki, bir vaxtlar gələcək belə bir silahı kəşf etdiyi üçün özünü lənətləyəcək və tövbə üçün Rusiya patriarxına məktub yazmalı olacaq. 

Onun adını tam bilməsələr də, soyadını dünyada tanımayan yoxdur və hətta Afrikanın cəngəlliklərində yaşayanlar belə bir vaxtlar onun ən böyük kəşfi olan silahını həvəslə alır, onunla silahlanmağa üstünlük verirdilər. Əslində o, bu silahı kəşf edərkən qısa müddətdə dünyanın ən məşhur ixtiraçılarından birinə çevriləcəyini də bilmirdi. Ona işlədiyi hərbi zavod rəhbərliyi tərəfindən yuxarıdan gələn əmri çatdırmışdılar: Necə olur olsun, kapitalistlərin avtomat silahlarından üstün olan silah yaradılsın və ordunun bu silahla təchiz edilməsinə başladılsın. Amma tapşırıq necə yerinə yetirilməli idi, bunu nə hərbi zavodun rəhbərliyi, nə də bu sadə insan bilmirdi. Amma o, müəyyən təcrübəyə malk idi və qısa müddətdə ona dünya şöhrəti gətirəcək avtomatı (AK) ixtira edərək özünü zirvəyə aparacaq yolun əsasını qoydu. Əslində onda anadangəlmə bir ixtiraçılıq istedadı vardı və bunu hələ II Dünya müharibəsindən əvvəl də bir neçə dəfə nümayiş etdirmişdi. Lakin yeni avtomatı kəşf edəndə hələ bilmirdi ki, bununla da adını silah texnologiyasının məşhur ixtiraçıları sırasına yazdıracaq və insanlara ölüm gətirəcək soyadı heç vaxt dillərdən düşməyəcək. Bu silahı kəşf etdiyi ilk dövrlərdə özünü dünyanın ən xoşbəxt adamı, əsl sovet vətənpərvəri hesab edir və bundan böyük qürur duyurdu. Çünki adı ən yüksək səviyyəli məclislərdə çəkilir, onu tərifləyir, alqışlayırdılar. SSRİ-nin ən yüksək mükafatlarını almış, milyonların sevimlisinə çevrilmişdi. Adi hesab etdiyi bu silahın kəşfi nəticəsində Lenin və Stalin mükafatı laeuratı almış, üç dəfə SSRİ Ali Sovetinin deputatı seçilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, bir dəfə də Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülmüş, general-leytenant rütbəsinə qədər ucalmış, dissertasiya müdafiə edərək, texniki elmlər doktoru olmuşdu. O, sağlığında ikən iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən yeganə məşhur şəxsiyyət idi. Bir sözlə SSRİ-nin ən məşhur mükafatlarının sahibi olmuşdu və ona hər yerdə həsəd aparırdılar. Zarafat deyildi, bu qədər mükafata və fəxri adlara SSRİ-də barmaqla sayılacaq qədər adam layiq görülmüşdü və onlardan biri də məhz o idi.

Amma o vaxt hələ bilmirdi ki, bir vaxtlar gələcək belə bir silahı kəşf etdiyi üçün özünü lənətləyəcək və tövbə üçün Rusiya patriarxına məktub yazmalı olacaq. Ömrünün son illərində insanlara ölüm gətirən belə bir silah kəşf etdiyi üçün vicdan əzabı çəkməyə başlamış və çıxış yolunu tövbə etməkdə görməyə başlamışdı. Amma artıq gec olduğunu da anlayırdı və keçmişi qaytarmağın mümkün olmadığını bilərək bundan üzülürdü. Ona görə də yaxınlarına əzablar içində qovrulduğunu: "Bu dünyada insanlara ölüm gətirən bir silahı ixtira edən ən günahkar insan kimi Allahın hüzuruna gedəcəyimi düşünəndə məni dəhşət götürür. Mən bağışlanması mümkün olmayan bir iş görümüşəm",-demişdi.

Ona görə də, ömrünün son illərini tövbə etməklə keçirir və bununla təsəlli tapmağa çalışırdı. Bu məşhur insan bu gündə dünyanın ən məşhur avtomat silahlarından biri olan Kalaşnikov avtomatını ixtira edən Mixail Kalaşnikov idi.

Altaydan başlanan yol

Mixail Timofeyeviç Kalaşnikov 1919-cu il noyabr ayının 19-da Altay quberniyasının (indiki Altay Respublikası) Kurya kəndində çox uşaqlı kəndli ailəsində anadan olmuşdu. Onun atası ruslaşmış qıpçak türkü-kazak Timofey Kalaşnık ( alaş-küləş, kuleş-kalaş, qaloş-kalaş) əslən Xarkov quberniyasının ( indiki Sumsk vilayəti) Axtır ( Axtar) qəzasının Slavqorod kəndindən idi. O 1912-ci ildə ailəsi ilə birlikdə Altaya köçmüşdü. Qeyd edək ki, Altayın Rusiya tərəfindən işğal edilməsindən sonra rus keşişləri buradakı yerli türkləri zorla xaç suyuna salmış, onların ad və soyadlarını dəyişdirirək ruslaşdırmışdılar. Amma bu hadisənin üstündən 150 ilə yaxın vaxt keçməsinə baxmayaraq, burada yaşayan əhali türklərə xas olan adət-ənənələrini, şamanizm ruhunu və genetik sifət quruluşunu saxlaya bilmişdi. Mixail ailədə 17-ci uşaq idi və digər qardaş - bacılarından qeyri-adi heç nəyi ilə seçilmirdi. Ailə öz əlinin zəhməti ilə dolanırdı və Mixailin atası olduqca zəmətkeş bir adam idi. Ona görə də, qısa müddətdə təsərrüfatını genişləndirərək kənddə ən varlı adamlardan birinə çevrilmişdi. Bu isə sovet rejimini razı sala bilməzdi. Onlar kənddə əlinin zəhməti ilə varlanan adamları bolşevik rejimi üçün real təhlükə mənbəyi hesab edirdilər. Ona görə də, 1930-cu ildə Mixailin atasını və onunla birlikdə ailəsini qolçomaq kimi Tomsk vilayətinin Aşağı Moxovaya (indiki Bakçar rayonunun Parbiq kəndi) qəsəbəsinə sürgün etdilər. Buradakı məktəbdə oxuduğu illərdə Mixail fizika, riyaziyyat, coğrafiya və ədəbiyyatla maraqlanırdı. Xüsusi ilə, texnikaya maraq göstərir, onların işləmə mexanizmini öyrənməyə çalışırdı.

Qəsəbədə 7-ci sinfi bitirəndən sonra Mixailin ailəsinin icazəsi ilə doğma vətənə qayıtdı. Lakin yaşı az olduğu üçün burada işə düzələ bilmədi. Ona görə də, yenidən valideynlərinin yanına qayıdaraq doğum haqqında yeni sənəd aldı. Bu sənəddə onun yaşı iki il çox göstərilmişdi. Bundan sonra yenidən Kurya kəndinə qayıdan Mixail burada ilk dəfə odlu silahla, "Brauninq"lə (tapança) və onun işləmə prinsipləri yaxından tanış oldu. 1937-ci ildə isə doğma kəndini tərk edərək Türküstan Sibir dəmiryolunun Matay stansiyasında (Qazaxıstan) işə düzəldi. Burada o, boş vaxt tapan kimi texniki emalataxnaya gedir, qatarların işləmə mexanizmini öyrənirdi.

Orduda ilk kəşfi

1938-ci ildə Mixaili hərbi xidmətə çağıraraq Qırmızı ordunun Kiyev Xüsusi Hərbi dairəsinə göndərirlər. Burada Mixail tank sürücü-mexaniki peşəsinə yiyələnərək 12-ci tank diviziyasında xidmət etməyə başlayır. Texnikaya olan həvəsi onu istifadə etdiyi silahı bir daha nəzərdən keçirməyə məcbur edir və bu əsasda da "TT" tapançasına atma effektini yaxşılaşdıran dəyişikliklər edir. Eyni zamanda o, tankdan atılan atəşləri hesablayan hesablama və motor ehtiyatlarını qeydə alan cihazları hazırlayır. Bu cihazların istehsalı məqsədəuyğun hesab edilir. Gənc ixtiraçı tankçı barədə məlumatı eşidən Kiyev Xüsusi Hərbi Dairəsinin komandanı ordu generalı Gerogi Jukov Mixaili yanına çağıraraq onunla şəxsən tanış olur və biliyini təkmilləşdirmək üçün onu Kiyev Texniki Tank Məktəbinə oxumağa göndərir. O, özünün bu kəşflərini burada uğurla sınaqdan çıxarır. Mixailin yeni silahının istehsalı isə Voroşilov adına Leninqrad hərbi zavoduna tapşırılır. Bundan sonra onu yenidən xidmət etdiyi hərbi hissəyə göndərirlər. Almaniya SSRİ-yə hücum edərkən kiçik serjant rütbəsi ilə tank komandiri kimi Bryanskda xidmət edirdi. 1941-ci ilin avqust ayında Mixail almanlarla döyüşdə ağır yaralanır və onu müalicə üçün hərbi hospitala göndərirlər. Hərbi hospitalda müalicə olunduğu vaxt yeni avtomat silah yaratmaq fikrinə düşür və bu məqsədlə də yeni silahın layihəsini hazırlayır. Müalicə olunduqdan sonra hərbi xidmətə uzun müddət yararlı ola bilməyəcəyini nəzərə alaraq ona 6 aylıq məzuniyyət verirlər. Mataya- keçmiş iş yerinə qayıdan Mixail dəmiryolu emalatxanasındakı dostlarının yardımı ilə pistolet (tapança)-pulemyot hazırlayır və onu sınaqdan çıxarır. Onun bu ixtirası ilə yaxından maraqlanaraq bəzi çatışmazlıqlarını aradan qaldırırlar. Sonra isə Alma-Atada "PP- "Kalaşnikov" adı altında ilk nümunələrinin istehsalını təşkil edirlər. Yeni silah Baş Artilleriya İdarəsi tərəfindən bəyənilsə də, onun kütləvi istehsalı məqsədəuyğun hesab edilmir. Buna səbəb kimi onun istehsalının çox vaxt aparması və daha mürəkkəb sistemə malik olması ilə izah edilir. Halbuki pistolet( tapança)-pulemyot yüksək atəş qabiliyyətinə malik idi.

Şöhrət gətirən kəşf

İlk kəşfinin tam şəkildə bəyənilməməsinə baxmayaraq, Mixail Kalaşnikov ruhdan düşmür və axtarışlarını davam etdirirdi. 1942-ci ildə Kalaşnikovu Atıcı silahların hazırlanması üzrə Elmi-Tədqiqat Mərkəzinə işləməyə göndərirlər. 1944-cü ildə Mixail Kalaşnikov avtomatik atəş açma sisteminə malik olan Karabin hazırlayır. Amma onun bu kəşfinə də soyuq yanaşılır. Ona görə də, Kalaşnikov bütün qüvvəsini yeni avtomat silahın hazırlanmasına yönəldir. Onun hazırladığı avtomatın layihəsi və onun əsasında hazırlanan ilk nümunələr yeni avtomat silahın hazırlanması üzrə keçirilən müsabiqədə birinci yeri tutur. Avtomatın dərhal kütləvi şəkildə istehsalı barədə qərar qəbul edilir. Bu məqsədlə Mixail Kalaşnikovu Baş Artilleriya marşalı N. N. Voronovun əmri ilə İjevsk motozavoduna ezam edirlər. O, burada yeni silahın istehsalında yaxından iştirak edir. 1949-cu ilin may ayının 20-də 1500 ədəd "AK" (Avtomat Kalaşnikov- Kalaşnikov avtomatı) istehsal edilir. Yeni avtomat uğurla sınaqdan çıxarılır və Stalinin birbaşa əmri ilə onun kütləvi istehsalına başlanır. Yeni silahın kəşfi Kalaşnikova böyük şöhrət gətirir. O, Stalin mükafatına layiq görülərək qızıl Ulduz ordeni ilə təltif edilir.

Kalaşnikov ona dünya şöhrəti gətirən çoxsaylı ixtiraların müəllifi olmasına və SSRİ-nin ən ali mükafatlarına layiq görülməsinə general-leytenanat olmasına belə baxmayaraq, kasıb yaşayıb. Lakin o, lifti olmayan binanın üçüncü mərtəbəsində, ətrafındakı adi adamlar kimi yaşayırdı. Halbuki xaricdə yaşasaydı, yalnız avtomatı kəşf etdiyinə görə, milyonlar sahibi olar, dünanın ən varlı adamlarından birinə çevrilərdi. 

Üstündən illər ötəndən sonra, 2009-cu ildə Kalaşnikov "Metro Moskva" qəzetinə verdiyi müsahibəsində hazırladığı avtomat haqqında belə demişdi: " Mən əsgər olmuşam və əsgərin silahdan istifadə edərkən hansı çətinlikləri keçirdiyinə yaxşı bələd idim. Ona görə də, elə silah istehsal etməli idim ki, onu istənilən şəraitdə işlətmək asan olsun. Ona görə də suda, bataqlıqda, ən pis hava şəraitində belə işləyə bilən avtomat hazırladım. Bununla da on minlərlə əsgərin işini yüngülləşdirmiş oldum".

Onu da deyək ki, Atıcı Silahlar üzrə Elmi Tədqiqat Mərkəzində işləyərkən Mixail özünün gələcək həyat yoldaşı, layihə işləri üzrə mütəxəssis Yekaterina Moiseyeva ilə tanış oldu və onlar ailə həyatı qurdular. Bu, onun həyatında ikinci evlilik idi. Belə ki, Mixail birinci dəfə hələ Matay dəmiryolu stansiyasında işləyərkən Yekaterina Danilovna Astaxova ilə evlənmişdi. Astaxovadan onun Viktor adlı oğlu olub. Viktorun isə Mixail və Aleksandr adlı iki oğlu var. Kalaşnikovun ikinci evliliyindən bir qızı və bir nəvəsi var. 

"AK" təkmilləşdirilir

Mixail Kalaşnikov sonrakı illərdə bu avtomatı təkmilləşdirməkdə davam etdi. Nəticədə ötən əsrin 50-ci illərinin ortalarında "AK" avtomatının çəkisi azaldı və onu gəzdirmək daha rahat oldu. Eyni zamanda Kalaşnikov avtomata gecə hədəfi asanlıqla müəyyən etməyə imkan verən gecəgörmə cihazı birləşdirdi. Bunun ardınca da o, bu silahı təkmilləşdirməkdə, hər dəfə ona yeni elementlər əlavə etməkdə davam edirdi. Bu da öz növbəsində "AK"-nin müxtəlif modellərinin, o cümlədən "AKM", "AKMS", "AKMSU", "AKMN", "AKMSN"-lərin seriya ilə istehsalına imkan verdi. Ölümündən əvvəl isə "AK-12" modelini hazırladı. Son model avtomat silahlar ən müasir silahlar hesab edilirlər. Onlardan istifadə etmək olduqca asandır və eyni zamanda o, avtomatik səsboğucu ilə təchiz olunub. Bu da gizli əməliyyatları olduqca yüksək səviyyədə keçirməyə imkan verir. Burada bir məsələni də qeyd etməyə bilmirik. Kalaşnikovun hazırladığı avtomatlarda ağırlıq mərkəzi dəyişən, yəni canlıya dəydikdə bədən boyu hərəkət edən güllələrdən istifadə edilir. Bu isə canlının harasından güllə dəyməsindən asılı olmayaraq onun ölümdən qaça bilməməsi deməkdir. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıda dinc əhaliyə məhz bu güllələrlə atəş açmış və bu da əhali arasında böyük tələfata gətirib çıxarmışdı.

Kalaşnikov yalnız "AK"-ları təkmilləşdirməklə məşğul olmamış, eyni zamanda yeni növ pulemyotlar hazırlanmasına da öz töhfəsini vermişdi. 1955-1957-ci illərdə o, "Kalaşnikov əl pulemyotunu" ("RPK") haırladı. Bu pulemyot da, gecəgörmə cihazı ilə təchiz edilmişdi. Sonra o, bu pulemyotun təkmilləşdirilmiş modellərini hazırladı və onların seriya istehsalına başlanıldı. Kalaşnikov öz avtomatının tank variantını da, Kalaşnikov pulemyotunu ( "PK", "PKS" , "PKM", "PKMS" , "PKT", "PKMT) hazırladı. Bu silahdan tankda asanlıqla istifadə etmək və düşmənə daha çox itki vermək mümkün olurdu. Kalaşnikov həmçinin zirehli maşınlarda olduqca yüksək səviyyədə istifadə edilən "PKB"( 7,62mm) avtomat-pulemyotunu da hazırladı. Bu pulemyotlar indinin özündə belə yüksək atıcılıq qabiliyyəti və hədəfləri dəqiqliklə məhv etmək baxımından ən əvəzsiz silahlar hesab edilir. 

Kalaşnikov avtomatı, İkra və kukla...

Kalaşnikov snayper silahlarının hazırlanmasına da öz töhfəsini verib. O, həmçinin ov tüfənglərinin hazırlanması ilə də məşğul olub. İxtiraçı Kalaşnikov avtomatlarının iş mexanizmi əsasında avtomatik atəş açma qabiliyyətinə malik olan karabinlər hazırlayıb. 1992-ci ildə Kalaşnikovun layihəsi əsasında optik nişangahla (7,62mm) təchiz edilən "Sayqa" ov avtomat-karabinini hazırladı. Sonrakı illərdə isə bu silahın daha təkmilləşdirilmiş modelləri olan "Sayqa 5,6", "Sayqa 5,6 S" avtomat karabinlərinin seriya istehsalı qaydaya salındı. Amma avtomat silahların yeni modellərinin hazırlanması üzərində işləməsi səhhətində ağır izlər buraxdı. Belə ki, Kalaşnikov yeni silahların sınaqdan çıxarılması zamanı kar oldu və ən müasir üsullarla belə onu müalicə etmək mümkün olmadı. 1971-ci ildə elmi tədqiqatlarına və ixtiralarına görə Kalaşnikova texniki elmlər doktoru elmi dərəcəsi verdilər. Halbuki, o cəmisi 7-ci sinifi bitirmişdi, ali təhsili belə yox idi. Buna baxmayaraq, hələ sağ ikən dünyanın 16 akademiyasının akademiki fəxri adına layiq görülmüşdü. Bu da təsadüfi deyildi. Kalaşnikov beynəlxalq aləmdə tanınan 35 ixtiranın müəllifi idi. Kalaşnikovun "AK" ( Kalaşnikov avtomatı) avtomat silahı ilə Rusiyanı bütün dünayaya tanıtdığına diqqəti cəlb edən Nikas Safonov 2011-ci ildə "Novıy vzqlyad" ("Yeni baxış")həftəliyində yazırdı: " Dünyada Rusiyanı rus arağına, Matryoşka kuklalarına, ikra və Kalaşnikov avtomatına görə tanıyırlar".

Safonov haqlı idi. Belə ki, bəzi Afrika ölkələrində, o cümlədən Mozambik, Həbəşistan, və Somalidə əhali yeni anadan olan oğlan uşaqlarını Kalaşnikov avtomatının adı ilə Kalaş adlandırırlar. Guya bu ad sehirli qüvvəyə malikdir. Bundan əlavə Mozambikin, Zimbabvenin və Şərqi Timorun gerblərində, həmçinin Mozambikin dövlət bayrağında Kalaşnikov avtomatı əks edilib. 

Kasıb ixtiraçı

Kalaşnikov ona dünya şöhrəti gətirən çoxsaylı ixtiraların müəllifi olmasına və SSRİ-nin ən ali mükafatlarına layiq görülməsinə general-leytenanat olmasına belə baxmayaraq, kasıb yaşayıb. Lakin o, lifti olmayan binanın üçüncü mərtəbəsində, ətrafındakı adi adamlar kimi yaşayırdı. Halbuki xaricdə yaşasaydı, yalnız avtomatı kəşf etdiyinə görə, milyonlar sahibi olar, dünanın ən varlı adamlarından birinə çevrilərdi. O isə ona ümumdünya şöhrəti gətirən 35 ixtiranın müəllifi idi. Bir dəfə Kalaşnikova əməyinin yaxşı qiymətləndirilmədiyini xatırladaraq, kasıb yaşamasından peşman olub- olmamasını soruşmuşdular. Kalaşnikov isə onlara cavabında: "Hər şeyi pulla ölçmək düz deyil. Mənə deyəndə ki, sizin hazırladığınız silah məni ölümdən xilas etdi, bu, kifayət edir. Bu sözləri əməyimə verilən ən böyük qiymət hesab edirəm. Milyonlar mənim nəyimə lazımdır? Mən elə-belə də yaxşı yaşayıram",-demişdi.

Halbuki o, heç də yaxşı yaşamırdı və qoca vaxtı üçüncü mərtəbəyə zorla çıxıb düşürdü. Belə bir həyat sonda onun sağlamlığında ağır izlər buraxmağa başladı. 

Tövbə məktubu və vicdan əzabı

2012-ci ildə onun səhhəti pisləşdi və bir müddət xəstəxanada yatdı. 2013-cü ilin yayında yenidən ağır xəstələnən Kalaşnikovu xüsusi təyyarə ilə Moskvaya gətirdilər və onu ağciyər arteriyasının tutulmasından müalicə etdilər. Müalicə başa çatdıqdan sonra sentyabr ayında Kalaşnikovu yaşadığı İjevsk şəhərinə evinə göndərdilər. Amma həmin ilin noyabr ayında ixtiraçının səhhəti yenidən pisləşdi. Bu dəfə Kalaşnikovu Udmurtiya Klinik Diaqnostika Mərkəzində müalicə etdilər. Həkimlər onun ağciyərində əməliyyat keçirdilər. Amma Kalaşnikovun vəziyyəti ağır olaraq qalmaqda davam edirdi. Artıq sağalmaqdan əlini üzən Kalaşnikov yataqda ikən yeni silahı kəşf etməklə nə qədər böyük günah işlədiyini başa düşdü. O tövbə etmək fikrinə düşərək, Moskva və bütün Rusiya patriarxı Kirillə məktubla müraciət etdi. Məktubda o həyatını vətənin müdafiə qabiliyyətinin artırılmasına həsr etdiyini və bu müstəvidə də dünyada tayı-bərabəri olmayan silah yaratdığını, bir vaxt buna görə fəxr etdiyini, ancaq indi peşman olduğunu xüsusi vurğulayırdı. Kalaşnikov patriarxa məktubunda bu ifadələri işlətmişdi: "Ürəyimdə dözülməz bir ağrı var və vicdanım məni rahat buraxmır. Məni bu sual daim narahat edir. Mən, 93 yaşlı kəndçi oğlu, xristian dininin pravoslav məzhəbinə qulluq edən Kalaşnikov ixtira etdiyim silahla düşmən olsa belə, insanların ölümünə səbəb olmuşam. Bu fikir məni rahat buraxmır və mən Allah qarşısında ixtira etdiyim silahla şeytan günahı işlətdiyimə görə peşmanam. " Kalaşnikov məktubunda silah ixtiralarına görə tövbə edir və bu işə görə patriarxdan günahlarının bağışlanması üçün Allaha dua etməsini xahiş edirdi.

Patriarxa yazdığı tövbə məktubundan 15-20 gün sonra, 2013-cü il dekabr ayının 23-də Kalaşnikov vəfat etdi. Bu ağır itki ilə əlaqədar 2013-cü il dekabr ayının 26-27-si Udmurtiyada ümumilli matəm günü elan edildi. Dekabrın 27-də isə Mixail Kalaşnikov dövlət xadimlərinə xas olan bir şəkildə ən yüksək səviyyədə dəfn edildi. İxtiraçının dəfnində Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla ölkəni idarə edən bütün yüksək səviyyəli dövlət rəsmiləri də iştirak etdilər.

Kalaşnikov hər halda ixtiraçı idi və bununla bağlı bəzi işlər görmüşdü. Amma o da aydındır ki, sovet ideologiyası onun simasında süni şəkildə böyük vətənpərvər obrazı formalaşdırmışdı. Bundan məqsəd guya sovet adamının qeyri-adi istedada, bacarığa malik olması, sosializmin kapitalizmdən üstünlüyü barədə rəy formalaşdırmaq idi. Kalaşnikov hələ sağ ikən ona dünya şöhrəti gətirən avtomatın onun tərəfindən deyil, əsir alınan alman ixtiraçı Şmayser tərəfindən hazırlandığı barədə Rusiya mətbuatında kifayət qədər məlumatlar gedib. Nə qədər qəribə olsa da, Kalaşnikov bu yazılara reaksiya vermirdi. Halbuki həmin yazılarda onun haqqı tapdalanırdı. Ola bilsin ki, o həqiqəti etiraf etməyə, bu silahın özünün olmadığını söyləməyə qorxurdu. Çünki bunu yuxarı orqanlar ona bağışlamayacaqdılar... Ona görə də, Kalaşnikov ixtira etdiyi avtomatın əsl sahibinin kim olması barədə sirri özü ilə o dünyaya apardı. Amma dünya şöhrətli bu avtomatı ixtira edənin Şmayser, yox Kalaşnikov olması barədə mübahisələr davam edir...

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.