Böyük ümidlərlə alınan və ev təmizliyində inqilab edəcəyi düşünülən robot tozsoranlar son zamanlar istifadəçilərin ən çox şikayət etdiyi cihazlara çevrilib. Texnologiya mütəxəssisləri bu cihazların "istifadə müddətinin" gözləniləndən çox daha qısa olmasının əsas səbəblərini açıqlayıblar.
Milli.Az xəbər verir ki, robot tozsoranların çoxu litium-ion batareyalarla işləyir. Lakin bu batareyalar təxminən 1-2 il sonra tutumunu itirməyə başlayır.
Yeni və orijinal bir batareya almaq bəzən tozsoranın yarı qiymətinə başa gəlir. İstifadəçilər isə köhnə cihaza bu qədər pul xərcləmək əvəzinə, onu atıb yenisini almağa və ya klassik tozsorana qayıtmağa üstünlük verirlər.
Xüsusilə ucuz və az tanınan markaların ehtiyat hissələrini (fırçalar, təkərlər, sensorlar) tapmaq demək olar ki, qeyri-mümkündür. Kiçik bir sensor nasazlığı cihazı tamamilə yararsız hala salır.
Robot tozsoranlar proqram təminatı ilə idarə olunur. İstehsalçı şirkət proqram yeniləməsini dayandırdıqda və ya cihazın xəritəçəkmə sistemi xarab olduqda, tozsoran "kor" kimi hərəkət etməyə başlayır və təmizlik funksiyasını yerinə yetirə bilmir.
Bu cihazlar laboratoriya şəraitində test edilsə də, real ev mühitindəki:
- Uzun tüklü xalçalar,
- Heyvan tüklərinin fırçalara dolanaraq motoru yandırması,
- Maye ilə təmas (kiçik bir su damcısı belə anakartı sıradan çıxarır) cihazların ömrünü kəskin qısaldır.
Robot tozsoranların daxili quruluşu çox mürəkkəb və sıx olduğu üçün təmiri çətindir. Ustalar bu cihazları açmaq və təmir etmək üçün yüksək xidmət haqqı tələb edirlər ki, bu da bir çox hallarda iqtisadi baxımdan səmərəli olmur.
Lalə Qüdrətova
Milli.Az





