Hadisə

Hərbi xidmətə çağırışla bağlı qanunsuzluqlara görə 3 şəxs həbs edildi

7 Avqust 2026 16:40
Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Abbasov Nurlan Səxavət oğlu, həmin şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Usubəliyev Şahlar Usubalı oğlu və qeyd edilən bölmənin zabiti İsmayılov Taleh Rizvan oğlunun qanunsuz əməllərinə dair keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, istintaq və əməliyyat-axtarış tədbirləri Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılovun 2025-2026-cı illərdə müvafiq vəzifələrdə işləyərkən xaricdə təhsillə bağlı hüquqi əsas olmadan möhlət hüququnun verilməsi və ölkədən çıxışa məhdudiyyətin tətbiq olunmaması, əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxsin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barələrində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.