Mütəxəssislər isti havalarda rahat yuxu üçün tez-tez istifadə olunan "ventilyator"un gözlənilməz sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Bu vərdişin hansı risklər daşıdığını nəzərə almaq vacibdir.
Milli.Az xəbər verir ki, isti yay gecələrində sərinləmək istəyən bir çox insan çıxış yolunu "ventilyator" işlətməkdə görür. Lakin mütəxəssislərin fikrincə, bu vərdiş sağlamlıq üçün bəzən ciddi fəsadlar yarada bilər. Xüsusilə cihazların gecə boyunca fasiləsiz işlədilməsi, fərq edilmədən bədənə təsir edən bəzi problemlərə yol aça bilər.
Uzmanlara görə, "ventilyator"dan gələn daimi hava axını dəridə sərinlik hissi yaratsa da, burun yollarında və boğazda quruluq yarada bilər. Bu quruluq tədricən tənəffüs yollarında daha qalın selik təbəqəsinin əmələ gəlməsinə səbəb olaraq öskürək, boğaz ağrısı və burun tutulması kimi şikayətləri artıra bilər. Quruyan hava yolları allergen və qıcıqlandırıcı maddələri daha asan tutduğu üçün allergik bünyəyə sahib şəxslərdə bu təsirlər daha da güclü hiss oluna bilər.
"Ventilyator"ların digər mənfi təsiri isə yataq, xalça və digər səthlərdə olan toz, polen və tük kimi mikroskopik hissəcikləri havaya qaldırmasıdır. Gecə boyunca bu hissəciklərin nəfəs yoluyla qəbul edilməsi, xüsusilə astma xəstələri və yüngül allergiyası olan şəxslərdə sinə sıxılması, burun tutulması və səhərlər artan asqırma kimi şikayətlərə yol aça bilər.
Daimi soyuq hava axınının əzələlərə də mənfi təsiri mümkündür. Uzun müddət eyni nahiyəyə yönələn hava axını, əzələ səthinin temperaturunu azaldaraq boyun tutulması, çiyin ağrısı və oynaq narahatlıqları kimi problemlərə zəmin yarada bilər. Ventilyatorun birbaşa insana yönəldilməsi bu riski daha da artırır.
Mütəxəssislər "ventilyator" istifadəsindən tamamilə imtina edilməsini deyil, daha şüurlu istifadənin vacibliyini vurğulayırlar. Məsələn, "ventilyator"u birbaşa yatağa deyil, otağın əks divarına yönəltmək, cihazı yuxudan təxminən 90 dəqiqə sonra avtomatik sönəcək şəkildə proqramlaşdırmaq, gecə boyunca ağız quruluğunun qarşısını almaq üçün yataq yanında bir stəkan su saxlamaq kimi sadə tədbirlərlə narahatlıq riskini azaltmaq mümkündür.
Kondisioner istifadə edənlər üçün isə filtrlərin müntəzəm olaraq təmizlənməsi və ya dəyişdirilməsi çox vacibdir. Eyni zamanda, çarpayı örtüklərinin həftədə ən az bir dəfə yuyulması otaqdakı toz miqdarını azaldaraq daha sağlam yuxu mühiti təmin edə bilər.
İsti havalarda komfort axtarışı başa düşüləndir, lakin sərinləməyin də bir balansı olduğu unudulmamalıdır. Düzgün tədbirlərlə yay gecələrində həm sərin, həm də sağlam yuxu mümkündür./Qaynarinfo
Milli.Az