Maraqlı

100 yaşını keçən xalqın sirri: Hunza pəhrizi nədir?

21 İyul 2025 11:30
Baxış: 1 187
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son illərdə sosial mediada geniş maraq doğuran Hunza pəhrizi, Himalay dağlarının ətəyində, Pakistanın şimalında, 2500-3000 metr yüksəklikdə yerləşən və uzunömürlülüyü ilə tanınan Hunza xalqının qidalanma və həyat tərzinə əsaslanır. Bu modelin əsasında sadəlik, təbiilik və balanslı yaşam fəlsəfəsi dayanır.

Milli.Az xəbər verir ki, türk dietoloq Gülçin İşığın sözlərinə görə, Hunzaların əsas qida rasionunu tərəvəzlər, meyvələr, paxlalılar və tam taxıllar təşkil edir. Ət məhsulları yalnız xüsusi günlərdə və çox az miqdarda istehlak olunur. Süd məhsullarına da gündəlik rasionda nadir hallarda rast gəlinir. Ümumi qida paylanması təxminən belədir:

40% - tam taxıllar,

30% - tərəvəzlər,

15% - ərik, tut və üzüm kimi yerli meyvələr.

Hunza xalqı üçün ərik təkcə meyvə deyil, həm də sağlamlıq simvoludur. Onlar ərik çəyirdəyindən alınan yağı yeməklərində istifadə edir, bu yağ isə E vitamini və oleik turşusu baxımından zəngindir və güclü antioksidant təsirə malikdir. Hunzalar heyvansal, katı yağlardan istifadə etmir, yeməklərini əsasən təbii ədviyyatlarla dadlandırırlar.

Evdə hazırlanmış qatıq, fermentləşdirilmiş tərəvəzlər və təbii mayalı çörəklər Hunza mətbəxinin ayrılmaz hissəsidir. Bu məhsullar bağırsaq mikroflorasını gücləndirir, immun sistemini dəstəkləyir və ümumi sağlamlığa müsbət təsir göstərir.

Hunza xalqının maraqlı qidalanma prinsiplərindən biri də gündə iki dəfə yemək rejimidir ki, bu da müasir dövrdə geniş yayılan fasiləli oruc (intermittent fasting) modelinə bənzəyir. Bu vərdiş qanda insulin səviyyəsini sabit saxlamağa və iltihab riskini azaltmağa kömək edir.

Onların qida siyahısında ağ un, rafinə şəkər, qablaşdırılmış məhsullar, trans yağlar və kimyəvi qatqılar yer almır. Bu amillər də Hunzalar arasında artıq çəki və maddələr mübadiləsi pozuntularının qarşısını alan əsas səbəblərdən biri hesab olunur.

Hunza xalqı gündəlik olaraq "glacial" adlanan buzlaq sularını içir. Bu təbii su minerallarla zəngin olduğuna görə bədənin su-duz balansını qoruyur. Eyni zamanda, onların dağlıq və kənd həyat tərzi gün ərzində davamlı fiziki aktivliklə müşayiət olunur.

Dietoloq Gülçin İşık Hunza modelini "bir pəhrizdən daha çox, bir həyat fəlsəfəsi" adlandırır. Onun fikrincə, bu model sadəlik, təbiətə uyğunluq və sağlamlığa hörmət prinsipləri üzərində qurulub. Hərçənd Hunzaların izolyasiya olunmuş mühitdə yaşama şərtlərini tam təkrarlamaq mümkün deyil, bəzi vərdişlərini gündəlik həyata tətbiq etmək faydalı ola bilər. Mütəxəssislər bu məqsədlə aşağıdakı tövsiyələri verir:

Yeməklərin əsas hissəsini tərəvəzlər təşkil etsin,
Ət yerinə həftədə bir neçə dəfə paxlalılara üstünlük verilsin,
Fermentləşdirilmiş qidalar gündəlik rasiona daxil edilsin,
Ərik və digər mövsümi yerli meyvələr təzə və ya quru halda istifadə olunsun,
Qida qəbulunda fasilələr yaradaraq aralıklı oruc sınansın,
Emal olunmuş və şəkərli məhsullardan uzaq durulsun.

Nəticə olaraq, Hunza xalqının uzunömürlülüyü tam elmi araşdırmalarla sübutlanmasa da, onların təbiətə yaxın, minimalizmi əsas alan həyat tərzi müasir insan üçün ilhamverici nümunədir. Bu model, daha balanslı və təbii qidalanmanın sağlam həyat üçün əhəmiyyətini bir daha xatırladır.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.