Səyahət planlaşdırarkən düzgün otel seçimi ən önəmli məqamlardan biridir. Rahat və istədiyiniz kimi bir otaq tapmaq, səfər təəssüratlarınızı birbaşa formalaşdırır. Təsəvvür edin, uzun gəzintidən sonra dincəlmək üçün otelə qayıdırsınız, amma pəncərəniz səs-küylü küçəyə açılır və otaq gözləntilərinizi qarşılamır. Belə hallar sizi məyus edə bilər.
Bu cür xoşagəlməz sürprizlərlə qarşılaşmamaq üçün aşağıdakı tövsiyələrə əməl etməyiniz tövsiyə olunur:
Otağı birbaşa oteldən bron edin
Otelin rəsmi saytı və ya birbaşa əlaqə nömrəsi vasitəsilə rezervasiya etmək, daha yaxşı şərtlərlə otaq seçməyinizə imkan verir. Sayt vasitəsilə deyil, otelin öz nümayəndəsi ilə telefonla əlaqə qurmaq əlavə imkanlar təqdim edə bilər - məsələn, transfer xidməti, restoranda masa rezervasiyası və ya şəhərdə gəzinti üçün tövsiyələr.
Daimi müştərilər və loyallıq proqramı iştirakçıları tez-tez otaq yenilənməsi (upgrade) kimi üstünlüklərdən yararlanırlar.
Ən yaxşı nəticə üçün bronunuzu səyahətdən 4-8 həftə əvvəl edin.
İstəklərinizi əvvəlcədən bildirin
Rezervasiya zamanı hansı şəraitin sizin üçün daha vacib olduğunu açıq şəkildə qeyd edin: gözəl mənzərə, sakitlik, liftə yaxınlıq, ya da əlavə çarpayı. Bütün istəkləri eyni anda qarşılamaq çətin ola bilər, buna görə də öncədən nəyi prioritet saydığınızı müəyyənləşdirin.
Əgər səfər zamanı xüsusi bir günü qeyd edəcəksinizsə, bunu da əvvəlcədən bildirin - bəzi otellər bu münasibətlə sizə xoş sürprizlər edə bilərlər.
Loyallıq proqramlarına qoşulun
Böyük otel şəbəkələri müştərilərə sadiqlik proqramları təqdim edir. Bu proqramlarda iştirak edənlər daha sərfəli qiymətlər, pulsuz xidmətlər və əlavə üstünlüklər əldə edə bilirlər. Toplanan ballar gələcək səfərlərdə daha keyfiyyətli otaqlara çevrilə bilər.
Yola düşməzdən əvvəl zəng edin
Səyahət günündə, səhər saatlarında otellə əlaqə saxlayaraq rezervasiyanızı xatırlatmağınız tövsiyə olunur. Bu zaman otaqların bölüşdürülməsi yeni başladığı üçün sizin istəklərinizə uyğun seçim şansı daha yüksək olur.
Düzgün vaxtda gəlin
Otelə yerləşmək üçün ideal vaxt - saat 16:45-dən 18:00-dəkdir. Çox erkən gəlmək sizi hazır olmayan otaqlarla üz-üzə qoya bilər, gecikmək isə seçim imkanlarını azaldır. Pik saatlar (səhər 08:00-09:30 və axşam 18:00-20:00) zamanı isə qeydiyyat masalarında növbələr ola bilər.
Nəzakətli və mehriban olun
Qeydiyyat zamanı mehriban davranmaq və personal ilə ünsiyyət qurmaq gözlənilməz üstünlüklər qazandıra bilər. Onlar boş olan ən yaxşı otaqlar barədə sizə məlumat verə və ehtiyac olduqda təkmilləşdirilmiş variantlar təklif edə bilərlər.
Xarici səfərlərdə isə bir neçə sadə cümlə ilə yerli dildə danışmaq sizi daha səmimi və diqqətəlayiq qonaq kimi göstərə bilər.
Bu tövsiyələrə əməl etməklə siz yalnız komfortlu otaq deyil, ümumilikdə daha xoş və yadda qalan bir istirahət təcrübəsi əldə edə bilərsiniz.
Kənan
Milli.Az