Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, "Bolt" şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəza nəticəsində BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov və sərnişin Sevda Həşimova xəsarət alıblar.
Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb.
Məsələ ilə bağlı "İctimai Tv"yə danışan Anar Nəcəfovun gəlini Münəvvər Nəcəfova hadisənin necə baş verməsindən danışıb. M.Nəcəfova qəzanın baş vermə səbəbini qayınatasının səhhəti ilə əlaqələndirib:
"Ayağında sudurqa problem var idi. Həmişə deyirdi ki, ayağımda sudurqa tutur. Biz onunla danışanda dedi ki, sudurqası tutub. Şok keçirib, ayağı qazda ilişib qalıb. Özü də hələ qəzanın şokundadır. Özünün sənəti var idi, taksi işinə srağagün başlamışdı".
Qeyd edək ki, qəza nəticəsində BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov və sərnişin Sevda Həşimova xəsarət alıblar. Onlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Fidan
Milli.Az