Siyasət

Brüssellə İrəvanın "strateji tərəfdaşlığı": Avropa İttifaqının yanlış və təhlükəli qərarı

6 Dekabr 2025 22:10
Baxış: 263

Avropa İttifaqı və Ermənistan diplomatiyanın təkcə sülh vasitəsi deyil, bəzən də yeni gərginliklərin mənbəyi ola biləcəyini bölgəyə bir daha "xatırlatmaq" qərarına gəliblər.

Dekabrın 2-də imzalanmış "Ermənistan-Aİ Strateji tərəfdaşlıq gündəliyi" adlı 64 səhifəlik sənəd əslində İrəvanın modernləşməsi üçün bir yol xəritəsi kimi nəzərdə tutulmuşdu. Amma sənədin məzmunu elə bir siyasi manifestə çevrilib ki, onun regiondakı kövrək təhlükəsizlik balansını sarsıtmaq riski var.

Kağız üzərində bu saziş klassik diplomatik prosedur kimi görünür: iqtisadi islahatlar, demokratik idarəçilik, sektoral əməkdaşlıq və s. Lakin bu "bürokratik" cümlələrin arxasında bölgədəki sülh reallıqlarına zidd gələn və postmünaqişə dövrünün mənzərəsini təhrif edən müddəalar gizlənir. Brüsseldə isə sanki bunu görməməzliyə vurublar.

Ən maraqlısı budur ki, Ermənistanla bağlı olan bu sənədin yarısından çoxu Azərbaycan ətrafında qurulub. Üstəlik, bu bölmələrdəki ritorika nə balanslıdır, nə də hüquqi əsaslara söykənir. Sanki Aİ dialoqu təşviq etmək əvəzinə, çoxdan köhnəlmiş, Xankəndidəki işğal rejimi ilə birlikdə tarixə qovuşmuş terminlərə qayıdır.

Sənədin ilk səhifələrindən etibarən "Dağlıq Qarabağda müharibədən sonrakı əməliyyatlar və ardınca erməni əhalinin köçürülməsi" kimi ifadələr işlədilir. Bu, sadəcə qeyri-dəqiq deyil - faktlara tamamilə ziddir. Bakı 2023-cü ilin sentyabrına qədərki dövrdə dəfələrlə açıq şəkildə sülh və reinteqrasiya təklifləri irəli sürüb, Xocalı və Yevlaxda erməni icması ilə görüşlər keçirib, qalmaq istəyənlər üçün elektron qeydiyyat portalı yaradıb, təhlükəsizlik təminatları verib. Gedənlərin qərarı isə təzyiq nəticəsində deyil, birbaşa siyasi motivasiyalarla - qanunsuz separatçı qurumun rəhbərlərinin çağırışları və İrəvandan aparılan təbliğat kampaniyaları nəticəsində formalaşdı. Məqsəd aydın idi: bu proses sonradan "humanitar fəlakət" kimi təqdim olunsun.

Aİ bütün bu faktları çox yaxşı bilir. Amma görməzlikdən gəlir. Niyə? Cavab sadədir: bu sənəd analitik deyil, siyasi xarakter daşıyır. "Köçürülmə" ifadəsi hüquqi termin deyil, diplomatik manipulyasiyanın alətidir. Daha da təəccüblüsü, sənəddə ötən əsrin sonlarında İrəvandan və digər bölgələrdən deportasiya edilən 300 min azərbaycanlıya bir cümlə belə ayrılmayıb. Bu, sadəcə zəif analitika deyil - bərabər yanaşma prinsipinin açıq şəkildə pozulmasıdır.

Daha paradoksal olan məqam odur ki, 2025-ci ildə Aİ hələ də "Dağlıq Qarabağ" terminini diriltməyə çalışır. Halbuki bu ifadə nə hüquqi, nə siyasi müstəvidə artıq mövcud deyil. Hər bənddə dövlət suverenliyi və ərazi bütövlüyünə hörmət çağırışı edən Avropa İttifaqı, paradoksal şəkildə, bu prinsipləri öz sənədində pozur. Məntiqi ziddiyyət üzərində qurulan diplomatiya isə bəzən silahlı münaqişədən də sürətlə böhrana aparır.
Bu ifadələr sadəcə ritorik səhv deyil. Onlar hazırkı sülh prosesinə birbaşa zərbədir. Xüsusilə də nəzərə alsaq ki, bu ilin avqustunda Vaşinqtonda ABŞ prezidenti Trampın vasitəçiliyi ilə misilsiz irəliləyiş əldə olunmuşdu: sülh sazişinin mətni paraflanmış, kommunikasiyaların açılması barədə razılıq əldə edilmişdi. Onilliklərdən sonra ilk dəfə bölgə real sabitlik trayektoriyasına çıxmaq imkanı qazanmışdı. Amma Aİ-nin dekabr sənədi bu prosesə əngəl rolunu oynayır, əgər demək mümkündürsə, açıq sabotaja çevrilir.

Daha da narahatedici məqam - Monte Melkonyan adına Ermənistan Hərbi Məktəbinin Avropa təlim mərkəzləri şəbəkəsinə qoşulması təşəbbüsüdür. Bu, təkcə simvolik məsələ deyil. Melkonyan "milli qəhrəman" kimi təqdim olunsa da, o, başqa bir dövlətin ərazisində silahlı əməliyyatlarda iştirak etmiş, ağır cinayətlərdə adı hallanan şəxsdir. Belə bir fiqurun legitimləşdirilməsi Avropa dəyərləri ilə köklü surətdə ziddiyyət təşkil edir və Aİ-nin xarici siyasətinin mənəvi dayaqlarını sarsıdır.

Sənəddəki ən ciddi problemlərdən biri isə Azərbaycanın təhlükəsizliyinin tamamilə gözardı edilməsidir. Aİ İrəvanın humanitar arqumentlərini detallı şəkildə təqdim etsə də, 30 il ərzində Azərbaycanın ərazisində mövcud olmuş silahlı erməni dəstələri, minlərlə mülki şəxsin həyatına son qoyan mina problemi, 2023-cü ilə qədər davam edən diversiya fəaliyyətləri barədə bir kəlmə də yoxdur. Halbuki beynəlxalq hüquqa görə, məhz bu amillər regionun təhlükəsizlik balansının əsas göstəricisidir.

Belə birtərəfli yanaşma vasitəçilik ideyasının özünü mənasızlaşdırır. Aİ bu cür sənədlərlə neytral moderator statusunu itirir və faktiki olaraq yalnız bir tərəfin maraqlarını ifadə edir. Nəticədə, bu cür ritorika İrəvanda revanşist meyilləri daha da gücləndirir, beynəlxalq dəstək illüziyası yaradır. Halbuki region uzun illərin durğunluğundan çıxaraq sülh üçün real zəmin formalaşdırmağa başlamışdı.
Xüsusi diqqət tələb edən digər məsələ sənəddə yer alan "erməni əsirlərin və saxlanılanların azad edilməsi" çağırışıdır. Hüquqi baxımdan bu ifadə tamamilə yanlışdır. Azərbaycanda "əsir" yoxdur. Burada söhbət terror, qətl və qanunsuz silahlı fəaliyyətlərdə iştirak etmiş şəxslərdən gedir və onların statusu həm milli, həm də beynəlxalq hüquqla müəyyənləşdirilib. Aİ-nin bu məsələni faktiki baza olmadan sənədə daxil etməsi, hüquqi mövzunu siyasi təzyiq alətinə çevirməsi deməkdir. Bu isə suveren işlərə müdaxilə prinsipini pozur və təhlükəli manipulyasiya zəmini yaradır.
Sənəddə "beynəlxalq məhkəmələrin qərarlarının tam və dərhal icrası" barədə müddəanın yer alması da az sual doğurmur.

Bu ifadə zahirən hüquqa sadiqlik kimi səslənsə də, əslində yalnız nəzəri səviyyədə mənalıdır. Hansı qərarlar? Hansı orqanların? Hansı şərhlər nəzərdə tutulur? Bu qədər qeyri-müəyyənlik İrəvana geniş manevr sahəsi yaradır. Ermənistan istənilən məhkəmə ifadəsini öz xeyrinə yozaraq, hətta regionun real vəziyyəti ilə əlaqəsi olmayan qərarları belə siyasi şantaj alətinə çevirə bilər. Hüquqi baxımdan Avropa İttifaqı belə bulanıq terminologiyadan yayınmalı, əməkdaşlıq sənədini yeni gərginlik mənbəyinə çevirməməli idi.

Sənədə geosiyasi prizmadan baxanda isə mənzərə daha da aydın görünür.
Bu sənəd Aİ-nin Ermənistandakı fəallığının artması ilə tam uyğunluq təşkil edir. Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki hərbi müşahidə missiyasının genişləndirilməsi, "missiya nə qədər lazım olsa qalacaq" tipli bəyanatlar və s. - bütün bunlar sülh sazişi layihəsi ilə açıq ziddiyyət təşkil edir. Çünki həmin layihə Ermənistanın xarici hərbi təsir və təzyiq alətlərindən imtina etməsini nəzərdə tutur. Beləliklə, Aİ faktiki olaraq öz hərbi mövcudluğunu o ərazidə möhkəmləndirir ki, orada eyni zamanda "vasitəçi" rolunda çıxış etmək iddiasındadır. Bu vəziyyətin özü ziddiyyətin mənbəyidir.
Siyasi müstəvidə məsələ daha açıq görünür: Aİ Ermənistan ətrafında geosiyasi "sığorta sistemi" qurur, onu Avropanın təhlükəsizlik arxitekturasının tərkib hissəsinə çevirməyə çalışır. Amma bu arxitektura bir əsas faktoru nəzərə almır: regionda dayanıqlı sülh yalnız Bakı-İrəvan münasibətlərinin normallaşması ilə mümkündür. Və bu normallaşma kənar təzyiq, yaxud artıq tarixə qovuşmuş mövzuların dirildilməsi ilə deyil, qarşılıqlı etimad və reallıq əsasında baş tuta bilər.

Bəs bu proses niyə məhz indi baş verir? Cavab aydındır: Avropa İttifaqı ABŞ-ın təşəbbüsünü ələ keçirmək istəyir. Avqustda Vaşinqtonda əldə olunan real irəliləyiş - illər sonra ilk dəfə tərəflərin sülh müqaviləsi istiqamətində ciddi addım atması - Brüsseli kölgədə qoydu. Elə dekabrın 2-də imzalanan yeni Ermənistan-Aİ sənədi də Brüsselin Cənubi Qafqazda "yenidən əsas oyunçu" statusunu bərpa etmək cəhdidir. Amma bu cəhd təkcə uğursuz deyil, həm də regionun diplomatik balansına zərbə vurur, sülh sazişinin imzalanmasını ləngidə bilər.

Ermənistan isə bu prosesdən maksimum yararlanmağa çalışır. O, Qərb strukturlarına mümkün qədər dərindən inteqrasiya etməyə, Moskvadan uzaqlaşma görüntüsü yaratmağa və öz "siyasi səlahiyyətliliyini" süni şəkildə artırmağa cəhd edir. Lakin reallıq ondan ibarətdir ki, Ermənistan regionda hər hansı layihəyə Azərbaycanın və Türkiyənin iştirakı olmadan qoşula bilməz. Nəqliyyat asılılığı, enerji təchizatı məhdudiyyəti, dənizə çıxışın olmaması - bunlar siyasi şüarlar deyil, coğrafi faktlardır. Bunu beynəlxalq enerji xəritələri, nəqliyyat dəhlizləri və tranzit statistikasının hamısı təsdiqləyir. Bakı və Ankara olmadan Ermənistanın "inteqrasiya planları" kağız üzərində qalan, praktiki nəticəsi olmayan ideyalardır.

Dekabr sənədinin nəticələrini düzgün qiymətləndirmək üçün onu təkcə ikitərəfli dialoqun epizodu kimi yox, daha geniş bir siyasi sxemin tərkib hissəsi kimi oxumaq lazımdır.
Aİ uzun illərdir postsovet məkanında möhkəmlənmək üçün üç vasitədən istifadə edir: müşahidə missiyaları, humanitar diskurs və hibrid yardım proqramları. Ermənistan bu baxımdan Aİ üçün "ideal platformadır" - siyasi motivasiyalı, konfliktli və geostrateji baxımdan zəif. Amma Aİ-nin problemi ondadır ki, o, hələ də 2010-cu illərin şablonları ilə işləyir. O dövrdə "neytral vasitəçilik", "Avropa dəyərlərinə əsaslanan diplomatiya" və "yumşaq güc" anlayışları hələ müəyyən çəkisi olan terminlər idi. 2025-ci ilin reallıqları isə tam fərqlidir.

Region artıq köklü şəkildə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, qanunsuz rejimi ləğv edib, sərhədlərini sabitləşdirib və beynəlxalq hüquq normaları üzərində dayanan təhlükəsizlik modelini qurub. Üstəlik, Bakı iqtisadi, enerji və tranzit sahələrində elə bir səviyyəyə çatıb ki, bu gün onu Şərq-Qərb arxitekturasının əsas dayağı hesab etməmək mümkün deyil. Əgər Aİ həqiqətən strateji sabitliyə nail olmaq istəyirsə, məhz bu reallıqlardan çıxış etməlidir.

Amma 2 dekabr sənədi bunun əksini göstərir. Onun ritorikası elə təəssürat yaradır ki, guya hələ də 1990-cı illərin qaydaları qüvvədədir: guya "mübahisəli ərazi" mövcuddur, guya erməni əhali "qurban" rolundadır, sanki status-kvonu pozan separatizm və işğal deyil, öz suverenliyini bərpa edən Azərbaycandır. Bu cür təhrif olunmuş təsvirlər təkcə səhv deyil, həm də təhlükəlidir - çünki onlar İrəvana diplomatik təzyiq alətlərinə yenidən qayıtmaq imkanı yaradır.

Sənədin iqtisadi bölməsi də diqqətəlayiqdir. İlk baxışdan o, zərərsiz görünür: tərəfdaşlığın genişlənməsi, sektoral islahatlar, viza rejiminin liberallaşdırılması, kibertəhlükələrə qarşı mübarizənin gücləndirilməsi. Amma bu formal bəndlərin arxasında Avropa İttifaqının Ermənistana həm siyasi, həm də maliyyə dəstəyi dayanır - xüsusilə, "informasiya və hibrid təhdidlərə qarşı mübarizə" üçün ayrılan 15 milyon avro. Rəsmi baxımdan bu, "demokratikləşməyə dəstək" kimi təqdim olunur, əslində isə Ermənistanın Qərb, Moskva və Tehran arasında geopolitik manevrlər mərhələsinə keçdiyi bir vaxtda, onun daxili siyasi infrastrukturlarına investisiya kimi dəyərləndirilə bilər.

Bu dəstək təkcə rəmzi xarakter daşımır. O, həm siyasi asılılıq yaradır, həm də ən əsası - Ermənistana elə bir illüziya aşılayır ki, guya Bakı ilə danışıqları qarşılıqlı etimad əsasında deyil, xarici təminatlar üzərində qura bilər. Halbuki sülh prosesi yalnız bir halda mümkün ola bilər - tərəflərin birbaşa, bərabər və reallığa əsaslanan dialoqu ilə. Avropa İttifaqının bu cür yanaşması həmin məntiqi pozur, sülhün mahiyyətini siyasi alver predmeti halına gətirir.

Aİ sənədində başqa bir tendensiya da açıq sezilir - regionun prioritetlərinin "yenidən yazılması". 

Bu gün Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin əsas halqası, Cənubi Avropaya qaz ixrac edən ən iri tədarükçü, enerji bazarının sabitlik dayağı və İtaliya, Macarıstan, Rumıniya kimi ölkələrin strateji tərəfdaşıdır. Amma Aİ-nin dekabr sənədində bu obyektiv reallıqlardan bir cümlə belə yoxdur. Halbuki 2022-ci ildə Avropa Komissiyasının prezidenti açıq şəkildə "Azərbaycanla strateji enerji tərəfdaşlığını möhkəmləndirməyə" çağırır, Bakını Avropanın enerji təhlükəsizliyinin "əsas sütunlarından biri" adlandırırdı. İndi isə, cəmi üç il sonra, eyni Avropa İttifaqı öz maraqlarına zidd, siyasi motivli ritorikaya meyl edir.

Bu ziddiyyət - diplomatik ritorika ilə real geosiyasət arasındakı uçurum - sənədi sadəcə yanlış yox, həm də zərərli edir. O, Aİ-nin bölgədəki təsirini artırmır, əksinə, zəiflədir. Çünki sənəd Brüsselin uzaqgörənlikdən uzaq, strateji ardıcıllıqdan məhrum siyasət yürütməsini nümayiş etdirir. Sülh prosesi qeyri-müəyyənliyi qəbul etmir, təhlükəsizlik emosional cümlələr üzərində qurulmur, diplomatiya isə özünün pozduğu prinsiplərə söykənə bilməz.

Bu sənədin təhlilindən çıxan əsas nəticə budur: Avropa İttifaqı bu gün vasitəçi kimi deyil, siyasi oyunçu kimi davranır. Məqsəd - Ermənistanda möhkəmlənmək və oradan regiona təsir imkanlarını genişləndirməkdir. Amma bu strategiyanın qiyməti yüksəkdir: etimadın sarsılması, yeni yaranan sülh mühitinə təzyiq və gərginliyin yenidən alovlanması riski. Halbuki sülh - deklarasiya deyil, konkret razılaşmalar sistemidir. Hər sözün çəkisi var və hər səhv ifadə böyük nəticələrə gətirib çıxara bilər.
Azərbaycanın mövqeyi isə birmənalıdır. Heç bir beynəlxalq qurumun bizim ölkə haqqında ittiham dolu leksika işlətmək, postmünaqişə reallıqlarını təhrif etmək, hüquqi anlayışları siyasi ritorika ilə əvəzləmək və illərlə azərbaycanlıların yaşadığı humanitar faciələri görməzdən gəlmək hüququ yoxdur.
Əgər Avropa İttifaqı həqiqətən sülh prosesinin bir parçası olmaq istəyirsə, o zaman bu sənədə yenidən baxmalı, faktiki əsası olmayan ifadələri çıxarmalı, beynəlxalq hüquqa zidd terminologiyadan imtina etməli və müzakirələri reallıqlar zəmininə qaytarmalıdır. Ancaq bu yolla yeni səhvlərin qarşısını almaq mümkündür.

Region yeni mərhələyə qədəm qoyub. Vaşinqtonda atılmış mühüm addım sülh sazişinə aparan qapını real şəkildə açıb. İndi kim bu prosesi yavaşıtmağa çalışırsa, o, dolayı yolla potensial risklər və gərginliklərə görə məsuliyyət daşıyır.

Avropa İttifaqının hələ də fürsəti var - praqmatizmə və beynəlxalq hüquqa hörmət prinsipinə qayıtmaq üçün. Amma zaman sürətlə daralır. Cənubi Qafqaz dəyişir, və bu yeni reallıqlar fonunda keçmişin illüziyaları ilə yaşayan hər kəs gec-tez real siyasətin kənarında qalacaq

Elçin Alıoğlu

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.